“Beynəlxalq rəydə ərazimizin itirilməsində əsas baiskar Rusiya olduğu qənaətini formalaşdıra bilməməyimiz əsas strateji səhvlərimizdəndir” – RÖVŞƏN AĞAYEV

96

“İdarəetmədə elə siyasi qüvvələr olmalı idi ki, Rusiya Cənubi Qafqaza münasibətdə tutduğu ədalətsiz mövqeyini dəyişməsə, Gürcüstan kimi Azərbaycanı da itirəcəyi riskini daim hiss etsin”

“Qarabağ və müharibə məsələsində strateji səhvlərimizi yaxşı təhlil etməliyik. Məsələn, gəldiyim əsas qənaətlərdən biri budur ki, beynəlxalq rəydə ərazimizin 20 faizinin itirilməsində Ermənistanın tək olmadığı, əsas baiskar (səbəbkar) Rusiya olduğu qənaətini formalaşdıra bilməməyimiz bizim əsas strateji səhvlərimizdən biridir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

O hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə imkan verməyən qonşuya öz əməllərinə layiq münasibət olmalıdır: “Rəsmi siyasət elə olmalı, idarəetmədə elə siyasi qüvvələr olmalı idi ki, Rusiya Cənubi Qafqaza münasibətdə tutduğu ədalətsiz mövqeyini dəyişməsə, Gürcüstan kimi Azərbaycanı da itirəcəyi riskini daim hiss etsin. Bunu dalaşmadan, çox ustalıqla, təhsil sistemi, media, sivil toplum vasitəsilə etmək tamamilə mümkün idi. Biz xüsusilə son 10 ildə tam əksini elədik: Qərblə az qala bütün körpüləri yandıracaq qədər yeni münasibətlər müstəvisinə keçdik, Rusiyada isə bizim istənilən halda ondan qopa bilməyəcəyimiz qənaətini tam təmin etdik. Şübhəsiz ki, başqa strateji səhvlər də var: uzun bir dövr ərzində ölkədə tüğyan edən genişmiqyaslı korrupsiya və onun doğurduğu həddən artıq kəskin sərvət qeyri-bərabərliyi, regiona nümunə ola biləcək demokratik islahatlar nümunəsini həyat keçirmək fürsətini Gürcüstana vermək, çağın tələbinə cavab verən təhsilli cəmiyyətin yaradılması imkanın əldən buraxılması və s.”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org