“Belarusda vəziyyət tezliklə stabilləşməyəcək”

177

Məhəmməd Əsədullazadə: “Hazırda Belarus Rusiya ilə Qərb arasında toqquşma meydanıdır”

“Yerli qüvvələrdən sağlam düşüncəli liderlər ortaya çıxıb, Lukaşenkoya qarşılıq versə,  ölkədə “ağ inqilab” baş tuta bilər”

Belarusda keçirilmiş prezident seçkilərindən bir ay ötdü. Seçki nəticələrindən narazı olan xalqın çox hissəsi hələ də sakitləşmək bilmir, dəyişiklik tələb edir. Rusiya isə iki NATO ölkəsi – Türkiyə və Yunanıstan arasındakı çəkişmələrdən istifadə edərək, Aralıq Dənizi bölgəsində mövqelərini möhkəmlətməyə və çoxdankı arzusu olan NATO-nu parçalamağı həyata keçirməyə çalışır. Gündəmdəki bu və digər məsələlərə politoloq Məhəmməd Əsədullazadə ilə aydınlıq gətirməyə çalışdıq.

  • Belarusdakı vəziyyət barədə nə düşünürsünüz? Ölkədə maraqları olan qüvvələr kimlərdir, vəziyyət kimin xeyrinə yekunlaşacaq?

– Belarusda avqustun 9-da keçirilən prezident seçkiləri, gözlənildiyi kimi, Qərblə Rusiya arasında geosiyasi maraq toqquşmasına keçdi. Hazırda xalq küçələrdədir. Lukaşenkoya qarşı təzyiq edirlər. Avropa dövlətləri Lukaşenkonun legitimliyini tanımasa da, Almaniya, Fransa, İtaliya ona qarşı sanksiyaları tətbiq edilməsinə də qarşı çıxdılar. Hər üç dövlət Rusiya ilə müəyyən əməkdaşlığa və əlaqələrə malik ölkələrdir. Avropa İttifaqı da bu prosesdə gözləmə mövqeyində durdu. Proseslərin hansı məcrada gedəcəyini planlaşdırırlar. Qeyd edim ki, Lukaşenko həqiqətən də öz hakimiyyətini ciddi şəkildə qorumağa çalışır. Ordu və Təhlükəsizlik orqanları Rusiyanın dəstəyi ilə onu müdafiə etməkdədir. Aksiyalar da dinc şəraitdə keçirilir. Biz bu aksiyalarda hər hansı bir iğtişaş, xaosun şahidi olmadıq. Amma müəyyən qrupların drujinalar yaratdığını, müəyyən küçələrdə barrikadalar qurduğu məlumatları gəlir. Bu da Qərbdəki müəyyən dairələrin Belarusdakı vəziyyəti gərginləşdirmək, xalq arasında çaxnaşma yaratma planının bir hissəsidir. Hesab edirəm ki, Belarusda vəziyyət tezliklə stabilləşməyəcək. Qərb öz namizədini hakimiyyətə gətirmək istəyir, amma müxalifət içində xarizmatik lider yoxdur. Sadəcə xalq özü ayaqdadır. Xanım Tixanovskayanın xaricdən prosesi yönləndirməsi heç də onun hakimiyyətə gələcəyi anlamına gəlmir. Biz müxalifətin koordinasiya şurasına qarşı hakimiyyətin atdığı radikal addımlardan görürük ki, artıq siyasi müxalifətin həbs edilməsi xalqın etirazına səbəb olsa da, proseslər müxalifətin birliyinə ciddi zərbələrin endirilməsi ilə müşahidə olunur. Bu da Lukaşenkonun mövqeyinin güclənməsinə gətirir. Düşünürəm ki, Lukaşenko məhz Moskvanın hərbi –siyasi, maliyyə dəstəyi ilə ayaqdadır. Onun Moskvaya səfəri gözlənilir. Tərəflər arasında maliyyə ilə bağlı sazişlər imzalandı. Hərbi sahədə də müqavilələr imzalandı. Həmçinin, Putinin bir neçə yüz nəfərdən ibarət xüsusi təyinatlı dəstəsi də Belarusa müdaxilə üçün hazır gözləyir. Putin bunu açıq şəkildə demişdi. Buna görə də Qərb ciddi müdaxilə edə bilmir ki, Rusiyanın əks-müdaxiləsi ilə qarşılaşa bilər. Amma Belarusun sərhədlərində NATO qoşunları təlimlər adı altında sərhədlərdə cəmlənib. Belarus hakimiyyətinin bununla bağlı həyəcan təbili çalması və bu kimi hadisələr göstərir ki, həqiqətən də Rusiya ilə Qərb arasında Belarus bir platsdarmdır, toqquşma meydanıdır. Tərəflərin toqquşması hələ ki, siyasi müstəvidə davam edir. Əgər etirazlar əhalinin silahlı aksiyaları kimi işə düşsə və təhlükəsizlik orqanları silahla qarşılıq versə, bu, ölkədə vətəndaş qarşıdurmasına çevrilə bilər. Lukaşenko da müəyyən pozitiv mesajlar verir. Prezidentlikdən yorulduğunu, amma Belarusu məhz özünün qurub-yaratdığını, bu vəziyyətdə hakimiyyəti təhvil verməyəcəyini, referendumla konstitusiya dəyişikliyini qeyd edir və dialoq təklif edir. Amma dialoqa gedə biləcək müxalifət liderinin olmadığını qeyd edir. Göründüyü kimi, Lukaşenkonun yanaşmasında da müsbət dəyişikliklər var. Hesab edirəm ki, yerli qüvvələrdən sağlam düşüncəli liderlər ortaya çıxıb, Lukaşenkoya qarşılıq versə,  ölkədə “ağ inqilab” baş tuta bilər. Lukaşenko da öz təhlükəsizliyini qarantiyaya alaraq hakimiyyəti təhvil verərək bir neçə ildən sonra kənara çəkilə bilər. Proseslər bu istiqamətdə gedir. Artıq Lukaşenko Moskvanın tam nəzarətindədir. Moskvanın orbitindən çıxsa, Kreml onu devirə bilər. Amma, qeyd etdiyim kimi, Avropanın sanksiyalar tətbiq etməməsi də buna hesablanıb. Avropa İttifaqı da hesab edir ki, Lukaşenko hakimiyyətdə qala bilər və münasibətləri elə qurmaq olar ki, o Rusiyanın orbitindən uzaqlaşsın. Bu tərzdə fikir versək, həqiqətən də Belarusda stabilliyin əldə olunması mümkün görünmür.

