Bir gün geri dönmək ən böyük istəyi idi

129

Böyük Nazim Hikməti xatırlayarkən

Taleyin qəribə gəlişmələri var. Bəlkə də ən böyük xoşbəxtliyim elə qəribə taleyimin gəlişmələrində iki böyük sənət fədaisinin ailəsində dünyaya göz açmağımdır. Özümü dərk edəndən müxtəlif zaman kəsiklərində bir şəxs haqqında daha çox söhbətlərin şahidi olurdum. Hətta deyim ki, bu söhbətlərə mərhum valideyinlərim Respublikanın Xalq artistləri Məhəmməd Burcəliyev və Sədayə Mustafayeva ilə yanaşı Gəncəmin Xan Çinarı olan Altay Məmmədovun, Gəncə yazarlarının mənəvi anası şairə, dramaturq Fəridə Əliyarbəylinin və onun ömür-gün yoldaşı Kəramət Tağızadənin, tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Bağır Bağırovun da dəfələrlə qoşulduğunun şahidi olurdum. İlk vaxtlarda o qədər də dərindən bu söhbətləri anlamasam da sonralar orta məktəbin yuxarı siniflərində artıq Nazim Hikməti tanımağa başladım. O Nazim Hikmət ki, həbsdən canını qurtarsa da türk hökuməti onu əsgərliyə çağırdığı üçün Moskvaya qaçmışdı.

Nazim Hikmətin yaradıcılığı hər zaman mənim üçün maraqlı idi. Sonradan orta məktəb illərində ailə kitabxanamızdan əldə edə bildiyim “835 sətir”, “Baron-3”, “1+1=1”, “Səsini itirmiş şəhər” kitablarındakı şerlərində xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırışları ilə yaxından tanış idim. Sonralar isə çətinliklə də olsa dərk edəcəyim ancaq maraqla oxuduğum “Cokonda və Şi-Ya – u” poemasını, “Benerci özünü niyə öldürdü” mənzum romanını da oxuya bildim. Beləliklə Nazim Hikmətə və onun yaradıcılığına qarşı olan məhəbbətim günbəgün artırdı. Bu sevgini həm də ailəmizdə olan sənət söhbətləri də daha da alovlandırırdı. Bir gün yenə də sənət dostları ilə birgə mərhum atam Məhəmməd Burcəliyevin Nazim Hikmət haqqında olan söhbətində iştirak edirdim. O, Nazim Hikmətin 1957-ci ildə Gəncəyə gəlişi haqqında danışırdı.

Məlumdur ki, Nazim Hikmət 1951-ci ildən SSRİ-də yaşayıb və onun əsərlərinin bütün Sovet İttifaqında təbliği dövlət səviyyəsində müvafiq təşkilatlara, teatrlara tövsiyyə olunub. Hətta 20 mart 1953-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Ədil İsgəndərovun quruluşunda “Türkiyədə” əsərinin premyerası ictimaiyyətə təqdim edilib. Daha sonra 1956-cı ildə “Qəribə adam” və 1960-cı ildə isə “Şöhrət və ya unudulan adam” pyesləri bu teatrda səhnəyə qoyulub. 1957-ci ildə isə Məhəmməd Burcəliyevin təklifi ilə Gəncə Dövlət Dram Teatrının səhnəsində onun 3 pərdəli, 14 şəkildən ibarət olan “Kəllə” faciəsi hazırlanıb. Tamaşanın ictimai baxışı 14 may 1957-ci ilə təsadüf edir. 1957-ci ildə məhz “Kəllə” faciəsinin tamaşasına baxmaq üçün Nazim Hikmət Gəncəyə gəlib və çox böyük təəsüratla tamaşaya baxaraq kollektivə uğurlar arzulayıb. Bu görüşü tarixə çevirən Nazim Hikmətin Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi ilə 31 oktyabr 1957-ci ildə birgə çəkdirdiyi fotoşəkil də ailə arxivimizdə böyük sevgi ilə qorunub saxlanılır.

