Bilal Əliyev: “Azərbaycanlılar ermənini uşağına kirvə tuturdu…”

135

“Mən Qarabağa qayıdacağıma yüz faiz ümidliyəm. Biz deyən yox, Allah deyən olsun. Həmişə Allaha yalvarıram ki, o özü haqqa vursun və tez bir zamanda Qarabağ torpağımızı işğaldan azad edib qonşu dövlətlərimizlə mehriban yaşayaq”

 

Bunu Xalq artisti Bilal Əliyev deyib. O, hamımızın ölkə başçısının ətrafında sıx birləşməyimizin vacibliyini vurğulayıb: “Ulu öndərimizin çox gözəl kəlamı var, “biz bir millət, iki dövlətik”. Əgər eyni millətiksə, çətin və xoşbəxt günümüzdə gərək kürək-kürəyə dayanaq. Ona görə də türk qardaşlarımızın gəlib burda təlim keçmələri mənim çox xoşuma gəldi. Qaldı ki, bizim çox təcrübəli Ali Baş Komandanı var və bütün qərarları o, verəcək. Biz hamımız ölkə başçısının fikirlərini dinləməliyik və o, hansı yolu göstərsə, o yolla da getməliyik. Çünki bu dövləti quran, ulu öndərimiz Heydər Əliyev və bu səviyyəyə gətirən Ali Baş Komandanımız İlham Əliyevdir. Biz müstəqil dövlətik və bizim öz qanunlarımız var.

 

Mən Qarabağa qayıdacağıma yüz faiz ümidliyəm. Biz deyən yox, Allah deyən olsun. Həmişə Allaha yalvarıram ki, O, özü haqqa vursun və tez bir zamanda Qarabağ torpağımızı işğaldan azad edib qonşu dövlətlərimizlə mehriban yaşayaq. Erməni milləti də bilməlidir ki, başqasının malına, haqqına, torpağına, zəhmətinə əl uzatmaq olmaz, Allah insanın bəlasın verər. Onlara məsləhət görürəm ki, belə şeylərə getməsinlər. Neçə illər bizimlə bərabər yaşamışdılar, amma belə nakorluq etmək lazım deyildi. Biz çox yaxşı millətik, bizim millətimiz o qədər sadə, qəlbi təmiz, hər şeyə tez inandır. Qarabağda bir neçə toylarda iştirak etmişəm və azərbaycanlılar ermənini uşağına kirvə tuturdu. Bu bizim qəlbimizin təmizliyindən idi. İndi düşünürəm ki, biz gərək bu dəfə ehtiyatımızı əldən verməyək.

 

Mən günlərin bir günü Şuşaya toya getmişdim. Həmişə Şuşa və Qarabağ mahnılarını oxuyardıq. O musiqilərdə Qarabağı elə təsvir edirdik ki, o yerlərə vurulurduq. Bir dəfə Şuşaya gedəndə gördüm ki, Şuşa sanki tənha qalıb. İnsanlar elə bil evlərini yaylaq kimi saxlayırdılar, ancaq yayda Şuşada olurdular. Bununla da azərbaycanlılar evlərini sahibsiz qoyurdular. Mən Şuşada dağları gəzə-gəzə baxıb gördüm ki, ermənilər burda çoxdur. Yanımda oturan yoldaşa dedim ki, bu heç də düzgün addım deyil, Şuşanı belə sahibsiz qoymaqla, millətimizin burda az olmasıyla uduzmağa gedərik. O, da dedi ki, “Bilal müəllim, biz nə edə bilərik, insanlar gərək özləri gəlib yaşasınlar”. Sərhədlərimizi qorumaq üçün o yerlərdə ancaq bizim soydaşlarımız çoxluq təşkil etməlidir. Biz elə etməliyik ki, ermənilər ayrıca vilayət yarada bilməsinlər. Ona görə də xalqımız artıq bilməlidir ki, kürəyini kimə söykəsin. Bizim can bir, qan bir qardaşlarımız türklərdir. Mən çox sevinirəm ki, Türkiyə dövlətinin hörmətli prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı dedi ki, “biz hər zaman Azərbaycan xalqının yanındayıq”. Bəlkə də indiyə qədər bu söz deyilməmişdi. Türkiyə dövləti artıq dünyada öz sözünü deyə bilir, dünyanın hegemon dövlətləri Türkiyə ilə razılaşır. Eşq olsun bizim iki dövlətimizə, Türkiyə-Azərbaycan. Mən xalqımızı ölkə başçımızın ətrafında sıx birliyə çağırıram. Əgər prezidentimizin ətrafında möhkəm birləşməsək, bizi pis hala qoyarlar”. \\Moderator