Əsəd separatçı Abxaziya və Osetiyanın müstəqilliyini tanıdı – KREML SURİYA REJİMİNİ QAFQAZDA OYNADIR

    18

    Suriya Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu haqda “Azadlıq” radiosunun gürcü xidməti məlumat yayıb.

    Məlumata görə qondarma “Abxaziya respublikasının” xarici işlər naziri Daur Kove Facebook sosial şəbəkəsində yazıb ki, Suriya separatçı qurumun müstəqilliyini tanıyıb. Abxaziya “prezidenti”nin vebsaytında yerləşdirilmiş məlumatda deyilir ki, “mayın 29-da Abxaziya Respublikası və Suriya Ərəb Respublikası bir-birlərini tanıdıqlarını, səfirliklər səviyyəsində diplomatik münasibətlərin qurulduğunu” elan ediblər.

    Bu gün Cənubi Osetiya separatçı rejiminin də müstəqilliyinin tanınması haqda informasiya yayılıb. Qondarma respublikanın xarici işlər nazirliyi Suriya ilə qarşılıqlı diplomatik münasibətlərin qurulması haqda kommunike yayıb.

    Cənubi Osetiyanın “rəhbəri” Anatoli Bibilov bunu tarixi hadisə adlandırıb, Suriya prezidenti Bəşər Əsədə şəxsən təşəkkür edib.

    Suriyanın SANA dövlət xəbər agentliyi də Dəməşqin Abxaziya və Cənubi Osetiyanı tanımağa razılaşdığını bildirir. Bu addımla “onların Suriyaya terrorçu təcavüzünə qarşı tutduqları mövqenin dəyərləndirildiyi” vurğulanıb. İndiyədək Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Rusiyadan başqa Venesuela, Nikaraqua, Nauru Sakit Okean adası tanıyıb.

    Abxaziya “prezidenti” Raul Hadjimbanın vebsaytında yerləşdirilmiş bəyanatda deyilir ki, Abxaziya, Suriya və Cənubi Osetiya “elçiləri” mayın 28-də Rusiyada görüşüblər, “müvafiq fikir mübadiləsi” aparıblar. Məlumatda Abxaziya və Suriya rəsmilərinin “qarşılıqlı səfərlər” etdiyi, “sıx münasibətlərin qurulduğu” da vurğulanır.

    Suriya rejiminin Gürcüstanın Rusiyanın nəzarətində olan iki separatçı bölgəsini “müstəqil dövlət” kimi tanıması heç şübhəsiz ki, yüz minlərlə suriyalını öldürən Bəşər Əsədin Moskva qarşısında minnətdarlıq ifadəsidir. Çünki Əsədi Suriyanın darmadağın edilməsi və ölkə əhalisinin yarıdan çoxunun qırılması, qaçqın düşməsi hesabına hakimiyyətdə saxlayan məhz Moskvadır. İndi Bəşər Əsəd Moskvanın əlində sirk ayısıdır və onu istənilən yerdə, istənilən havaya oynatmaq olar.

    Dəməşqin bu addımına cavab olaraq Gürcüstan Suriya ilə diplomatik münasibətləri kəsəcəyini bildirib. Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze tvitində yazıb ki, bu addım Rusiyanın manipulyasiya etdiyi Əsəd rejiminin beynəlxalq hüququ bir daha kobudcasına pozmasıdır və beynəlxalq ictimaiyyət bunu pisləməlidir. Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Dəməşqlə münasibətlərin kəsilməsi prosedurları başladılıb.