Beynəlxalq siyasətimizin daha bir uğuru – LAYİHƏ

3

Avropa Parlamenti Ermənistana “barmaq silkələdi”

Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, Avropa Parlamentinin üzvü Marina Kalyurand, qurumun Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Jelena Zavko, əslində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin məlum mövqeyini bir daha təsdiqlədi. Təcavüzkar dövlət olan Ermənistan istisna olmaqla, beynəlxalq ictimaiyyətin bütün üzvləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və sənədlər Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam və qeyd şərtsiz çıxarılmasını tələb edir.

AP-nin bəyanatının strateji baxımdan üstünlüyü

Biz Avropa Parlamentinin üzvlərinin beynəlxalq hüquqa, eyni zamanda, Avropa İttifaqı Şurasının “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti üzrə” 2020-ci il 11 may tarixli yekun qərarına əsaslanan mövqeyini alqışlayırıq. Avropa İttifaqı Şurasının qərarında ifadə olunduğu kimi, beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyünə, müstəqilliyə və suverenliyə hörmət, demokratiya, rifah və sabitlik məkanını qurmaq üçün bizim ortaq öhdəliyimizdir. Bu mövqe, həmçinin Aİ-nin fundamental və institusional hüquqi norma və dəyərlərinə, prinsiplərinə uyğun olaraq səsləndirilib.

Bununla bağlı Ermənistanda müşahidə etdiyimiz təşvişə gəldikdə isə xatırlatmaq istərdik ki, Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı yalnız faktları ifadə edir, başqa heç bir şey yox. Biz Ermənistan hakimiyyətini beynəlxalq ictimaiyyətin qəti mövqeyini şübhə altına almağa vaxt sərf etmək əvəzinə, əhalisini sülhə hazırlamağa çağırırıq. Bölgədə davamlı sülh, təhlükəsizlik, sabitlik və rifaha yalnız Ermənistan təcavüzünün nəticələri aradan qaldırıldıqdan, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsindən, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasından, yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarına və əsas azadlıqlarına təminat verildikdən sonra nail olmaq mümkündür.

O da bəllidir ki, hazırda Ermənistanda vəziyyət çox kritikdir və ölkə getdikcə uçuruma yuvarlanır. İşğalçı ölkədə tənəzzül prosesinin yaşanması heç də təsadüfi deyil. Bunun əsas səbəbi ölkədə hökm sürən daxili böhrandır. Təbii ki, bu böhran dünən, bu gün yaranmayıb və onun uzun bir tarixçəsi var. Ermənistan müstəqilliyini qazandıqdan, daha doğrusu, aldıqdan sonra orada müxtəlif siyasi dairələrin, partiyaların mübarizəsi göstərdi ki, təcavüzkar ölkənin düşünən beyinlərinin əsas istəyi heç də firavan həyat qurmaq, öz xalqının mənafeyini düşünmək deyil. Onların niyyəti ərazi iddiaları irəli sürmək və qəsbkarlıq etməkdir. Ermənilər ömürboyu başqalarının torpaqlarına göz dikiblər, tarixboyu qonşu ölkələrə qarşı ərazi iddialarında olublar. Bu həqiqət ondan xəbər verir ki, ermənilər qonşuluq kimi məfkurəyə, düşüncəyə malik deyillər və olmaq da istəmirlər. Bu yanaşmanın ən böyük fəsadını isə erməni xalqı yaşayır.

Dilemma qarşısında qalan Ermənistan

Azərbaycan həm ərazisinə, həm də əhalisinin sayına görə Ermənistanı üstələyir. Amma Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı Ermənistanla müqayisədə kifayət qədər azdır. Bu da onu göstərir ki, təcavüzkar ölkənin hakimiyyət qüvvələrinin idarəçilik qabiliyyəti yoxdur və onlar hər şeyi başlı-başına buraxıblar. Təbii ki, bu amillər region üçün böyük təhlükədir. İşğalçı ölkədə lider dövlətlərin marağı da var və bu, obyektiv reallıqdır. Erməni xalqı çətin vəziyyətdən nicat yolu tapmaq istəyirsə, onları uçuruma aparan qüvvələrin ardınca getməməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan sələfləri kimi səriştəsiz və qətiyyətsiz rəhbərdir. Onun işi yalnız şoudan və cəfəng bəyanatlar verməkdən ibarətdir.

