Bir gündə 3 yüksək vəzifə dəyişikliyi: Ermənistanda nə baş verir?

150

Ermənistanda açar postlara qısa müddət sonra yenidən təyinatlar həyata keçirildi. Polkovnik Arqişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin rəisi, Onik Qasparyan Baş qərargah rəisi, polkovnik Vaqe Kazaryan Polis şefi təyin olundular. Halbuki, Arman  onların sələfləri Arman Sarkisyan Ermənistanın Polis rəisi, Eduard Martirosyan isə Milli Təhlükəsizlik Xidmətinin rəisi postlarına bu il martın 20-də təyin olunmuşdular. Paşinyanın son təyinatın üstündən heç 3 ay keçməmiş yenidən bu vəzifələrdə dəyişiklik aparması ciddi maraq doğurur. Yeni təyinatların belə qısa müddətdə yenilənməsi ilə bağlı müxtəlif ehtimallar irəli sürmək olar. İlk olaraq onu qeyd edək ki, baş qərargah rəisi Artak Davtyanın öz oğluna koronavirus karantininə baxmayaraq dəbdəbəli toy etməsi böyük narazılığa səbəb olmuşdu. Onun vəzifədən uzaqlaşdırılmasına bu hadisənin ictimai rəydə doğurduğu ajiotajı yatırmaq məqsədilə qərar verilmiş ola bilər. Bu həmin Davtyandır ki, 1990-1994-cü illərdə Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak edib.

2018-ci il mayın 24-dən etibarən Ermənistan silahlı qüvvələri baş qərargah rəisi təyin olunub. Davtyan 1998-ci ildə Moskva Hərbi Akademiyanı qızıl medalla bitirib, Rusiya Baş Qərargahında ixtisasartırma kurslarının müdavimi olub. Paşinyanın hakimiyyətə gəlməsindən cəmi bir neçə gün sonra baş qərargaha yeni rəisin, üstəlik Qarabağda vuruşmuş Davtyan kimi birisinin təyinatı onu deməyə əsas verir ki, Davtyan Paşinyana qarşı ordu rəhbərliyinə gətirilmiş şəxs olub. Halbuki o, həmin vaxt 5-ci ordu korpusunun komandanı idi. Oğlunun toyu səbəbindən cəmiyyətdə yaranmış ajiotaj Paşiyanın bu QRU agentindən qurtulmaq üçün əlinə keçmiş yaxşı fürsət ola bilərdi, əgər Davtyanı onun özü kimi bir yol keçmiş Onik Qasparyan əvəz etməsəydi. Yeni baş qərargah rəisi Qasparyan da Davtyan kimi Qarabağ yox, Ermənistan ermənisidir, o da eynilə 1970-ci il də Ermənistanda anadan olub. Rusiya baş qərargahına bağlıdır. Qarabağda işğalçı müharibədə iştirak edib, mina partlaması nəticəsində ağır yaralanıb. Davtyan kimi o da ordu korpusunun komandiri olub. 2017-ci ildə Ermənistan Baş qərargahının birinci rəis müavini olub. Həmin dövrdə Paşinyan hakimiyyətə gəlməmişdi və indi olduğu kimi onda da Ermənistan ordusunun rəhbərliyi Rusiya Baş Qərargahı tərəfindən təyin olunurdu. Odur ki, onu Paşinyanın adamı hesab etmək olmaz. Keçmiş təhlükəsizlik xidməti şefi Martirosyanın isə Arqişti Kərəmyanın ona müavin təyin olunmasına etiraz edərək özünün istefa ərizəsi yazdığı bildirilir.

Kərəmyan Milli Təhlükəsizlik Xidmətinə bu ilin mayın 5-də müavin təyin olunduqdan sonra nəinki xidmət rəhbəri, hətta bir sıra yüksək rütbəli rəhbər heyət onunla işləməkdən imtina edərək istefa verdilər. Ermənistanı təhlükəsizlik xidmətimi istefalar dalğası bürüdü. Onu da qeyd etmək lazımdır ki, Arqişti Kərəmyan son bir neçə sutkada bir neçə vəzifə dəyişdi. Mayın 4-də Paşinyan onu Dövlət Nəzarət Xidmətinin rəisi postundan azad eləyib İstintaq Komitəsinin sədr müavini təyin etdi. Lakin cəmi 1 gün sonra həmin vəzifədən azad edilərək Milli təhlükəsizlik xidmətinin rəis müavini qoydu. Lakin onun təyinatından sonra qeyd etdiyimiz kimi təhlükəsizlik xidmətində istefalar baş verdi. Məlumatlara görə 1991-ci il təvəllüdlü Kərəmyan Paşinyanın kadrıdır. Təvəllüdünün az olması onu deməyə əsas verir ki, Qarabağ müharibəsi başlayanda təhlükəsizlik xidmətinin şefi heç anadan olmamışdı. Ermənistan hərbi-siyasi elitasındakı Rusiya və digər ölkələrin agentlərindən fərqli olaraq yaşının az olması səbəbindən bu gənc təhlükəsizlik rəisi çirkaba bulaşmağa macal tapmayıb. Yerevan Universitetinin hüquq fakültəsinin məzunu olub, müxtəlif vaxtlarda müstəntiq və prokuror işləyib, vergi xidməti polkovnik-leytenantıdır. İstefaların səbəbi Paşinyanın karantin tədbirlərinin lazımi səviyyədə təmin olunmamasından narazı olması ehtimal edilir.

