Bir millət, iki bayraq: Azərbaycanda formalaşan yeni bayraq fenomeni, tarixi köklər

363

Dilavər Əzimli: “Azərbaycan türkləri ilə Osmanlı türkləri eyni ata-anadandır, ikisi də Oğuzdur”

Azərbaycan vətən müharibəsini yaşamaqda və torpaqlarının 20 faizini  30 illik işğaldan azad etməklə ərazi bütövlüyünü təmin etməkdə ikən həm ordu, həm də xalq olaraq tarix yazır. İnsanlar Ali Baş Komandanın ətrafında sıx birləşərək ordu üçün, cəbhə üçün əlindən gələni edir. Sosial şəbəkələrdə fenomenlər yaranır, ayağında ayaqqabısı köhnəlmiş yaşlı baba aldığı təqaüdü orduya  yazdırır, insanlar əsgərlərin keçəcəkləri yolları bir an olsun boş qoymur, əllərində sovqatlarla onlara dəstəyini bildirirlər.

Daha bir ənənə isə Azərbaycanın, xüsusən də paytaxt Bakının bütövlükdə bayraqlara bürünməsidir.  İnsanlar evlərindən, binaların eyvanlarından, ofis binalarından, avtomobillərindən bayraqlar asır, vətənpərvərlik ruhunu ifadə edirlər. Diqqət çəkən məqam isə Azərbaycan və Türkiyə bayraqlarının hər yerdə qoşa asılmasıdır. Bu savaşda Türkiyə Azərbaycanı tək qoymadığı kimi, ona mənəvi dəstək olduğu kimi, xalqımız da Azərbaycan bayrağını tək yox, qardaş ölkənin bayrağı ilə birgə asır. Necə deyərlər, bir millət, iki bayraq olaraq birliyini ifadə edir. Ekspertlər deyir ki, bu birliyin, bayraqlarımızın qoşa dalğalanmasının tarixi kökləri var.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hələ Azərbaycan hərbi əməliyyatlara başlamazdan öncə də bu ənənə var idi: “Hər iki ölkədə qardaş dövlətin bayrağına olan sevgi ilə bağlı sosial eksperimentlər keçirilmişdi və məlum oldu ki, kimsə bu iki bayrağa toxuna bilməz. Bu gün də şəhərin küçələrində müşahidə edirik ki, hər yerdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da asılıb. ”Bir millət, iki dövlət” deyiminə əsaslansaq, dövlətin əsas atributu da məhz bayraqdır. Ona görə bu ənənəni yalnız alqışlamaq olar. Hətta bu günlərdə bir şəhidin dəfnində də Azərbaycan bayrağı Türkiyə  bayrağı ilə qoşa asılmışdı. Ev sahibi dedi ki, əvvəlcə Türkiyə bayrağını tapa bilmədiyi üçün tək bayraq asıbmış, sonra isə qınağa tuş gəlib ki, niyə üçrəngli bayrağımız tək asılıb, yanında Türkiyə bayrağı yoxdur.

Akif Nağı: “Orda mənim vəhşi obrazımı yaradıblar” – Müsahibə

Akif Nağı

Məcbur olub şəhərdən kənarda yerləşən ticarət mərkəzindən bayraq tapıb gətirib. Bu gün Türkiyəyə olan sevginin kökündə həm də qardaş dövlətin daim Azərbaycanı dəstəkləməsi dayanır. Müharibənin başladığı ilk gündən Türkiyə öz mənəvi dəstəyini əsirgəmir, haqlı mövqeyimizi müdafiə edir. Xalq isə hər şeyə obyektiv qiymət verməyi bacarır”.

Ermənistana iddia irəli sürməliyik ki, o zamankı şərtlərə əməl etməyiblər”  - tarixçi alim

Dilavər Əzimli

Tarixçi alim Dilavər Əzimli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tarixi baxımdan bunun kökləri, ənənəsi var: “Bu millət tarixin müxtəlif zamanlarında  bir millət, bir dövlət olub. Ən qədim dövrləri götürsək və türkün imperiya dövrünü yada salsaq, Göytürk imperiyası dövrü, ondan sonrakı dönəmlər, son səlcuqlar dönəmi, ondan qabaq rum dönəmi, Mete dönəmi olub. Son Səlcuq dönəmində türklərin yaşadığı yerlərə nəzər salsaq, Qara dəniz, Aralıq dənizi, Xəzər dənizi sahillərindən tutmuş Çinə qədər böyük bir ərazidir. Türklər həmişə bu ərazilərdə vahidləşməyə üstünlük veriblər. Zaman-zaman düşmən qüvvələr içimizə girib, bizi parçalamağa , qarşı-qarşıya qoymağa çalışıblar. Müəyyən qədər nail olublar, ancaq genetik kodu dəyişə bilməyiblər. Səlcqlardan sonra bu ərazidə baş verən tarixi prosesləri biz izləsək, başımıza nə oyunlar gətirsələr də, ən ağır məqamlarda türklər bir-birinin köməyinə gediblər. Səfəvilər dövrünün son dönəmində Azərbaycana qarşı işğal başlayanda Osmanlı türkləri ayağa qalxır və sultanın əmri ilə ”qardaşlarımıza köməyə gedək” deyib gəlirlər. Səfəvilər dövlətinin böyük fatehi şah I Abbasa Moskva knyazlığı Osmanlıya qarşı döyüşməyi təklif etdikdə, o deyir ki, kafir, mən səninlə qardaşıma qarşı birləşə bilmərəm. Yaxud Azərbaycan Səfəvi dövlətinin son dönəmində, Sultan Hüseyn zamanında ona yenə təklif edirlər ki, Rusiya güclüdür, gəl Osmanlıya qarşı birləşək, cavab verir ki, sizin kimi kafirlə dostluq etməkdənsə, qonşuluqdakı müsəlman düşmənim daha yaxşıdır.