Hər zaman ailəmizin qonağı olan, söhbətlərini böyük sevgi ilə dinlədiyim şairə-dramayurq Fəridə Əlyarbəylinin Nazim Hikmətlə bağlı xatirələri xüsusi olaraq diqqətimi cəlb edirdi. O, bu görüşləri ümumiləşdirməklə bir daha böyük Nazim Hikməti xatırlamaqla onun dünyasına işıq salır və ilkin mənbə olaraq tədqiqat, araşdırmalar üçün əsaslı faktları təqdim edirdi. Belə ki, hələ sağlığında Nazim Hikmətlə bir neçə dəfə görüşmək səadətinin ona da nəsib olduğu haqda danışırdı: “Nazim Hikmət 1957-ci ildə Gəncəyə gəldi. O vaxt Azərbaycan Yazıçıları İttifaqından şəhər qəzetinin redaktoru kimi fəaliyyət göstərən Kəramət Tağızadəyə Bakıdan zəng vurub xəbər verdilər ki, sabah Süleyman Rüstəmlə Nazim Hikmət Gəncəyə qonaq gələcəklər. Bu şad xəbəri şəhər partiya komətisinə bildirməklə hörmətli qonağı ləyaqətlə qarşılamaq lazım idi. Kəramət bu xəbəri şəhər rəhbərliyinə bildirəndə laqeyidliklə “Bizim xəbərimiz yoxdur. Əgər mərkəzi Komitə lazım bilsəydi xəbər verərdi. Biz də onları təntənəli qarşılayardıq. Nazim Hikmət Süleyman Rüstəmin qonağıdırsa, qoy, o, qayğısına qalsın. Bizlik burada bir iş yoxdur” dedilər. Bu cavabdan sonra Kəramət mənə zəng edib dedi ki, sabah Nazim Hikmət və Süleyman Rüstəm şəhərimizə gələcəklər. O zaman  mən Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin məsul katibi vəzifəsində işləyirdim. Bundan sonra xəbər verdik bütün məktəblərə, ədəbiyyat müəllimlərinə, ziyalılara ki, qonaqları layiqincə qarşılayaq.

Səhər saat 9-da Gəncə Dəmir yolu vağzalına xeyli adam toplandı. Məktəblilər şairin şerlərini deyir, bayram əhval-ruhiyyəsi hökm sürürdü…

Nazim Hikmət, Mehdi Hüseyn, Süleyman Rüstəm və Əkbər Babayev vaqondan düşəndə gül dəstələri və alqışlarla onları qarşıladıq.

Qonaq evinə gəldik. Dincəldi. Xeyli söhbət elədik. Nazim Hikmət Gəncəni gəzmək istədiyini bildirdi. Şəhər parkına getdik. Nazim Hikmət əlini ürəyinin üstünə qoyaraq yolda bir ağaca söykəndi. Doğrusu özümüzü itirdik, həkimi Qalya xanım tez köməyə gəldi. Dərman verdi. Şair əlilə işarə elədi ki, keçib gedər, belə hallar tez-tez olur.

Nazim Hikmət çox əzəmətli idi. Uca boylu, enli kürəkli, sarışın saçları var idi. Üzündəki təbəssüm, mərdlik istər-istəməz görənləri özünə cəlb edirdi. O gün Gəncənin küçələrində müdrik bir insan addımlayırdı. Elə bil biz də onunla ucalmışdıq.

Sonra Nizaminin məqbərəsini ziyarət etmək istədi: “Bu mənim illərlə ürəyimdəki arzumdur. Gəncəyə gələndə bütün yol uzunu Nizamini düşündüm. Bu müqəddəs torpağı görəcəyimi xəyal hesab etdim. Şükürlər olsun ki, arzuma yetişdim” – dedi. O, Nizaminin qəbrini görəndə qapının ağzında dayanıb baxdı, sonra sakit addımlarla məzara yaxınlaşdı, dayanmadı, başına dolanıb mərmər qəbri öpdü. Bir xeyli dayandıq. Nazim Hikmət sanki xəyalən Nizami ilə söhbət edirdi”.

