Bethovenin kiminləsə söhbəti

90

  Pritça

1820-ci illərin ortalarında yaşı 50-ni ötmüş dünya şöhrətli saysız musiqi şedevrələrinin müəllifi Lüdviq van Bethoven həmişəki kimi tək-tənha bağda oturub saysız qayğılar içində  həmişəki kimi dərin düşüncələrə qərq olmuşdu. Artıq neçə illərdi ki o, heç nə eşitmir, yaxınları və tanışları ilə əsasən əl və barmaqlarla danışırdı. Problemlər isə çox idi, hansını sadalayasan? Ən pisi də dolanışıq çətinliyi idi. O, çox da yaşamayacağını hiss edib həyat məşəqqətlərinə görə kimi qınayacağını bilmirdi. Lakin bütün tənələri əlbəttə, bir ünvana yönəlmişdi. O isə çox, hədsiz çox uzaqlarda görünmz və bilinməz bir məkanda idi.

Onun həmişə hamının diqqətini cəlb eləyən gur, dağınıq saçaları artıq ağarmaqda idi və heç kimdə maraq oyatmırdı. Başı köksünə əyilimş bəstəkar birdən-birə sanki bir səs eşitdi. Özü də təəcüb elədi: Bu mümkündümü? Axı o nə vaxtdandır ki heç kimin səsini, hətta özünün yaratdığı musiqi səslərini belə, eşitmirdi. Bəs bu nə idi ki belə aydın eşitdi. Yüngül bir vıyıltımı, əsimmi? Və gözlənilmədən ürəyində xoş, isti bir yüngüllük hiss edib bir daha ətrafa nəzər saldı. Heç kim yox idi. Külək də əsmirdi.  Yalnız nəhəng platanların gözəl, sarımtıl yarpaqları tərpənirdi.

Və birdən-birə dahi bəstəkar bir səs eşitdi. Elə gözəl, mehriban səs idi ki, sanki ana iməkləyən körpəsini çağırırdı.

– Əziz messir, bilirəm layiq olduğun hər cür ali himayədarlıqdan məhrum yaşamısan. Hətta sevdiyin Eliza da səni sevdiyini deyib başqasını intixab etmişdir. Sən alqışlar altında müflis və yoxsul bir ömür yaşamısan. Bu doğrudan da ədalətsizlikdir və  həyatın milyon illərdən gələn təbii qanunlarından  doğur. Amma təsadüfən bu tənə və fəryadlarını eşidib gec də olsa ürəyini sevindirəcək bir iş görmək istədik. Sən nəsə, ürəyin nə istəsə bir arzunu, bir istəyini bu dəqiqə deyib çata bilərsən.

Nəfəs dərmədən bu səsə qulaq asan Bethoven əlbəttə mat-məəttəl qalmışdı. Ancaq sürətlə fikirləşdi ki, əşşi nəyimə lazım dərinliyinə gedim, bir halda ki mənim bir istəyim tələb olunur, niyə acıq edib haqq-hesaba başlayım və bu imkandan da özüm-özümü məhrum edim? Ona görə bir az fikirləşib başını qaldırıb səs gəlnə tərəfə dedi:

– Təzədən 23 yaşında olmaq istəyirəm.

Havada elə bil alov parladı və həmin andaca əridi. Sonra elə bil gözəgörünməz bir təbəssümün parıltısı göründü və haçandan-haçana həmin səs eşidildi:

– Əziz ustad, bu mümkündür və çox da asandır. Amma sən indicə 23 yaşlı gəncə çevrilsən, yaşaya bilməzsən. Çünki bütün ətraf, bütün canlı aləm sənə yad olacaq. Heç kim səni tanımayacaq. Hətta sənə ən sadiq olan, səni hamıdan çox sevən tazı da. Sən bu yad mühitdə dəli olarsan. Sənin 23 yaşına qayıdıb yaşamağın, xoşbəxt olmağın üçün bütün mühiti, sistemi 30-35 il bundan sonraya qaytarmaq lazımdır. Bu isə mümkün deyil. Hətta mənim üçün də. Yer üzündə aləm bir-birinə dəyər. Anı, günü qaytarmaq olar. Bütöv zamanı isə yox. Bunun üçün milyard bəşəriyyəti gəncləşdirmək lazımdır ki,  onun da yarıdan çoxu ümumiyyətlə yox olacaq. Görürsənmi bu,  dünyada yeganə istəkdir ki, yerinə yetirilməsi mümkün deyil. Əziz məxluq, başqa şey istə.

Bethovenin gur, çal saçlı iri başı  yenə köksünə endi. Və o, fikirləşdi: “Pah atonnan, taleyə bax, bədbəxtliyə bax ki, cəmi bircə arzun ola, onu da yerinə yetirmək kainatı idarə etməkdən çətin ola?!”

Sonra başını qaldırdı və gözlərini məchul bir nöqtəyə zilləyib nə qədər gözlədisə, heç bir səs eşidilmədi. Bəlkə də heç belə şey olmamışdı. Ancaq axı o eşitmişdi həmin səsi.

Əlisa  NİCAT