(Professor Məcid İsmixanovun 80 illiyinə)
Telefonum zəng çaldı, götürdüm, səs mənə tanış gəldi, bəlkə də heç zaman danışmadığım tanışımın idi və bu “heç zamana” təəssüfləndim: bu da bir soyuqluq əlamətiydi – gizlətməyə hacət yoxdur, sonra da yaşlı nəsil gənclərdən gileylənir, gedib “atalar və oğullar” gerçəkliyinə çıxırıq. Biz nəsil belə doğulmamışıq, axı. Bəs səbəb nədir? Başlıcası qayğılarımızın günbəgün başımız üstündə asılmasıdır. Güman bu da keçib gedəcək: həmişə bu məsələyə nikbin baxmışam, görünür, qəfil zəngə reaksiya verməyim belə bir inamın məntiqiymiş.
– Salam, Məcid müəllim. – Onu qabaqladım. O isə bir qədər tərəddüddən sonra dedi:
– Allahverdi müəllim, gözləməzdim Siz səsimi tanıyasız. – Azca susdu, güman elədim ki, bu səs Məcid müəllimi ani olaraq ötən on illərin xatirəsinə, ötən əsrin 60-cı illərinə aparmışdır. Hər ikimizi cüzi kurs fərqiylə keçmiş məşhur Azərbaycan Pedaqoji İnstitutunda təhsil aldığımız illərə qaytarmışdır. Əslində, mən də o nostalji hissləri yaşadım.
… Mən 1959-1964-cü illəri (eləcə də Məcid İsmixanov) APİ-nin Bakıxanov küçəsində yerləşən məşhur yataqxanasında qalırdım. Tələbələr – bizlər, hər gün, hər saat görüşürdük, ünsiyyətdə olurduq. Maraqlı söhbətləri, elmi mübahisələri, müzakirələri bir yerdə aparırdıq, heç vaxt sərt məqamları bir-birimizə rəva görmürdük. Axşamlar yataqxananın bağçalı, ağaclı həyətində gəzişir, kiçicik futbol meydançasında futbol oynayan yoldaşlarımıza azarkeşlik edirdik. Yalnız meydançanın ortasından keçən tramvay xətti və onun üzərində yırğalanan tramvay oyunu dayandırırdı. Bu gün ən qədim və dünyanın ən möhtəşəm şəhərlərində qorunub saxlanılan tramvay nəqliyyat vasitəsi yadigardır, bizim başbilən rəsmilərimiz tramvayları məhv etdilər, xəcalət çəkmədilər də… Nə yaxşı insanların, xüsusilə, ziyalıların xatirələrinə müdaxilədən çəkindilər, yoxsa dünənimizdə qalan o insanları, müəllimlərimizi, pedaqoq – alimlərimizi elmin gücü ilə unutdurardılar.
Məcid İsmixanovla söhbət edərkən ali məktəb müəllimlərimizi, professorları, elm xadimlərimizi, öncə qayğıkeş müdrikləri hafizəmə gətirdim, kimlər idi bu simalar? Əhməd Seyidov, Mərdan Muradxanov, İsfəndiyar Vəlixanlı, Cəfər İbrahimov, Şövqi Ağayev, Ağamməd Abdullayev, Əbdüləzəl Dəmirçizadə, Əkbər Bayramov, Əbdül Əlizadə, Əhəd Hüseynov… Onlar haqq dünyalarına qovuşsalar da tələbələrinin yaddaşında əbədiləşmişlər, Allah onların qəbrini nurla doldursun.
… Bir gün “Azərbaycan gəncləri” qəzetində “İki bilet” məqaləsi çıxmışdı, imzası APİ-nin tələbəsi Məcid İsmixanov idi. Sensasiya doğurmuşdu, qoyulan məsələnin tərbiyəvi cəhəti: gənclərin saflığı, əqidəsi, düzgünlüyü və s. Xüsusilə, trolleybus və tramvay sürücüləri arasında. Nə idi səbəb?
