Bir azdan karantin “sancıları” başlayacaq – İnsanları ciddi mənfi təsirlərdən qorumaq üçün nə etməli?

66

Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda karantin tədbirlərinin ikinci mərhələsinə start verilib. Artıq ölkəmizdə Nazirlər Kabineti yanında Operativ Qərargah karantin tədbirlərindən tədricən çıxmaq planına əsasən, aprel ayının 27-dən etibarən bir çox müəssisələrin fəaliyyətini bərpa etməsinə icazə verən qərar qəbul edib.

Bəs, əslində karantin rejimindən çıxmaq üçün ilkin tədbirlər necə olmalıdır? Proses necə inkişaf etməldir ki, insanlara ciddi mənfi təsirləri olmasın?

Psixoloq Tariyel Faziloğlu AYNA-ya deyib ki, karantin rejimi istənilən halda insanların psixologiyasına mənfi təsir göstərir: “Sadəcə olaraq bundan daha az zərərlə çıxmaq üçün nisbətən yumşaldılma şəklində getməlidir. Amma burada kiçik bir nüans da var. Belə ki, yeni qərarda əsas ehtiyaclar önə çıxarılmalı idi. Amma aprelin 27-də fəaliyyətini bərpa edən müəssisələrin siyahısında əsas iş yerlərinin bir çoxunun adı yoxdur. Məsələn, qadınlarn və kişilərin baxım ehtiyaclarını qarşlayacaq gözəllik salonları, bərbərxanalar nəzərdə tutlmayıb. İnsanlar onsuz da çölə çlxmaq, sosial mühitə inteqrasiya etmək üçün mütləq şəkildə görünüşlərinə diqqət edirlər. Bu problemi həll edə bilmədikdə isə natamamlıq kompleksi yaşayacaqlar. Karantin dövründə obsessiv-komplusiv pozuntu, təşviş pozuntuları, psixozlar insanlara ciddi şəkildə zərə verdi. Yenə də yumşalma prosesində önəmli nüanslar nəzərə alınmasa, natamamlıq pozuntuları özünü göstərəcək”.

“Digər tərəfdən, yumşaldılma mərhələsində müəyyən yerdəyişmə məsələsi var. 27-si icazə verilən iş yerlərinə baxanda, vacib olmadığı halda, bəzi müəssisələrin fəaliyyətlərinə icazə verildiyini görürük. Ki, bu da ictimaiyyət arasında yeni narahatlıq yarada bilər və depressiyaların, uğursuzluqların travma şəklində daha da dərinləşməsinə gətirib çıxara bilər. Ona görə də yumşalma prosesi vacibdir, lakin peşəkar mütəxəssislərin rəyləri nəzərə alınaraq aparılsa, daha düzgün olar”, – müsahibimiz bildirib.

Sosioloq Sahib Altay AYNA-ya açıqlamasında qeyd edib ki, karantin metodları bütün ölkələrdə, təxminən eyni tərzdə tətbiq olunur: “Ancaq düşünürəm ki, ləğv olunması fərqli olacaq. Niyə? Bu, birbaşa toplumların yaşam tərzi və ənənələri ilə bağlıdır. İlk aşılmalı olan baryer iqtisadi məsələdir. Dövlət vətəndaşa nə qədər sosial yardım etsə də, bu, bir müddət olacaq. Çünki hər dövlətin müəyyən iqtisadi balansı var. Digər tərəfdən, vətəndaş əmək fəaliyyətindən nə qədər təcrid olunsa, bir o qədər fərdi zərərlərə gətirib çıxaracaq”.

“Məsələnin digər tərəfi psixoloji və sosial səbəblərdir. İnsan ictimai mühitdən təcrid olunduqca, onda asosiallaşma prosesi gedir və bu da ünsiyyət, davranış pozğunluğuna gətirib çıxarır. Bu mərhələ sonra ağır psixoloji travmalar yaradır. Bu problemləri zəncirvari aradan qaldırmaq üçün öncə insanların əmək fəaliyyəti bərpa edilməlidir. Ancaq karantin rejiminin, toplumların ənənələrindən asılı olaraq, müxtəlif ölkələrdə fərqli şəkildə aradan qaldırılması daha məqsədəuyğundur. Azərbaycanda yas və toy ənənəsi yüksək səviyyədə qeyd olunur. Məncə, bu ənənələrin bir müddət az insanın iştirakı ilə qeyd olunması daha məqsədəuyğundur. Heç olmasa, bir müddət bunu təcrübədən keçirib, pandemiyanın zəifləməsinə əmin olmaq lazımdır. Karantin ümumi şəkildə, birdən-birə tam olaraq aradan qaldırılsa, bu, yeni pandemiya halının ortaya çıxmasına səbəb ola bilər” – ekspert vurğulayıb.

S.Altayın fikrincə, təhsil prosesi də tədricən bərpa olunmalıdır: “Universitetlər qısamüddətli proqram təminatı ilə öz imtahanlarını reallaşdıra bilər. Orta məktəblərdə isə, əsasən qəbula gedəcək siniflər üçün təhsili bərpa edib, digər siniflərin bərpasını növbəti təhsil ilinə də saxlamaq olar və növbəti ildə təhsil fəaliyyətinin bir qədər erkən başlaması və ya bir ay gec bitməsi metodunun tətbiqi mümkündür”.

“Ümumilikdə isə karantin şərtlərinin yumşaldılması və tədricən aradan qaldırılması bir müddət sonra məsləhət yox, məcburiyyətə çevriləcək. Təbiətdəki hansısa canlını qəfəsə salıb, onu əhilləşdirmək və yaşatmaq mümkündür. İnsan isə təbiətdəki digər canlılardan bir xüsusiyyətinə görə – həm təbiətin, həm də cəmiyyətin sakini olduğuna görə fərqlənir. Yəni həm bioloji, həm də sosial varlıqdır. Bu xüsusiyyətlərdən birini insanın əlindən almaq, onun varlığını şikəst qoymaq deməkdir”, – sosioloq əlavə edib.