Beynəlxalq konvensiya və öhdəliklərin yerinə yetirilməsinin mövcud vəziyyəti – LAYİHƏ

25

(I yazı)

“Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiq edilməsi barədə” ölkə prezidentinin 2004-cü il 29 dekabr tarixli 161 nömrəli fərmanın 4-cü bəndinin doqquzuncu abzasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin mövcud vəziyyəti araşdırılmış və bu istiqamətdə həyata keçirilməsi tələb olunan tədbirlərə dair təkliflər hazırlanmışdır. Bu günədək ətraf mühitin mühafizəsi sahəsində 15 beynəlxalq konvensiyanı ratifikasiya etmişdir.

Beynəlxalq hüquq çərçivəsində inkişaf edən Azərbaycan

1997-ci ildə Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Konvensiyanın milli əlaqələndiricisi təyin edilmiş və əlaqədar təşkilatların ekspertlərindən ibarət işçi qrupu yaradılmışdır. Konvensiyadan irəli gələn öhdəlik və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Qlobal Ekologiya Fondu (QEF) və BMT-nin İnkişaf Proqramının maliyyə yardımı ilə “Birinci Milli Məlumatları” hazırlanmış və Konvensiyanın Katibliyinə təqdim edilmişdir. “Birinci Milli Məlumatlar” layihəsinin birinci fazasında iqlim dəyişmələrinin təsirinin minimuma endirilməsi üçün müvafiq tədbirlər planı hazırlanmış, ikinci fazada isə iqtisadiyyatın prioritet sahələrində istilik effekti yaradan qaz tullantılarının azaldılması üçün ekoloji cəhətdən təmiz texnologiyalara dair tələbatlar qiymətləndirilmiş və tətbiqinə dair təkliflər hazırlanmışdır.

Azərbaycan Respublikasının İkinci Milli Məlumatları

Bu mərhələdə əsas diqqət insan sağlamlığı, ekosistemlərə təsir, təmiz inkişaf mexanizmi üzrə layihələrin seçilməsinə yönəldiləcəkdir. Konvensiyanın Kioto Protokolunu Azərbaycan tərəfi 2000-ci ildə ratifikasiya etmişdir. Kioto Protokolu üzrə konkret olaraq kəmiyyət öhdəlikləri götürməmişdir və yalnız həmin Protokolun Təmiz İnkişaf Mexanizmində iştirak edir. Bu məqsədlə konkret pilot layihələrinin həyata keçirilməsi üçün Kanada, Danimarka, Fransa, Yaponiya kimi inkişaf etmiş ölkələrlə müvafiq danışıqlar aparılır. 2004-cü ildə Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında Azərbaycan hökuməti və Danimarka arasında Anlaşma Memorandumu imzalanmışdır. Fransa hökuməti ilə karbonun udulmasına dair meşə sahələrinin genişləndirilməsi layihələrinin həyata keçirilməsi məqsədilə ilkin texnikiiqtisadi qiymətləndirmə hesabatı hazırlanmışdır. Avropa İttifaqının TACİS Proqramı çərçivəsində Cənubi Qafqaz ölkələrinə və Moldovaya texniki dəstək layihəsi və istilik effekti yaradan qazların kadastrına dair Qlobal Ekoloji Fondun yaradımı ilə Azərbaycanda regional layihə həyata keçirilir.

“Ozon qatının qorunması haqqında” Vyana Konvensiyası

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”nu və Protokola aid olan müvafiq düzəlişləri Azərbaycan tərəfi 1996-cı ildə ratifikasiya etmişdir. Ötən müddət ərzində illik istifadə edilən ozonlaşdırıcı maddələrin miqdarı müəyyənləşdirilmiş və həmin maddələrin istifadəsinin mərhələlər üzrə azaldılmasını nəzərdə tutan ODM-in istifadəsinin mərhələlər üzrə azaldılması qrafiki tərtib edilərək Konvensiyanın Katibliyinə göndərilmişdir. Protokol üzrə götürülmüş öhdəliklərə görə artıq ölkədə xlorflüorkarbon tərkibli ODM-in istifadəsi və onların idxalı dayandırılmalıdır. Hazırda bu istiqamətdə və ümumiyyətlə ODM-in idxal və ixracının tənzimlənməsi üzrə müvafiq tədbirlər görülür.

Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi

Konvensiyanı Azərbaycan tərəfi 2002-ci ildə ratifikasiya etmişdir. Konvensiyanın Milli Əlaqələndiricisi təyin olunmuş və bu sahədə işlərin aparılması üçün işçi qrupu yaradılmışdır. Azərbaycanda atmosfer havasına atılan tullantılar barədə 2002-ci il üzrə məlumatların Konvensiyanın Katibliyinə verilməsi təmin olunmuş və sonrakı illər üzrə belə məlumatların hazırlanması davam etdirilir. Konvensiyanın “Ağır metallar”, “Davamlı üzvi çirkləndiricilər” və “Turşululuğun azaldılması, evtrofikasiya və yerin ozon qatının bərpası” Protokollarını ratifikasiyaya hazırlamaq üzrə işçi qrupu tərəfindən müvafiq tədbirlər görülür.