Tələbə Məcid İsmixanov trolleybusla instituta gedərkən basabasda bilet almağa imkanı olmur. O vaxt həm tramvayda, həm də trolleybusda bilet verən bir nəfər olurdu, qiyməti 2-3 qəpik arasında. Səhərisi Məcid məhz həmin trolleybusa minir və iki bilet alır, pulun qalığını qaytaranda Məcid deyir ki, mən təkəm, amma mənə iki bilet verin. “Niyə belə?” sualı təbii idi. Cavabında bildirir ki, dünən imkan olmadı bilet götürüm, bu pul dünənki gediş haqqımdır…
Bu epizod bəlkə də kimlərə adi görünər, “nə olsun ki!” cavabını səsləndirər. Yox, səhv qənaətdir. Məsələ “3 qəpik” də deyil, bir gəncin, pula ehtiyaclı tələbənin içində olan təmizlikdən, əqidədən gedir.
Maraqlıdır, mən tələbə yoldaşıma söhbəti xatırladanda Məcid müəllimin simasındakı nostalji hisslər oyandı, ağarmış saçlarına əl gəzdirdi, gözləri yol çəkdi. Mən ixtiyarsız onun qamətini, zil qara saçlarını xəyalıma gətirdim. Və kövrəldim, illər öz işini görmüşdü, gənclik coşğunluğumuzu əlimizdən almışdı. Axı, yaşamaq hələ intellektuallıq deyil, bir emosional coşğunluq da var! Müdriklik ömrü udmaq da deyil. Dahi Marks elə-belə yazmamışdır: “İnsan yalnız təfəkkürü ilə deyil, bəlkə də bütün hissləri ilə şeylər dünyasında özünün insanlığını təsdiq edir”.
İnsan əlbəttə, daima hərəkətdə və mübarizədədir – başqa yolu yoxdur, xüsusilə, alim – pedaqoqlar, onlar üçün bu amal əbədi hissdir, intəhasız peşədir, sənətdir. Mən ikinciyə üstünlük verirəm, çünki pedaqogika elmi, yaşamaq və ya yaşatmaq sənətidir, burada həm emosional, həm də zehni hərəkət birləşir. Deməli, sənətimizin vəzifəsi sadəcə tərbiyə vermək yox, inkar, yaxud təsdiq yolu ilə əks etdirməkdir. Pedaqoq çağdaş mürəkkəb həyatın olayları içərisindən hətta vaxtı ötmüşlərlə bərabər yenilikləri də nəzərə alır, mahiyyətli cəhətlərinə varır və şəxsiyyəti birinci plana çəkir.
Mən belə bir qənaətimə gəlməyimdə haqlıyam: elmdə imzası seçilən, addım-addım yüksələn və yüksəldikcə insana yaxınlaşan, ömrünü bu sənətin ecazkarlığına bağlayan pedaqoji elmlər doktoru, professor Məcid İsmixanovun nəzəri və praktik fəaliyyəti danılmazdır. Təəssüf edirəm ki, yüksək elmi dairədə pedaqogika elminə soyuq yanaşanlar yox deyil, özləri öz nəticələrinin səbəblərini izah etməkdə çətinlik çəkirlər – həqiqətdir bu və şəxsi müşahidələrimin pıçıltısıdır. Pedaqoqların üstünlüyü həm davranışlarında, həm də öyrətmək sənətində özünü büruzə verir: onlar – pedaqoq – müəllimlər yüksək mədəniyyətə və estetik zövqə, mürəkkəb ideyaları gənc nəslə aşılamaqda, cəmiyyətdə baş verən proseslərə çevik münasibətdə irəlidə getmişlər, sarsılmamışlar, rəsmi nüfuzlular qarşısında sınmamışlar. Görünür, bunun səbəbindəndir ki, tərbiyə – təhsil – öyrətmə təmayüllü ali məktəblərə birinci şəxs – pedaqoq vəzifəsi hələ də təyinat almamışdır, dəxli olmayan peşə – ixtisas sahibləri pedaqoqluq etmişlər, bu seçimi mən paradoks hesab edirəm bu gün də. Belə bir real və məntiqi gedişi çox simalarda axtarmışam.
Professor Məcid İsmixanovun keçdiyi həyat yolu başdan – binadan ibrət məktəbidir. Adi ailədən çıxıb yüksək tərbiyə almış, məhz pedaqoqluq sənətini seçmiş, M.Muradxanovun, İ.Vəlixanlının, Sədi Əfəndiyevin, Şövqi Ağayevin, Əbdül Əlizadənin və başqa müqtədir alimlərin xeyir-duası ilə aspiranturada təhsilini davam etdirmişdir.