Bu arada, keçmişə sahib təhlükəsizlik xidmətinin rəisi Artur Vanesyan son istefalarla bağlı Paşinyanı sərt tənqid edib. “Ətrafda hər şeyi dağıtmaq və öz hirsini başqalarının üstünə tökmək məhvə aparan yoldur. Dayan, Nikol!” Bu həmin Vanesyandır ki, Ermənistanın  Vatikandakı keçmiş səfiri, Sarkisyanın kürəkəni Mikael Minasyanla yaxın əlaqələrdə ittiham olunurdu. O da bütün əlaqələrini Paşinyanın şəxsi göstərişi ilə həyata keçirdiyini etiraf etmişdi. Lakin onlar arasında söz dueli bununla bitməmişdi. Ermənistanda istefalar, daha doğrusu məcburi istefalar dalğasının tüğyan etdiyi 2019-cu ildə vəzifədən azad edilən Vanesyan Paşinyanı ittiham etmiş, Paşinyan isə onun öz zabitə yaraşmayan hərəkətlərilə paqonlarını zibilliyə atmasını bəyan etmişdi. Vanesyan isə Paşinyanın tarixin zibilliyinə atılacağını açıqca söyləmişdi. İndi Vanesyan yenidən meydana çıxaraq Paşinyanı ittiham edir. Ancaq bu, Vanesyanın istefaya gedəndən bəri Paşinyana ilk demarşı deyil. Bu ilin yanvarında onun Sarkisyanın kürəkəni ilə birlikdə partiya yaratmaq planları barədə məlumatlar dolaşmağa başladı. “Vətən” adlı partiya nəhayət bu ilin mayında yaradıldı və qurultayda da onun sədri keçmiş çekist Vanesyan seçildi.

Vanesyan Paşinyana qarşı olduqca mənfi münasibətini gizlətmir, bu işdə onun ən yaxın dəstəkçisi də Sarkisyanın kürəkənidir. Ermənistanın Vatikanda keçmiş səfiri Minasyan barədə cinayət işləri açılıb, axtarış elan olunub. Məsələn, Sarkisyanın kürəkəni belə bir iddia ilə çıxış edib ki, Paşinyan öz yaxın adamları vasitəsilə Rusiyadan alınmış silahları üçüncü ölkəyə satıb. Minasyan və Vanesyan Paşinyanı ifşa etməklə ona və komandasına ciddi şəkildə problem yarada bilər, o halda ki, narazı kütləni öz ətrafında birləşdirə bilsin. İndiyədək Paşinyan səhvsiz, qüsursuz lider obrazında təqdim olunur, ətrafında belə bir piar aparılırdı. Lakin koronavirus kasıb Ermənistanın bütün nöqsanlarını açıb göstərdi. Belə olan halda Paşinyanın bacarıqlı lider obrazı da xeyli zəiflədi. Çıxış yolunu Paşinyan bu ilin martında təyin olunmuş şəxslərin öz vəzifələrinin öhdəsindən gələ bilməməsi bəhanəsilə istefaya göndərməkdə gördü və bütün məsuliyyəti onların üstünə atmaqla öz siyasi imicini xilas etməyə çalışdı. Lakin baş qərargah rəisi istisna olmaqla. O daha çox öz səhvinin qurbanı oldu.

Paşinyanın hələ ki, Rusiyanın təyin etdiyi baş qərargah rəisini öz adamı ilə əvəz etmək hüququ yoxdur. Ermənistanda koronavirusun nəticələrindən diqqəti yayındırmaq məqsədilə  qalmaqallar bununla bitmir. Çiçəklənən Ermənistan partiyasının sədri Qaqik Tsarukyan hakimiyyətin dəyişməsi zərurəti bağlı çıxış etdikdən sonra Paşinyanın arvadı Anna Akopyanın Haykakan Jamanak qəzetində 40 illik cinayət işinin skrinləri üzə çıxıb. Məlum olub ki, Ermənistanın ən böyük oliqarxlarından biri Qaqik Tsarukyan 1979-cu ildə təcavüz cinayətinə görə məhkum olunub. Onun tərəfdarları bu işin sovet vaxtı 20 yaşlı gənc Tsarukyandan 1500 rubl pul qopartmaq üçün yalandan uydurulduğunu bildiriblər və hakimiyyətin pandemiya ilə mübarizə əvəzinə Paşinyanın öz siyasi rəqibləri ilə haqq-hesab çəkməsini iddia edirlər. Tsarukyanın mətbuat katibi kassasiya məhkəməsinin o dövrdəki bəraət qərarını yayımlayıb və bildirib ki, hakimiyyət nə qədər aciz qalıb ki, 40 illik saxta ittiham sənədini yaymaq məcburiyyətində qalıb.

 Müəllif: Nəzakət Məmmədova

                               Correct.az