“BİR MİLLƏT, BİR DÖVLƏT, BİR ORDU…” – “Nə yaxşı ki, Türkiyədə çevriliş cəhdi baş tutmadı”

612

“Azərbaycan tarixinin ən möhtəşəm günlərindən birində – 10 dekabr Qələbə paradında qardaş Türkiyə Cümhuriyyətinin siyasi-hərbi rəhbərliyinin az qala tam tərkibdə Bakıda olması, Türk hərbçilərinin isə meydanda Azərbaycan ordu birlikləri ilə yanaşı addımlaması qürurverici idi. Bu, 44 günlük Vətən müharibəsi dövründə böyük qardaşımızdan gördüyümüz möhtəşəm siyasi-mənəvi dəstəyin davamı idi”.

Bunları Milli Məclisin komitə sədri Sadiq Qurbanov 10 dekabr Qələbə paradında Türkiyə Prezidentinin və hərbi rəhbərliyinin iştirakı haqda danışarkən deyib.

Deputat “AzPolitika”-ya açıqlamasında qeyd edib ki, bu paradla Bakıdan dünyaya növbəti dəfə Türk Birliyi, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığı mesajı verilib. “Vətən Müharibəsindən zəfərlə çıxmağımızda heç şübhəsiz ki, başda hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə rəhbərliyinin Azərbaycana misilsiz siyasi-mənəvi dəstəyinin əvəzsiz rolu oldu. Bu qətiyyətli dəstək sayəsində Azərbaycanın əleyhinə kimi görünən bir çox faktorlar təsirsiz hala gəldi. Dost da, düşmən də gördü ki, Türkiyə dövləti bu haqlı davasında bütün varlığı ilə Azərbaycanın yanındadır, hər bir ssenariyə hazırdır, hadisələrin istənilən inkişafında öz qardaşının yanında olmaq əzmindədir. Nəticədə, hamı bu reallıqla barışdı və qərarlarını bu reallığa uyğunlaşdırdı. Türkiyə rəhbərliyi və xalqının misilsiz dəstəyi sayəsində Azərbaycan dövlətinin, xalqının və ordusunun da özünə inamı artdı ki, bu da qısa zamanda qələbəni şərtləndirdi. Bu baxımdan, Qələbə paradında, mən belə deyərdim ki, bir Millət, bir Dövlət, bir Ordu kimi iştirak etməyimiz tamamilə təbii oldu”.

“Türkiyənin, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın bu qətiyyətli, mərdanə, cəsarətli dəstəyi olmasaydı, bizim üçün çətin olar, bəlkə də torpaqlarımızın işğaldan azad olunması bir qədər də ləngiyə bilərdi. Sözsüz ki, Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü Qarabağ siyasəti bizi itirilmiş torpaqlarımıza hər ay, hər gün bir qədər də yaxınlaşdırırdı. Şanlı Azərbaycan Ordusu gec-tez öz Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəkdi. Lakin dediyim kimi, Türkiyə dövlətinin, şəxsən Prezident Ərdoğanın qətiyyətli dəstəyi əvəzsiz oldu. Bu baxımdan, biz Tanrıya həm də ona görə şükr etməliyik ki, nə yaxşı Türkiyədə 15 iyul çevriliş cəhdi baş tutmadı. Azərbaycan cəmiyyəti həmin günlər əbəs yerə həyəcan keçirmirdi. Biz yaxşı başa düşürdük ki, həmin cəhd həm də Azərbaycana, onun maraqlarına, Türkiyə-Azərbaycan qardaşlığına qarşı yönəlmişdi. Xatırlayıram, mən həmin gecəni böyük həyəcan içində Türkiyə səfirliyinin qarşısında keçirmişdim. Şükr ki, böyük türk xalqı çevriliş cəhdini iflasa uğratdı və öz liderini qorudu. Zaman sübut etdi ki, həmin gün həm də Qarabağın taleyi həll olunurdu”, – deputat əlavə edib.