Belarusla əlaqələr dayandırıldı – Zelenskidən Lukaşenkoya zərbə

51

Rəsmi Kiyev Minsk ilə bütün təmaslarını dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici işlər naziri Dmitri Kuleba açıqlama verib.

“Yalnız bu əlaqələrin Ukrayna üçün nüfuz, mənəvi, etik itkilərə səbəb olmayacağına əmin olduğumuz zaman bu təmaslar yenilənəcək”, – nazir bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski sonuncu dəfə respublikadakı seçkilərdən əvvəl belarus həmkarı Aleksandr Lukaşenko ilə danışıb.

Bundan əvvəl Zelenski Lukaşenkoya önümüzdəki ayda təkrar seçkilər keçirməsini və müstəqil müşahidəçilər dəvət etməsini tövsiyə etmişdi. Belarus Xarici İşlər Nazirliyi Zelenskiyə cavabında Minskin kiminsə məsləhətinə ehtiyacının olmadığını bildirmişdi.

Belarusda üçüncü həftədir kütləvi etirazlar davam edir. Avqustun 9-da keçirilmiş prezident seçkisində hazırkı dövlət başçısı Lukaşenkonun qələbə qazanması ölkədə etirazları qızışdırıb.