– Rusiyanın xarici işlər naziri Lavrov bildirib ki, Yunanıstan ilə Rusiya ənənəvi tərəfdaşdırlar və ölkəsi yunan Kipri ilə Türkiyə arasında vasitəçi ola bilər. Rusiyanın məqsədi Yunanıstan-Türkiyə narazılığından istifadə edib NATO-nu laxlatmağa çalışmaqdır?

– Əlbəttə ki, Rusiyanın Aralıq Dənizi periferiyasında baş verən geosiyasi toqquşmada öz maraqları var. Həmçinin Suriya ərazisində Aralıq dənizi sahilində Tarsus limanı var. Moskva proseslərdən kənarda qalmaq istəmir. Burada göründüyü kimi Kreml Yunanıstan tərəfinə stavka edir. Əvvəlki illərdə də bu iki ölkə arasında daim isti münasibətlər olub və Rusiya Türkiyəyə qarşı cəbhədə yer alıb. Yunan Kipri ilə Rusiya arasındakı əlaqələr və Lavrovun bu açıqlaması- Türkiyə ilə münasibətlərdə vasitəçilik təklif etməsi ilə Rusiyanın mövqeyini gücləndirməsi, NATO dövlətləri arasında müttəfiqliyə zərbə vurmaq məqsədi daşıyır. Hesab edirəm ki, artıq bu istiqamətdə Rusiya müəyyən qədər öz istəyinə çatıb. Həmçinin, Rusiyanın sülh vasitəçiliyi manipulyasiya ola bilər. Moskva heç bir münaqişədə sülhün və stabilliyin qorunmasının tərəfində olmayıb. Kreml çalışıb ki, problemi dondursun və status-kvonu saxlamaqla lazım gəldiyi vaxt problemə müdaxilə etsin. Moskvanın siyasi xətti budur. Hesab edirəm ki, Ankara buna getməyəcək, Moskvanın moderatorluğunu qəbul etməyəcək. Türkiyə Moskvanın bu bölgədə güclənməsini istəmir. Düşünürəm ki, ABŞ, İngiltərə, İtaliya bu məsələdə Türkiyəni dəstəkləyir. Rusiyanın Yunanıstanla Cənubi Kiprdə yaxınlaşması ABŞ və İngiltərənin Türkiyəni daha çox dəstəkləməsi ilə nəticələnəcək. Bu da məsələnin Türkiyə lehinə formalaşması deməkdir.

