Bir çağırışın əks-sədası: Türkiyəli gənclər Azərbaycanda səfərbərliyə alınmaq üçün yollar axtarırlar

177

Türkiyə gəncləri Azərbaycanın torpaq bütünlüyü uğrunda döyüşmək üçün yollar axtarır. 

Bunu “Defence Turk” nəşri yazıb.

Nəşrin iddiasına görə, Azərbaycan Prezidenti İlham Əliyevin məşhur çağırışına Türkiyə gəncləri də qoşulmaq istəyirlər.

Məqalədə deyilir:

Azərbaycan Prezidenti İlham Əliyevin çağırışından sonra təxminən 1 həftə ərzində 50 minə yaxın Azərbaycan vətəndaşı ordu sıralarına qoşulmaq üçün müvafiq qurumlara müraciət edib. Bununla yanaşı, Türkiyə ilə Azərbaycan “Bir millət, iki dövlət” şüarı ilə düşmənə qarşı vahid güc mərkəzi yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, onun çağırışından sonra bir həftədən də az müddət ərzində 50 minə yaxın vətəndaş vətəni qorumaq üçün müvafiq qurumlara müraciət edib.

Defence Turk” xəbər verir ki, İlham Əliyev bu haqda danışarkən bunları deyib: “Mən bu günlərdə hər gün bəlkə də minlərlə məktub alıram. Vətəndaşlar öz dəstəyini ifadə edir, həmrəyik göstərir, Azərbaycan Ordusunda xidmət etmək istəyirlərMən demişdim, orada şüşələri qıranlar getsinlər, yazılsınlar orduya. O gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə yollanmışdı. Amma mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq 50 minə yaxın insan yazılıb. 50 minə yaxın Azərbaycan vətəndaşı, – onların mütləq əksəriyyəti gənclərdir, – Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm”.
 
“Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci”, – deyə dövlət başçısı qeyd edib: “Parlamentin şüşələrini, qapılarını qıran deyil. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri iyulun 12-dən etibarən, Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Tovuz bölgəsinin mülki əhalisinə, hərbi məntəqələrinə hücum edib. Bunun ardınca iki ölkə arasında döyüşlər başlayıb və toqquşmalar bir neçə gün intensiv davam edib. Həmin günlərdə Azərbaycan xalqı orduya böyük dəstək göstərib, könüllü olaraq orduya yollanmaq üçün müraciətlər etməyə başlayıb.

Artıq onlara Türkiyə vətəndaşlarından da dəstək gəlib. Məlumata görə, son günlər Türkiyə Cümhuriyyəti vətəndaşları Azərbaycan Ordusunun sıralarında Ermənistana qarşı döyüşmək istəyilə “Defence Turk”ə müraciət edir.

Türkiyə və Azərbaycan vətəndaşları bir-birinə güclü qardaşlıq duyğuları ilə bağlıdır. Vaxtilə Türkiyə Silahli Qüvvələrinin Suriyanın şimalında apardığı anti-terror əməliyyatlarda könüllü iştirak etmək istəyən Azərbaycan vətəndaşlarının ruhu bu gün Türkiyə vətəndaşlarında var.

Könüllü olaraq Azərbaycan Ordusunun sıralarına yazılmaq istəyən Türkiyə vətəndaşları “Defence Türk”ün “WhatsApp” nömrəsini sanki “atəşə tutub”. Onlar həmin nömrəyə “Azərbaycan Ordusu sıralarında könüllü kimi müharibəyə yollanmaq istəyirəm” mövzülü SMS-lə yazır, buna necə nail ola biləcəklərini soruşur, bu işdə kömək istəyirlər./ovqat.com/