Şah Təhmasib Azərbaycanın ərazi bütövlüyünü bərpa edir və Sultan Süleymanla onun arasında ziddiyyətli münasibətlər olur. O zaman Sultan Süleyman Avropa ilə döyüşürdü. Təmasibə deyirlər ki, şahım, indi İstanbula girsək ala bilərik, o isə deyir ki, kəsin səsinizi, mənim qardaşım xristian dünyası ilə vuruşur. Biz öz sərhədlərimizdən geri qayıtmalıyıq. Türklər həmişə bir olmağa çalışıblar”.

Tarixçinin sözlərinə görə, hər ikisi Oğuz türklərindən olan iki dövlət dəfələrlə bir-birinə hərbi dəstək verib: “İkinci məsələ, Azərbaycan türkləri ilə Osmanlı türklərinin eyni ata, eyni anadan doğulmasıdır, ikisi də Oğuzdur, doğma qardaşdır. Onların canından bu məhəbbəti çıxartmaq mümkün deyil. Mümkün  olmadığı üçün Çanaqqalada  bizimkilər qəhrəmanlıq göstərdi. Atatürkün qurtuluş savaşında Azərbaycan türkləri köməyə getdi. Eyni zamanda 1918-ci ildə Ənvər paşanın, Nuru paşanın birbaşa rəhbərliyi ilə Bakı uğrunda döyüşlər oldu. Təsadüfi deyildi ki, Nuru paşanın anası bildirmişdi ki,  Bakıya tez çatmasan, südümü sənə halal eləmərəm. Bu genetik yaddaşdır. 70 il bizi bir-birimizə qarşı qoymaq istədilər, ancaq o məhəbbət yox olmadı.

Mən Sovet dövründə gəzdiyim evlərdə Atatürkün gizli saxlanılan portretlərini görürdüm. O dövrdə Nizami kinoteatrında Türkiyə filmlərinin festivalı keçirilirdi, türkcə filmləri rus dilinə tərcümə edib zalda oturanlara təqdim edirdilər. İnsanlar ayağa qalxıb ayağını yerə döyməyə başladı ki, səsinizi kəsin, bu bizim öz dilimizdir, biz eyni dildə danışırıq, bizəmi tərcümə edirsiniz. O dövrdə Türkiyədən gələn kitabları bizimkilər necə həsrətlə oxuyurdular. Orada da vəziyyət eyni idi. Ərzurumda, Qarsda, Ankarada insanlar Bakı radiosuna qulaq asırdılar. Mən özüm bir mənzərənin şahidi oldum ki, biz sərhədi yarıb keçəndə Türkiyəlilər bizi necə qucaqladılar. 1991-ci ildə Türkiyədə hansı çarşıya, bazara girdimsə, hər şeyi Azərbaycandan gəldiyim üçün pulsuz verirdilər. Bu, kökdən gəlir. Hər kəs bilir ki, Türkiyədə Azərbaycan bayrağına kimsə həqarət etsə, onu məhv edərlər və ya Azərbaycanda kimsə Türkiyə bayrağına toxunsa, eyni reaksiya olar. Bizi nə məzhəblə, nə təriqətlə ayıra bildilər. Mümkün deyil… Bir ailədə qardaşların arasını vurmaq olar, ancaq bu müvəqqətidir. Dar gündə də, şad gündə də qardaşlar bir yerdədir. Şükür ki, bu gün bir yerdəyik. Əminəm ki, gələcəkdə də bir olacaq, Turan dünyası birləşəcək, dövlətlər birliyi yaranacaq və gələcəyə hesablanmış Turan ittifaqı dünyanın idarəsini əlinə alacaq. Dünyanı ədalətlə idarə edən yalnız türk ədalət sistemi olub. Bu Tanrıdan gələn bir sistemdir. Bu ədalət sisteminin altında bütün xalqlar rahat yaşayıb. Ona görə də, bu məsələlər küll halında götürdükdə bayraqların qoşa asılması ilə nəticələnir. Qardaş həmişə qardaşın yanında olmalıdır”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”