Ermənistanda kritik vəziyyətin yaranmasının səbəblərindən biri də siyasi böhranın dərinləşməsidir. Paşinyan və hakimiyyətinin taleyi tükdən asılıdır. Bunu ölkədə bir-birinin ardınca verilən istefalar da sübut edir. Əgər o, vaxtında Azərbaycana qarşı bir addım atsaydı, hər şey başqa cür ola bilərdi. Amma o, bunu bacarmadı. Ya özü istəmədi, ya da buna ölkədəki qaragüruhçu, türkofob qüvvələr imkan vermədilər. Çünki bu qüvvələr Azərbaycanla kompromisə getmək təklifi verilən anda qışqır-bağır salır, etiraz edir, asayişi pozurlar. Biz Ermənistan parlamentində dəfələrlə belə hadisələrin şahidi olmuşuq. Ermənistanda terrorçuluq meyilləri çox güclüdür və bu, çox təhlükəli tendensiyadır.

İşğalçılıq niyyəti artıq dünya birliyi tərəfindən qəbuledilməz hal sayılır

Ermənistan qəsbkar dövlətdir, öz işğalçılıq siyasətindən əl çəkmir və qonşu ölkələr üçün də təhdid yaradır. Avropa təsisatlarının Ermənistanın yol xəritəsinə münasibət bildirməsi və bununla bağlı bəyanat qəbul etməsi onu göstərir ki, artıq Avropada da təcavüzkar ölkənin bölgədəki siyasətinin yolverilməz olduğu qəbul edilir və qınanır. Başqasının torpağında beynəlxalq hüquq və normalara zidd olaraq infrastruktur yaratmaq, yol çəkmək heç bir məntiqə sığmır

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarına nə qədər sərmayə qoysalar da, nə qədər yol çəksələr də, xeyri yoxdur. Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edəcək. Həyatın iflic vəziyyətdə olduğu Ermənistanın hazırda Rusiya ilə münasibətlərində də böhran yaşanır. Avropaya meyl etsələr də, bunun da xeyri yoxdur. Lakin bununla belə, onlar bəd ssenarilərindən əl çəkmək istəmirlər. Bütün dünyada pandemiya ilə əlaqədar müəyyən boşluqlar yaranıb. Amma postpandemiya dövründə bu boşluqların aradan qaldırılması məsələsi gəldikdə, adekvat siyasət yürüdən ölkələrlə müqayisədə Ermənistanın dərin problemlə üz-üzə qalacağı gün kimi aydındır. Davos Dünya İqtisadi Forumu, Dünya Bankı, eləcə də Avropa İttifaqının müvafiq qurumları da bilirlər ki, Ermənistanın gələcəyə heç bir ehtiyatı və təminatı yoxdur. Münaqişənin hərb yolu ilə həll ediləcəyi təqdirdə, işğalçı ölkənin vəziyyəti daha da ağır olacaq.

Hər kəs bilir ki, Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar nəzarətə götürülüb. Bu mənada, Ermənistan xeyli xərc çəkib yeni yol çəkməklə hərbi manevr etməyə, qanunsuz məskunlaşdırmanı davam etdirməyə, təbii sərvətlərin talanına, istismarına, daşınmasına, narkotik vasitələrin tranzitinin gücləndirilməsinə nail olmağa cəhd edə bilər. Ümumiyyətlə, üçüncü magistral yolun çəkilməsi cəhdləri bir daha Ermənistanın qeyri-qanuni işğalçılıq siyasətini möhkəmləndirməsinə və Azərbaycan ərazilərinin ilhaqını davam etdirməsinə hesablanıb. Bu səbəbdən də Ermənistanın bu cür qanunsuz əməlləri onun beynəlxalq öhdəliklərinə ziddir, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Beynəlxalq hüquq Azərbaycan haqq işini dəstəkləyir və müdafiə edir. BMT Təhlükəsizlik Şurasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin üzvlərinin qətnamə və bəyanatları işğalçı ölkəyə ünvanlanmış konkret çağırış və tələblərdir. Amma bütün bunlarla yanaşı, dünya dövlətləri də, xüsusilə ikili standartlar siyasəti yürüdənlər, hüququ istismar edənlər də ortaya mövqe qoymalıdırlar. Artıq zamanıdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, beynəlxalq öhdəliklərini pozduğu üçün işğalçı ölkə cəzalandırılsın.