Bir qısa haşiyə: Məcid İsmixanov II Dünya savaşına, yəni Böyük Vətən müharibəsinə bir il qalmış Quba rayonunda doğulmuşdur. Bu bölgə o vaxtlar Qonaqkənd adlanırdı. 1958-1962-cı tədris illərində xatırlatdığım kimi, ADPİ-də təhsil almış, fərqlənmə diplomu ilə bitirmiş, institutda assistent – müəllim kimi saxlanılmışdır. O illərdə hər məzuna yalnız “fərqlənmə”silə etimad göstərilmirdi. İl boyu onun həm ictimai fəaliyyəti, xüsusilə, elmə ciddi marağı və səriştəsi nəzərə alınırdı. M.Muradxanovun, Əhməd Seyidovun, İ.Vəlixanlının, Şövqi Ağayevin və digər nüfuzlu alimlərin müsbət fikri həlledici olurdu (Heyif ki, bu gün belə bir obyektiv meyar aradan qaldırılmışdır, formal qiymətlər ortaya atılmışdır). Belə bir etimadı doğrultmaq lazım gəlirdi. Məcid İsmixanov istedadı və bacarığı, zəhmətsevərliyi və iradəsi naminə öz sözünü dedi. Pedaqoji ruhlu məqalələri qəzetlərdə, jurnallarda çap olunur, bəzən bu gəncin ortaya atdığı problemlər kafedrada müzakirə obyektinə çevrilirdi. Bu yanaşma həm də diqqətlilik əlamətiydi.
“İbtidai təhsil pedaqogikası” kafedrasında son dərəcə işgüzar alimlər çalışırdılar. M.İsmixanov bu yaşında da onları hörmətlə xatırlayır. Mən qürurlanıram ki, həmin simalar vaxtilə mənim də müəllimlərim olmuşlar və bu borcumu cüzi də olsa yerinə yetirməyə çalışmışam. M.Muradxanov, Ş.Ağayev, A.Abdullayev, Ə.Əlizadə, Yusif Talıbov və başqaları haqqında oçerklər qələmə almışam.
Ordudan (1962-1964) qayıtdıqdan sonra baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. Tədqiqatlarının dairəsini genişləndirmişdir. Belə ki, 1968-ci ildə “Azkomplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. Bir il sonra dosent, 2003-cü ildə professor kimi çalışmışdır. Hazırda BDU-nun professoru olaraq fəaliyyətini davam etdirir.
Professor M.İsmixanov heç bir halda vəzifə aludəçiliyinə vurulmamışdır. İtalyan rejissoru Fellini demişkən “Mən axtarmıram, tapıram” həqiqətini gözləmişdir. 1982-1987-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalında redaktor vəzifəsində işləmişdir. Bu sətirlərin müəllifinin fəaliyyətinin müəyyən bir qismi (1974-1976) məhz bu “ana” jurnalla bağlı olmuşdur. Geniş diapozonlu dərginin profil istiqamətinin formalaşmasında Məcid müəllimin xüsusi xidmətini qeyd etməliyik. Bu zaman kəsiyində biz redaksiyada tez-tez görüşürdük, fikir mübadiləsi aparırdıq. O, məqalələrin profil istiqamətilə yanaşı, elmi strukturuna və üslubuna da diqqət yetirirdi. Jurnal Məcid müəllimin eyni zamanda jurnalistik səriştəsini reallaşdırırdı.
1987-ci ildən həyatını BDU-ya bağlayan professor Məcid İsmixanovla söhbətimizdə o, maraqlı, işgüzar və elmi səriştəli kafedrada – “Pedaqogika”da məmnunluqla çalışdığını vurğulayır, güclü potensiala malik olduğunu unutmur və xatırlayır. Az-çox mənim də məlumatım var ki, professorlardan L.Qasımova, H.Əlizadə, dosentlərdən S.Allahverdiyeva, R.Bəxtiyarova və digərləri alimliklə, müəllimliklə yanaşı son dərəcə səmimi dost, həmkardırlar, mənfi emosiyalardan uzaqdırlar. Mən insanlıq faktorunu alimlikdən heç də az qiymətləndirmirəm. Antik filosoflardan tutmuş yazıçılaracan insanlığı ön planda vermişlər. Volter Skott əbəs yazmamış ki, əzizim, yaxşı insan ol, fəzilətli insan ol! Yatağa düşdüyün zaman bundan artıq heç bir şey sənə təsəlli verməyəcəkdir.
(Ardı var)
Allahverdi Eminov