“Beynəlxalq güclər Ermənistana dur demirlərsə, bu görüşlərin nə əhəmiyyəti var?…” – FƏZAİL AĞAMALI

159

ATƏT-in MİNSK Qurupunun həmsədrləri öz fəaliyyətləri ilə Ermənistanın işğalçılıq siyasətini müdafiə edir, onlara situmul verirlər. Nəticədə, təcavüzkara geniş imkan yaradırlar. Mən, bunu dəfələrlə demişəm. Bu, bütün görüşlərdən sonra özünü təsdiq edib”

Bunu Hurriyyet.org-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı həmsədrlər, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 29-da Cenevrədə baş tutacaq görüşünə münasibət bildirərkən deyib. O, bu görüşlərin əsas məqsədinin Azərbaycana müxtəlif formalarda təzyiq göstərmək olduğunu bildirib:

“ATƏT-in MİNSK Qurupunun həmsədrləri səviyyəsində aparılan növbəti görüş baş tutacaq. Mən, şəxsən bu görüşdən heç nə gözləmirəm. ATƏT-in MİNSK Qurupunun həmsədrləri öz fəaliyyətləri ilə Ermənistanın işğalçılıq siyasətini müdafiə edir, onlara situmul verirlər. Nəticədə, təcavüzkara geniş imkan yaradırlar. Mən, bunu dəfələrlə demişəm. Bu, bütün görüşlərdən sonra özünü təsdiq edib. Silahlı Qüvvələrimiz sentyabrın 27-də əks-hücuma keçdikdən sonra, yenə də ATƏT-in MİNSK Qurupunun həmsədrləri hərəkətə keçdilər. Ən çox da Fransa prezidenti Makron ermənilərə dəstək verməkdə xüsusi fəallıq göstərdi. Özünün faşist mahiyyətini və ədalətdən uzaq düşüncələrini ortalığa qoydu. Neytrallıq mövqeyi nümayiş etdirmək əvəzinə, açıq şəkildə Ermənistanın yanında oldu. Əvvəlcə, dedilər atəşkəs olsun. Biz də bununla razılaşdıq. Buna baxmayaraq, Ermənistan atəşkəsi kobudcasına pozdu. Moskvada da atəşkəslə bağlı razılığa gəldilər. Bu dəfə də Ermənistan atəşkəsi pozdu. Eyni zamanda ABŞ dövlət katibi səviyyəsində atəşkəsə çağırış edildi. Buna baxmayaraq, Ermənistan atəşkəsi hər zaman olduğu kimi pozmağa davam etdi. Ermənistan mübarizəni cəbhə bölgəsində deyil, münaqişə zonasından çox uzaqda yerləşən və hərbi mərkəz sayılmayan Gəncə şəhərini raket atəşinə məruz qoydu. Nəticədə, çox sayda mülki insan həlak oldu. Eyni qaydada, Bərdə şəhəri də raket zərbələrinə tutuldu və xeyli sayda insan həlak oldu. Ermənistanın əsl siması budur. Əgər, beynəlxalq güclər Ermənistanın bu cür vandal davranışına dur demirlərsə, bu görüşlərin nə əhəmiyyəti var?…Sadecə olaraq, görüşlərin əsas məqsədi Azərbaycana müxtəlif formalarda təzyiq göstərməkdir”.

YƏHYA