Ermənistanın qeyri-qanuni hərəkətlərinin, magistral yolun çəkilişi cəhdlərinin müharibənin yenidən alovlanmasına da səbəb ola bilər. Əgər bölgədə hərbi vəziyyət gərginləşərsə, bunun məsuliyyəti əlbəttə ki, Ermənistanın üzərinə düşəcək. Ona görə də beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar müharibə təhlükəsini nəzərə alaraq, Ermənistanın təxribatçı əməllərinə cavab olaraq qabaqlayıcı addımlar atmalıdırlar.

Qərb Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir

Ermənistan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf əraziləri üzərində yurisdiksiyasını təmin etmək üçün pozucu fəaliyyətini davam etdirir. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək üçüncü avtomobil yolunun çəkiləcəyi barədə dedikləri Avropa Parlamentində ciddi reaksiyaya səbəb olub.

Beləliklə, Avropa Parlamentinin son bəyanatından çıxan nəticələri ümumilikdə belə sıralamaq olar:

-Qərb institutları Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir;

-Bəyanatda “işğal olunmuş ərazilər” ifadəsinin işlədilməsi Avropa təsisatları tərəfindən işğal faktının tanınması anlamına gəlir;

-Sənəd Ermənistan tərəfindən Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin həyata keçirildiyinə aydınlıq gətirir;

-İşğalçı ölkənin qeyri-qanuni məskunlaşdırma hesabına işğalın nəticələrini qanuniləşdirməyə çalışdığı qeyd olunur;

-Bəyanatdan səmimi danışıqlara dəvət edilən əsas ünvanın Ermənistan olduğu ortaya çıxır.

Mütəxəssislər istər indiki pandemik, istərsə də ondan öncə, Azərbaycan və Ermənistanın Avropa təşkilatları ilə əməkdaşlığının strateji tərəflərini müqayisə edərək müxtəlif layihələrə rəsmi Bakı və İrəvanın verə biləcəyi faydalar ətrafında araşdırmalar aparırlar. Ötən il dərc olunan “İnvestisiyalar üzrə təxmini iş planının təsviri” adlı sənədə əsasən, Avropa İttifaqı və Dünya Bankı Şərq Tərəfdaşlığına qatılan 6 ölkəyə infrastruktur layihələrin gerçəkləşdirilməsi üçün 2030-cu ilədək 13 milyard avro ayırmaq niyyətindədir. Ayrılacaq ümumi məbləğdən Azərbaycanın 2,078 milyard, Ermənistanın isə cəmi 732 milyon avro vəsait alacağı gözlənilir. İşğalçı ölkənin bütün istiqamətlər üzrə geridə qalaraq siyasi prioritetini tam müəyyən edə bilməməsi ona qarşı daha genişmiqyaslı cəbhənin açılmasını və beynəlxalq mövqelərinin zəifləməsini şərtləndirir. Müşahidələr göstərir ki, rəsmi İrəvan Qərb dünyasının artıq laqeyd qalmadığı məsələlərdə hər hansı uğura ümid edə bilməz. Lakin hər bir halda, faktın özü narahatvericidir və beynəlxalq təşkilatlar daha sərt şəkildə təcüvazkarın məlum layihələrini qınamalıdır. Bu baxımdan ekspertlər iyunun 18-ə planlaşdırılan Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin liderlərinin videokonfransından çox şey gözləyir.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.