Sənaye qəzalarının transsərhəd təsiri haqqında

Konvensiya Azərbaycan tərəfindən 2004-cü ildə ratifikasiya edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Konvensiya üzrə səlahiyyətli orqan təyin edilmişdir. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə kömək məqsədilə Almaniyanın Təbiəti və Ətraf Mühiti Mühafizə, Nüvə Reaktorlarının Təhlükəsizliyi üzrə Federal Nazirliyinin maliyyə dəstəyi ilə “Kür çayı hövzəsində qəza vəziyyətinin xəbərdarlıq edilməsi üçün tədbirlərin hazırlanması və tətbiq edilməsi” layihəsi həyata keçirilir. Layihəyə əsasən Cənubi Qafqaz dövlətlərində Kür çayı hövzəsində qəza vəziyyətinin xəbərdarlıq edilməsi məntəqələrinin yaradılması və müvafiq avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulmuşdur.

BMT-nin ekoloji təhlükəsizlik strategiyasının Azərbaycanda tətbiqi

BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına Azərbaycan 2001-ci ildə qoşulmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bazel Konvensiyası üzrə səlahiyyətli orqan təyin edilmişdir. Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası və “Azərbaycanda təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası” təsdiq edilmişdir. Həmçinin təhlükəli tullantıların basdırılması üçün beynəlxalq standartlara uyğun poliqon inşa edilmiş və 2004-cü ildən təhlükəli tullantıların saxlanması üzrə Milli Mərkəz fəaliyyətə başlamışdır.

Torpaqların erroziyadan qorunması taktikası

BMT-nin ciddi quraqlıq və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə Afrikada səhralaşma ilə mübarizə üzrə Konvensiyasını Azərbaycan 1998-ci ildə ratifikasiya etmişdir. Ötən müddətdə Konvensiyanın ölkədə həyata keçirilməsi haqqında Milli Məruzə hazırlanmış, Milli Fəaliyyət Planının hazırlanması üçün məlumatlar təhlil edilmiş, ölkənin müxtəlif bölgələrində Konvensiyanın məqsədləri mövzusunda seminarlar keçirilmiş və digər işlər görülmüşdür. Hazırda səhralaşma problemləri ilə əlaqədar Meşələrin Bərpası Proqramının əməli həyata keçirilməsinə başlanmış, proqram üzrə ildə 3,9 min ha meşə əkini və 5,9 min ha təbii bərpaya kömək tədbirləri nəzərdə tutulmuşdur. 2004-cü ildə “Azərbaycanda yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Texnogen təsirlər nəticəsində çirklənmiş torpaqların reabilitasiyası və rekultivasiyası üzrə də bir sıra layihələr həyata keçirilir. Konvensiyanın yerinə yetirilməsi üzrə aidiyyəti nazirliklərin və idarələrin, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət Koordinasiya Şurası yaradılmışdır.

Davamlı üzvi çirkləndiricilər haqqında beynəlxalq təcrübədən istifadə yolları

Stokholm Konvensiyası Azərbaycan tərəfindən 2003-cü ildə ratifikasiya olunmuşdur. Konvensiya üzrə səlahiyyətli orqan kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilmişdir. Nazirlikdə Konvensiya ilə bağlı geniş məlumatlar toplanmış, aidiyyəti təşkilatların mütəxəssislərindən ibarət işçi qrup yaradılmış və müvafiq təkliflər planı hazırlanmışdır. Konvensiyanın qüvvəyə minməsi ilə əlaqədar 2004-cü ildə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif nazirliklərin, idarələrin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə “Pestisidlər, ətraf mühit və əhalinin sağlamlığı” mövzusunda geniş toplantı keçirilmişdir. İşçi qrupun üzvləri tərəfindən ölkənin regionlarında keçirilən görüşlərdə davamlı üzvi çirkləndiricilər barədə məlumatlar verilmiş və bu maddələrin ətraf mühit və sosial sahə üçün təhlükəsi barədə maarifləndirmə işləri aparılmışdır. 2005-ci ilin iyul ayından etibarən Qlobal Ekoloji Fondun və BMT-nin Sənaye İnkişafı Təşkilatının dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Fəaliyyət Planının hazırlanması prosesinə başlanılmışdır.

Su axınları və göllərin qorunması

BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyasını Azərbaycan 2000-ci ildə ratifikasiya etmişdir. Eyni zamanda, 22 oktyabr 2002-ci ildə Azərbaycan tərəfi Konvensiyanın “Su və Sağlamlıq” Protokoluna qoşulmuşdur. Protokol 2005-ci ildən hüquqi qüvvəyə minmişdir. Konvensiya çərçivəsində 2002-2003-cü illərdə TACİS Proqramının xətti ilə maliyyələşdirilən “Çayların birgə idarə olunması” layihəsi yerinə yetirilmişdir. Layihənin əsas məqsədi transsərhəd çirklənmələr sahəsində müşahidələr aparmaq, onları qiymətləndirmək və daim nəzarətdə saxlamaq, çirklənmənin aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməkdir. Layihənin yerinə yetirilməsi zamanı 4 transsərhəd çayın, o cümlədən Kür çayının monitorinqi aparılmışdır. Konvensiya çərçivəsində, eyni zamanda beynəlxalq göllərin monitorinqi və qiymətləndirilməsi üzrə pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda Candar gölü beynəlxalq təşkilatlar tərəfindən tərtib olunmuş 15 prioritet gölün siyahısına daxil edilmişdir. Transsərhəd çaylarda çirklənmənin monitorinqinin müntəzəm olaraq aparılması üçün Qazax və Beyləqan rayonlarının ərazisində müasir tələblərə cavab verən analitik tədqiqat laboratoriyaları yaradılmış və müvafiq avadanlıqla təmin olunmuşdur.

“Hürriyyət”

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.