Sonra taleyimə nəsib oldu ki, mən orta məktəbi bitirən ili sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” fakültəsinə verdim və qəbul olundum. Universitetin ikinci kursunda təhsil alankən Nazim Hikmət yaradıcılığının tədqiqatçılarından olan filologiya elmləri doktoru, professor Aqşin Babayevlə tanış oldum. Biz adətən Aqşin müəllimlə dərs saatlarından sonra Fəvvarələr meydanında ya da Bakıda yaxşı tanınan Malakan bağında gəzər, söhbət edərdik. Mən bu şəxsin də şirin və çox maraqlı söhbətlərinə qulaq asmaqdan yorulmazdım. Hətta o zamanlar Aqşin müəllim məsul bir vəzifədə Azərbaycan Milli Məclisinin Mətbuat katibi kimi çalışsa da vaxt tapıb mənimlə görüşər, maraqlı söhbətlər edərdi. Nədənsə hər dəfə də söhbətlrində Nazim Hikmət haqqında xüsusi olaraq danışardı. Həm də hiss edirdim ki, mənim də Nazim Hikmət yaradıcılığı ilə tanışlığım onda xüsusi maraq oyatmışdı. Bir gün Nazim Hikmətlə bağlı dedi: “Anar, bilirsən oğlum təbii olaraq o illərə nəzər salanda Türkiyə kəlməsi, Türkiyə sözünü eşidəndə Moskvada oturanlar buna çox böyük qısqanclıqla yanaşırdılar. Ancaq o zamanlar Türkiyədə hekayələrim çap olunanda təəccüb edirdim ki, məni heç yerə çağırıb sorğu-sual etmirdilər. Sovet dövründən başlayaraq bizim Akademiyada Şərqşünaslıq İnstitutunda Türk Filologiyası şöbəsi, Moskvada Asiya Xalqları İnstitutunda Türk bölməsi fəaliyyət göstərirdi. Deyim ki, 1961-ci ildə Nazim Hikməti mövzu olaraq götürüb aspiranturaya daxil olanda heç kim mənim qarşıma səd qoymadı. Nazim Hikmət dramaturgiyasının tədqiqinə başladım. Ancaq Türkiyəyə işləməyə gedəndə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində qaydalara uyğun olaraq partiya biletimi təhvil verəndə bir məmur dedi ki, bilirsiz, Nazim Hikmət kommunist olub. Türkiyəyə işləməyə gedirsiz. Orda olarkən Nazim Hikmətin adını çəkmiyəsiz. Hətta bu mövzuda dissertasiya müdafiə etmənizi belə deməyəsiniz. Çünki türklər Nazim Hikməti sevmirlər. Ona “vətən xaini” deyirlər. Türkiyəyə gələndə gördüm ki, heç də belə deyil. Əksinə, türklər  Nazim Hikməti sevir və şeirlərini əzbər də bilirlər. Nazim Hikmət onlar üçün əziz bir insandır. Elə kitab mağazaları da vardı ki, şairin kitablarını soruşanda “Bizdə vətən xayinin kitabı satılamaz!” cavabını da alırdım. Bununla belə Türkiyədə işlədiyim üç il ərzində çox az yerdə müşahidə etdim ki, Nazim Hikməti istəmirlər. Onu sevənlər sevməyənlərdən çox-çoxdur. Sonra da doktorluq işimi yekunlaşdırdım. Doktorluq dissertasiyam Cümhuriyyətin 1923-cü ildən 1990-cı illərə qədərki dövrü, əbədiyyat mərhələsini əhatə edirdi. O zaman müdafiə işləri ilə bağlı bir çox şəxslərə müraciət edirdim ki, mənə Nazim Hikmət haqqında bilmədiklərimi desinlər. O zaman sənin mərhum atan Məhəmməd Burcəliyevə də müraciət etdim. 30-cu illərdə Türk dramaturqlarının əsərləri Azərbaycan səhnəsində oynanılmışdı. Amma Sovet dönəmində Türk dramaturgiyasına az müraciət olunurdu. Əsasən Nazim Hikmətin pyesləri oynanılırdı. 50-ci illərdə Türk dramaturgiyasının Azərbaycan səhnəsinə yenidən gətirilməsi Məhəmməd Burcəliyevin adı ilə bağlıdır. Gəncə Dövlət Dram Teatrında onun rəhbərliyi dövründə Nazim Hikmətin “Kəllə” pyesi səhnəyə qoyulub. Bununla da yenidən Azərbaycan teatrlarında Türk dramaturgiyasının yeni bir dövrü başlanılıb. Bax bu günə qədər Məhəmməd Burcəliyevin onunla bağlı olan xatirələrindən ibarət cavab məktubu mənim şəxsi arxivimdə saxlanılır. Mən o gözəl diqqətçil insanı, böyük sənətkarı həmişə şükranlıqla yad edirəm”.

Anar  Burcəliyev,

Teatrşünas