“Beynəlxalq güclər burada Qarabağ məsələsinə fərqli baxan siyasi qüvvə axtarmasınlar” – NATİQ CƏFƏRLİ

60

“Serbiyada bunu dənədilər, Kosovo məsələsinə fərqli baxan siyasi partiyalar və güclər tapıb onları şirnikləşdirib qabağa çəkə bildilər, Azərbaycanda bu, mümkün deyil!”

“Qarabağ davamızda, beynəlxalq hüquq çərçivəsində öz ərazimizin işğaldan təmizləmə məsələsində iqtidar-müxalifət arasında fərqli münasibət yoxdur, ola da bilməz. Bütün işğal altında olan torpaqlarımız düşmən tapdağından qurtulmalıdır!” Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Politoloqun sözlərinə görə, bu, həm də ona görə vacibdir ki, beynəlxalq güclər heç bir xəyala qapılmasınlar, burada Qarabağ məsələsinə fərqli baxan siyasi qüvvə axtarmasınlar: “Serbiyada bunu dənədilər, Kosovo məsələsinə fərqli baxan siyasi partiyalar və güclər tapıb onları şirnikləşdirib qabağa çəkə bildilər. Azərbaycanda bu, mümkün deyil! Qarabağ məsələsində məmləkət tək ürək, tək biləkdir! Prezidentə göstərilən siyasi dəstək məhz Qarabağla bağlıdır, iqtisadi, sosial, siyasi məsələlər var ki, onlarla bağlı fərqli düşünürük, fərqli çözüm yolları görürük. Qarabağımızı işğaldan azad etdikdən sonra o problemlərə fokuslanıb həll etməyə çalışacağıq. O zaman iqtidarla müxalifət sağlam rəqabət şəraitində mübarizə aparmalıdı, inkişaf həmişə rəqabətdən doğur! Yəni, dəfələrlə, illərlə yazdığımız kimi, yeni ictimai sazişə (yeni Ana Yasaya) ehtiyac çoxdan yaranıb. İndiki həmrəylik abu-havası bunun üçün ideal şəraitin yetişdiyini göstərir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org