Beynəlxalq standartlaşdırma təşkilatı (İSO) və və Azərbaycan – LAYİHƏ

47

Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) 1947-ci ildə yaradılmış, müstəqil, beynəlxalq qeyri-dövlət və qeyri-kommersiya təşkilatıdır. Dünyanın 164 milli standartlaşdırma orqanı təşkilatda təmsil olunur. İSO-nun əsas funksiyası könüllü, consensus əsaslı, bazar yönümlü beynəlxalq standartların işlənib hazırlanmasından ibarətdir. İSO standartları məhsul və xidmətlərin təhlükəsizliyinin, etibarlılığının və keyfiyyətinin qarantıdır. Onlar biznes üçün strateji alət olmaqla istehsal xərclərini minimuma endirməklə, resurslardan qənaətlə və səmərəli istifadə etməklə və ətraf mühitə az zərər verməklə istehsal qabiliyyətinin artırılması və rəqabətqabiliyyətli xidmət təklif olunmasına imkan verir. Bu da öz növbəsində yeni bazarlara çıxış şansı, dünyada ədalətli və azad ticarətin təşviqi və ticarətdə texniki maneələrin aradan qaldırılması ilə bütün ölkələr üçün barəbər iqtisadi inkişaf imkanlarının qazanılması deməkdir. Bugünə qədər İSO tərəfindən 22447 beynəlxalq standart işlənib hazırlanmışdır. İSO elektrotexniki və elektronika sahəsində beynəlxalq standartları işləyib hazırlayan Beynəlxalq Elektrotexniki Kommisiya (IEC), telekommunikasiya sahəsində standartların müəllifi Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) ilə birlikdə “Dünya Standartlar Kooperasiyasını”- WSC (World Standards Cooperation) təşkil edir.

İSO-nun əsas icraçı orqanları:

– İSO Baş Assambleyası üzv ölkələrin milli standartlaşdırma orqanlarının və digər əməkdaşlıq etdiyi təşkilatların nümayəndələrinin iştirakı ilə ildə 1 dəfə iclasını (Annual Meeting) keçirir.

– İSO Şurası təşkilatın daimi orqanı olub 20 üzv ölkənin nümayəndələri və xüsusi komitənin üzvlərindən ibarətdir.

– İSO Katibliyi təşkilatın cari işlərlə bağlı fəaliyyətini həyata keçirir.

İSO-nun aşağıdakı xüsusi komitələri fəaliyyət göstərir:

– Prezident Komitəsi- İSO Şurasının məşvərətçi orqanı olub, Baş Assambleyanın qərarlarının icrasına nəzarəti həyata keçirir.

– Texniki İdarəetmə Bürosu (TMB)–Texniki Komitələrin fəaliyyətinə ümumi nəzarəti həyata keçirməklə digər texniki və təşkilatı məsələlərin həlli ilə məşğul olur. Hazırda iqtisadiyyatın bütün sferaları üzrə İSO-nun 250 Texniki Komitəsi fəaliyyət göstərir.

CASCO –Uyğunluğun qiymətləndirilməsi Komitəsi

– COPOLCO–İstehlakçılarla bağlı siyasət Komitəsi;

– DEVCO –İnkişaf etməkdə olan ölkələr Komitəsi;

– Council Standing Committees –Maliyyə və strateji məsələlər üzrə Daimi Komitələr;

– Ad hoc Advisory Committees – Xüsusi məşvərətçi qruplar.

İSO-nun mənzil qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Onu da qeyd edək ki, Azərbaycan Respublikası İSO-da 7 iyul 2003-cü il tarixindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (2003-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi) vasitəsilə tam hüquqlu üzv olaraq təmsil olunur. Eyni zamanda yerli ekspertlərimiz İSO-nun 14 Texniki Komitəsində müşahidəçi və tam hüquqlu üzv olaraq iştirak edir. Azərbaycan Standartlaşdırma İnstitutu 2017-ci ilin dekabr ayından İSO-nun tam hüquqlu üzvüdür.

ISO Standartlaşdırma Prosesi

Standartlar satıcıların, istehsalçıların, istehlakçıların, özəl assosiasiyaların və dövlətin maraqlarını təmsil edən üzv standartlaşdırma təşkilatlarının konsensusu əsasında qəbul edilir. Hər bir standart ISO standartı kimi qəbul olunmazdan əvvəl 6 mərhələdən keçir. İlk mərhələdə standardın layihəsi təklif olunur, ona olan ehtiyac və üzvlərin marağı müəyyən edilir. Ardınca layihə hazırlanma mərhələsinə qədəm qoyur, hansı ki burada hər bir cəhətdən təkmilləşdirilir. Layihə tamamlandıqdan sonra komitə mərhələsinə daxil olur və burada şərhlər və təkilflər edilir. Bu mərhələni keçən layihə Beynəlxalq Standart Layihəsi hesab olunur. Ardınca layihə sorğu mərhələsinə daxil olur və bütün üzvlər arasında səsə qoyulur. Əgər layihə 75%-dən az səs toplayarsa, aşağı mərhələlərə qaytarılır və proses təkrarlanır. Əgər yetərsay toplanılırsa, layihə Yekun Beynəlxalq Standart Layihəsinə çevrilir və son – təsdiq mərhələsinə keçirilir. Son seçkidə də bütün üzvlər iştirak edir və hədd kimi 75%-in səsi qoyulur. Bu mərhələni də uğurla keçən layihə dərc mərhələsinə adlayır və dərc olunmaq üçün ISO Mərkəzi Katibliyinə göndərilir.

