“Bir nazirlik tələbələri qəbul edir, dinləyir, digər nazirlik isə həbs edir” – QUBAD İBADOĞLU

57

“15 sutka inzibati həbs cəzası kəsilmiş Rüstəm İsmayılbəyli  dərhal həbsdən azad edilməlidir”

“Təhsil haqqını ödəyə bilməməsindən  şikayətlənən tələbələr 700 manat cərimələnib. Adətən belə tələbələrə  başqa ölkələrdə güzəşt, Azərbaycanda isə cərimə və həbs verirlər. Qəribə ölkədə yaşayırıq, təhsil haqqını ödəmək imkanı olmadığından şikayət edən  5 tələbə bütövlükdə  700 manat cərimə olunur.  Bundan əlavə, tələbələrdən biri Rüstəm İsmayılbəyli də 15 sutka inzibati həbs cəzası alıb”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Elə bil ki, hər nazirlik ayrıca bir hakimiyyətə bağlıdır”

İbadoğlu qeyd edib ki, Rüstəm İsmayılbəylinin adı ilk dəfə  hazırda İsveçrədə xərçəng xəstəliyindən müalicə alan Mehman Hüseynov həbsdə olarkən ona dəstək verilməsi üçün keçirilmiş aksiya ilə bağlı hallanmışdı: “Bu dəfə də etirazçı digər tələbələrlə birlikdə Təhsil Nazirliyində qəbul edilmiş və dinlənilmişdir. Baxın, bir nazirlik tələbələri qəbul edir, dinləyir, digər nazirlik isə həbs edir. Elə bil ki, hər nazirlik ayrıca bir hakimiyyətə bağlıdır və fərqli yerlərdən idarə olunur”.

“Tələbələrin 700 manatlıq cəriməsinin ödənilməsi üçün ictimai kampaniya başlamalıdır”

Q. İbadoğlunun sözlərinə görə, pandemiya dövründə dərslərin onlayn keçirilməsi və keyfiyyətinin aşağı düşməsi yalnız Azərbaycanda deyil, ABŞ-da da tələbələri narazı salıb: “Hazırda mənim çalışdığım Rutgers Universitetində də tələbələr təhsil haqlarının azaldılmasını tələb ediblər. Onların şikayəti buna əsaslanır ki, hər zaman onlayn və auditoriyada canlı dərs götürməyin qiyməti fərqli olub, odur ki, Universitet təhsil haqlarında tələbələrə güzəşt etməlidirlər. Əks təqdirdə əgər onlayn dərslər davam edəcəksə, o halda tələbələrin bəziləri akademik məzuniyyət götürməyi planlaşdırır. Yaxın vaxtlarda ABŞ Universitetləri tələbələri narahat edən bu və digər məsələlərə dair yekun qərar verəcəklər. Odur ki, Azərbaycan Təhsil Nazirliyi də tələbələrin müraciətinə baxıb münasibət bildirməli, 15 sutka inzibati həbs cəzası kəsilmiş Rüstəm İsmayılbəyli  dərhal həbsdən azad edilməlidir. Onun və digər tələbələrin təhsil haqqının ödənilməsi məsələsinə  Universitetlərə pandemiya ilə əlaqədar ayrılmış 40 milyon manatlıq maliyyə yardımı çərçivəsində  baxılmalı və onların problemləri həll edilməlidir. Nəhayət, tələbələrin 700 manatlıq cəriməsinin ödənilməsi üçün ictimai kampaniya başlamalıdır”.

Şamo EMİN, Hurriyyet.org