Bələdiyyələrin icra başçılarından asılılığına son qoyulmalıdır

    6

    Bunun üçün Avropa Şurasına üzv digər ölkələrdə olduğu kimi, Azərbaycanda da böyük şəhər bələdiyyəsi yaradılmalıdır

    Bu gün ölkədə bələdiyyələrin səlahiyyətlərinə müəyyən korrektələr etməyə, daha dəqiq desək, onların müxtəlif qurumlardan, əsasən də rayon icra hakimiyyətlərindən asılılığına son qoymağa, əhatə və təsir dairələrini genişləndirməyə ciddi ehtiyac var. Ekspertlərin fikrincə, bunun üçün ilk öncə konkret bələdiyyə ərazilərilə məhdudlaşan, ümumdövlət miqyaslı olmayan problemləri yerli özünüidarəetmə orqanlarına tapşırmaq, bu kimi məsələlərdə onlara müstəsna səlahiyyətlər vermək gərəkdir.

    Ümumiyyətlə, bələdiyyələr məhz o səbəbdən yaradılıb ki, insanlar öz yaşadıqları ərazi üçün xarakterik olan, həmin ərazinin sərhədələrilə məhdudlaşan və onu inkişafdan saxlayan problemləri müstəqil və operativ şəkildə həll edə bilsinlər. Məsələn, əgər sakinlər ərazilərində sıradan çıxmış elektrik transformatorunun təmiri, təsərrüfatdaxili suvarma kanallarının yenidən qurulması, ailə təsərrüfatlarını içməli su ilə təchiz edəcək artezianların qurulması kimi lokal məsələlər üçün yenə də kənardan qərar qəbul edilməsini gözləyirsə, sadə yerli problemlərin həllinə görə günlərlə, aylarla, bəzən hətta illərlə vaxt lazım gəlirsə, artıq bələdiyyə insititutunun mahiyyəti təhrif edilmiş olur. Məhz elə bu səbəbdən də mütəxəssislər mövcud qeyri-müəyyənliyə aydınlıq gətirmək üçün ən optimal çıxış yolu kimi qanunverici bazada ciddi islahatların aparılmasını görürlər. Yəni bələdiyyələrin statusunu və səlahiyyətlərini tənzimləyən qanunvericilikdə bələdiyyələrin həm məxsusi səlahiyyətlərinin, həm də hökumət orqanlarının yerli özünüidarə qurumlarına həvalə etdiyi səlahiyyətlərin əhatə dairəsi konkretləşdirilməlidir. Belə olan halda, yeri icra orqanlarının əksər səlahiyyətləri yeri özünüidarəetmə qurumlarına həvalə edilməlidir.

    Təəssüf ki, hazırda Azərbaycanda bu prosesin tam əksi müşahidə olunmaqdadır. Hətta son vaxtlar vəziyyət o həddə çatıb ki, yerli icra orqanları bələdiyyələrə məxsus səlahiyyətlərə belə, müdaxilə edirlər. Məsələn, bir şəxs bələdiyyəyə məxsus ərazidən torpaq alırsa, icra hakimiyyətləri həmin qurumun verdiyi sənədi qanunsuz hesab edir. Bu və digər bir çox məqamlar isə bir daha onu təsdiqləyir ki, bu gün bələdiyyələrin mövcud səlahiyyətləri heç də əhatəli deyil. Düzdür, bələdiyyələr yerli özünüidarəetmə orqanları ilə bağlı qanunvericilikdə göstərildiyi kimi yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək imkanına malikdir. Lakin bütövlükdə götürdükdə bələdiyyələr yerli özünüidarəetmə orqanı olaraq onlara verilən səlahiyyətlərdən tam yararlana və tam istifadə edə bilmirlər. Ona görə ki, bu gün bələdiyyələrin icra etməsi üçün nəzərdə tutulan səlahiyyətlər müəyyən icra strukturları tərəfindən məhdudlaşdırılır.

    Bu arada, o da qeyd olunmalıdır ki, qanunvericilikdəki müəyyən boşluqlar bələdiyyələrin öz səlahiyyətlərindən istifadə etməsinə imkan vermir. Məsələn, əgər bələdiyyə sədri yerli özünüidarəetmə orqanı üzvləri tərəfindən deyil, birbaşa əhali tərəfindən seçilsəydi, bu, sədrin üzərinə düşən məsuliyyəti əməlli-başlı artırardı. Ümumiyyətlə, bu gün yerli özünüidarəetmə orqanlarında mövcud olan problemləri tez bir zamanda aradan qaldırmaq, həmçinin onun icra hakimiyyətlərindən asılılığına son qoymaq üçün mütləq böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Çünki məhz bu yolla sosial, səhiyyə, təhsil məsələləri, abadlıq işləri, həm də həmin ərazidə yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması mümkün ola bilər. Əslində, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. Lakin müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, nədənsə hələ də müsbət sonluqla nəticələnməyib. Yəni hazırda Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur. Bu isə öz növbəsində, bələdiyyələrin fəaliyyətində nöqsanların artmasına, onların icra başçılarından asılı vəziyyətə düşməsinə səbəb olub.

    Qeyd edək ki, təxminən, eyni mövqedən çıxış edən Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bu yaxınlarda mətbuata verdiyi açıqlamasında icra hakimlərinin bələdiyyələrin müstəqil fəaliyyətinə imkan vermədiyini bildirib: "Azərbaycanda bələdiyyələr yaradılarkən dövlətimiz Avropa Şurasına daxil olmalı idi. Bu məqsədlə öhdəlik götürmüşdü. Bələdiyyələr də bu məqsədlə təsis olundu. Bu zaman ciddi araşdırmalar aparılmadı ki, buna şərait var yoxsa, yox. İcra hakimiyyətləri və bələdiyyələr ayrı-ayrı strukturlar olmalı, səlahiyyətləri qanunla bölünməli, bir-birinin işinə qarışmamalı idilər. Təcrübə göstərdi ki, icra hakimləri bələdiyyələrin müstəqil fəaliyyətinə ümumiyyətlə imkan vermədilər. Qanunvericilikdə eyni səlahiyyətlərin hər iki struktura aid edilməsi belə hallara gətirib çıxardı. Sonradan icra başçısı təyin olunan şəxslər bələdiyyə postuna öz adamlarını oturtdular. Yeni icra başçıları gəldikdə isə əvvəlki başçıların adamı olan bələdiyyələrin işini yoxlatmağa başlayır. Burada cinayət tərkibi görəndə aidiyyəti orqanlara müraciət edirlər". Məhərrəm Zülfüqarlı hesab edir ki, bu kimi halların qarşısını almaq üçün səlahiyyətlər bölünməlidir: "İcra hakimiyyətləri bələdiyyələrin işinə qarışmamalıdır. Onlara səlahiyyətlər verilməli, maliyyə imkanları yaradılmalıdır. Yalnız bu halda bələdiyyələrdən müsbət fəaliyyət görmək olar. İndiki halda problemlər həll olunmayıbsa, vəziyyət davam edəcək. Nəticədə yerlərdə problemlər həll olunmur".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org