Dünyada hal-hazırda 35-ə yaxın ISO standartları seriya ailələri mövcuddur. Bunlara informasiya texnologiyaları, keyfiyyətin yoxlanılmasının fərqli istiqamətləri, tibb, maliyyə, nəzarət-təftiş, kargüzarlıq, geoloji təhqiqatlar, kinematoqrafiya, tikinti, hüquqi şəxslər bazası sistemi, hətta məlumat ötürülməsinin hüquqi icrası standartları kimi ən kiçik və mühüm məsələlər daxildir. Azərbaycan da ISO-nun üzvüdür. Ölkəmizi ISO-da Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təmsil etməkdədir.

Azərbaycanda standartlaşdırma

Bu sahədə sistemləşdirilmiş qanunvericilik olmasa da, aid məsələlər müxtəlif qanunlarla tənzimlənir. Standartlaşdırma haqqında 1996-cı il 16 aprel tarixli Azərbaycan Respublikası qanunu isə bu sahədə ən vacib və prinsipal normativ hüquqi aktdır. Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycanın beynəlxalq müqavilələrində müəyyən edilmiş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur. Bu günə kimi normativ aktların, xüsusən də, qaydaların qəbul edilməsi ISO standartlarının tətbiqində və ölkəmizdə standartlaşdırma qaydalarının möhkəmlənməsində irəliləyiş yaratdı. Hazırda ölkədəki böyük şirkətlər işlərini məhz ISO standartları üzərində qurmaq üzərinə fokuslanırlar. Dövlət tərəfindən yoxlamalar da məhz bu istiqamətdə aparılır. Ölkəmizdə biznes sahəsində tətbiq olunan standartlara misal kimi ISO 9000 (Biznesin səmərəliliyi və müştəri məmnuniyyətinin təmin edilməsi ilə bağlı keyfiyyətin idarə olunması) və ISO 10011 (Audit idarə sistemləri) standartlarını göstərə bilərik. ISO 9000 standartlarının məzmunundan nümunə kimi:

Alıcıya fokuslanma,

Effektiv idarəolunma,

Əhalinin cəlb olunması,

Keyfiyyətin effektiv idarə olunması və əsaslı qərar qəbuletmə və s. göstərə bilərik.

Azərbaycanda da artıq ISO sertifikatları verən Baku Business Consulting MMC və bir neçə şirkət vardır.

Beynəlxalq standartların qəbulu və tətbiq edilməsi istiqamətində görülən işlər

Son illər ölkəmizdə beynəlxalq standartlar əsasında milli standartların qəbulu və tətbiqi istiqamətində işlər aparılır. Hazırda Azərbaycanda Normativ sənədlərin Dövlət Fondunda ümumilikdə 22000 standart mövcuddur. Bunlardan 720-si Azərbaycanın  Dövlət Standartı, qalanları isə dövlətlərarası (QOST) standartlardır.
Dövlət Fondunda olan standartların 45 faizi İSO-nun beynəlxalq standartları, Avropa standartları, Kodeks Alimentarius Komissiyasının standartları və Türk standartları ilə harmonizə olunmuşdur.
Bu standartlar neft-kimya, elektrotexnika, nəqliyyat, ekologiya, qida sənayesi, informasiya texnologiyaları, tikinti materialları, kənd təsərrüfatı, keyfiyyət sistemi və digər sahələri əhatə edir. Müəssisələr tərəfindən beynəlxalq standartların birbaşa tətbiqi də genişlənmişdir.
Belə ki, Beynəlxalq Standartlaşdırma Təşkilatının apardığı illik sorğuların nəticələrinə əsasən 2012-ci ilin sonunadək Azərbaycanda müəssisələr tərəfindən beynəlxalq standartlar (İSO 9001, İSO 14001, İSO 22000) üzrə 1614 sertifikat əldə edilib. Bunlardan 1352-si İSO 9001, 242-si İSO 14001, 20-si isə İSO 22000 üzrə olub. Ümumilikdə 2013-cü ilə qədər 1000-dən çox müəssisə idarəetmə sistemi standartlarını (İSO 9001, İSO 14001, İSO 22000 və s.) tətbiq etmişdir.
Bu isə həmin müəssisələrin qabaqcıl idarəetmə təcrübələri əsasında məhsul istehsal etməsinə və ixracına şərait yaratmışdır. Qeyd edək ki, ölkəmizdə  tətbiq olunan beynəlxalq standartların, demək olar ki, hamısı tanınmış idarəetmə sistemi (İSO 9001, İSO 14001, İSO 22000 və s.) standartlarıdır.
İSO-nun digər idarəetmə sistemi standartları və məhsullara və xidmətlərə aid bir çox standartları da var ki, müəssisələr onların tətbiqindən böyük səmərələr əldə edə bilərlər. Ölkəmizdə fəaliyyət göstərən əksər müəssisələr rəqiblərinin və müştərilərinin təsiri nəticəsində, eləcə də hər hansı tenderdə iştirak etmək və ya iri sifarişləri qəbul etmək üçün beynəlxalq standartları tətbiq etmək fikrinə düşürlər. Bu halda isə müəssisələri yalnız sertifikat əldə etmək maraqlandırır. Ona görə də onlar əvvəlcədən standartın tələblərini yerinə yetirməkdə maraqlı olmurlar. Odur ki, ən əsas problemlərdən biri müəssisələrin beynəlxalq standartları yanlış zərurət üzündən tətbiq etməsidir.

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq standartlar üzrə sertifikatlaşdırma firmalarının əksəriyyəti bu sahədə böyük təcrübəyə malikdir və dünyanın bir çox ölkələrində fəaliyyət göstərir.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.