“Bərəkətli” bazarında səhər saat 4-də yumurta növbəsi – 11 ƏDƏDİ 5 MANATA… – VİDEO

    51

    Qonşu Türkmənistanda əsas ərzaq malları yenidən qıtlaşmaqdadır.

    Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, “Türkmənistan xronikası” saytı paytaxt Aşqabadda yumurta növbəsini əks etdirən videokadrları yayıb. Kadrlara əsasən paytaxtın “Bereketli” bazarının qapıları önündə səhər saat 4 radələrindən etibarən yumurta almaq istəyənlərin uzun növbəsi yaranıb. Bazarın qapıları saat 06.00-da açılır və dərhal yumurta satışı başlayır, bu zaman basabas yaranır. Yumurtanı adambaşına 11 ədədi 5 manata olmaqla satırlar. Görünür belə qiyməti ona görə qoyublar ki, uzun növbə şəraitində satıcılara qalıq qaytarmaq asan olsun.

    Saytın müxbirləri (onlar Türkmənistanda qeyri-leqal işləyir) xəbər verirlər ki, bazarın qapısı açılan kimi növbə basabasa çevilir, yumurta almaq istəyənlər bir-birlərini itələyir, qışqırır və söyür. Yumurta qısa vaxtda satılıb qurtarır və hamıya çatmır.

    Müxbirlər bildirirlər ki, qapıların açılmasından bir neçə dəqiqə əvvəl bazarın cənub çıxışında içəridən əllərində 30 ədədlik yumurta qutuları ilə çıxanları da görüblər. Bunlar dövlət mağazalarının satıcılarının tanışları və ya qohumlarıdır. Onlar 11 ədədlik yumurta növbəsində dayanmırlar və “arxa qapıdan” istədikləri sayda yumurta alıb çıxırlar.

    Ticarətçilər yumurta satışının səhər açılmadan başlamasını belə izah edirlər ki, rəhbərlik növbələri, basabası, söyüşləri və davaları görməməlidir. Satıcılar da səhər saat 4-dən oynmaq istəmir, amma başqa çarələri yoxdur.

    Analoji situasiya yerli istehsal olan toyuq ətinin dövlət qiymətinə satışı ətrafında da hökm sürür. İdxal toyuq əti isə son zamanlar mağazalardan yoxa çıxıb.

    Bundan əvvəl Türkmənistanda yuxarı oktanlı benzinin qıtlaşdığı haqda xəbərlər yayılmışdı.

    Ölkədə əsas ərzaq mallarının qıt olduğu bir vaxtda türkmənlər prezident Qurbanqulu Berdıməhəmmədovun türkmən qoyun iti alabay haqda kitabının çapdan çıxmasını bayram edir.