– İki gün əvvəl NATO-nun təcili toplantısı çağırıldı və Yunanıstanla Türkiyəyə aradakı narazılığı diplomatik yolla çözmək təklif olundu. Yəqin ki, bununla Rusiyanın prosesə cəlb olunmasının qarşısını almaq nəzərdə tutulub…

– Əlbəttə, Rusiyanın bu açıqlamasından sonra NATO Baş Katibi Stoltenberq həqiqətən də istəmir ki, alyans ölkələri arasında müttəfiqlik zəifləsin və parçalansın. Rusiya NATO-nun mövqelərini ələ keçirsin. Ona görə də belə bir toplantı keçirildi və tərəflərə danışıqlara getmək təklif edildi. Hesab edirəm ki, bu təkliflər əsasən Yunanıstan tərəfinədir və NATO-nun mövqeyi çox obyektivdir. Regionda sülhün və stabilliyin qorunması NATO alyansının parçalanmamasına yönəlib.

– Bilirik ki, Yunanıstan Türkiyə ilə mübahisə mövzusu olan adalarda ABŞ-a baza yaratmağa imkan verib. Rusiya da Yunanıstandan belə bir fürsət ələ keçirmək istəyir?

– NATO çətiri altında ABŞ Aralıq dənizində müəyyən adalarda hərbi bazalar yerləşdirib. Bu addımla Rusiyanın Aralıq dənizində güclənməsinin qarşısını alır. Rusiya da Aralıq dənizindəki maraqlarını Cənubi Kipr Yunan respublikası vasitəsilə əldə etməyə çalışır və regionda qalıcı olmağa çalışır.

-İranın Ermənistana silah daşınmasında rolu sirr deyil. Azərbaycan buna qarşı rəsmi hansı addımları ata bilər? İranın Azərbaycandan keçərək Rusiyaya yük daşınmalarına limit qoymaqla nəsə əldə oluna bilərmi?

– Keçən dəfə də İranın hava nəqliyyatı ilə Rusiyadan Ermənistana silah daşımasını qeyd etmişdim. İndi isə yerüstü vasitələrlə – İranın dövlət nömrə nişanlı maşınlarla Xəzər dənizindən gəmilərlə gələn hərbi avadanlığı Ermənistana daşıyır. Artıq bu səpgidə biz ötən gün açıqlamalar verdik, amma İran səfiri bizim bu açıqlamalarımıza sərt təpki verdi, bunun yalan olduğunu bildirdi. İran bir neçə ay bundan əvvəl Qarabağa İran maşınlarının yük daşımasını da rədd etdi. Halbuki video görüntülər, şəkillər ortadadır. İranın bu şəkildə yalan danışmasını rəsmi Bakı obyektiv şəkildə səmimi qəbul etmir və çalışır ki, Tehranı yola gətirsin. Prezident İlham Əliyev ötən gün İranın səfirini qəbul edərkən bu ölkə ilə diplomatik müstəvidə xoşniyyətlə danışdı və sətiraltı mesajlarını verdi. Azərbaycan İranla diplomatik əlaqələri pozmaq istəmir. Amma görünür ki, İranla nə qədər xoş dillə danışılsa da İran Ermənistanın tərəfindədir. Hesab edirəm ki, Azərbaycan necə ki, Rusiyaya və Yunanıstana sərt reaksiya verdi, İrana qarşı da sərt siyasətə əl atmalıdır. İranın şimalı və Şərqi Avropa ölkələrinin tranziti Azərbaycan üzərindəndir. Azərbaycanla müştərək iqtisadi əlaqələri var. Düşünürəm ki, Azərbaycanın əlində İrana qarşı qoya biləcəyi təzyiqlər var. Görünür rəsmi Bakı hələ ki, bu cür sərt tədbirlərə əl atmır. Çalışır ki, Tehranla münasibətləri daha da sıxlaşdırsın və Ermənistanla yaxınlaşmanın qarşısını alsın. Düzdür, iqtisadi layihələrdə Azərbaycan Ermənistanı kənarda saxlayıb, imkan verməyib  İran bu layihələrə Ermənistanı qoşsun. Amma fikrimcə, Azərbaycanın qırmızı xətti olmalıdır. Azərbaycanın təhlükəsizliyini təhdid edəcək hərəkətlərə yol verilir. Azərbaycan İrana qarşı hansısa hərbi əməliyyatlara platsdarm olmadığını bildirir, amma İran isə öz ərazisindən Azərbaycana qarşı düşmən ölkələrin istifadə etməsinə şərait yaradır. Azərbaycan artıq İrana bu məsələdə öz təzyiqini göstərməlidir və Azərbaycanın İrandan çəkinəcəyi bir faktor olmamalıdır. Əksinə İranın Azərbaycandan çəkinəcəyi faktorlar var. Qeyd etdiyim kimi Güney Azərbaycan məsələsi, iqtisadi əlaqələr. Azərbaycanın onsuzda siyasi-iqtisadi məsələləri Avropa ilədir. İran Azərbaycana nə edə bilər ki? Heç bir şey edə bilməz. Çünki ortada Türkiyə faktoru var. İrandan bu qədər çəkinmək lazım deyil. Artıq Güney Azərbaycanın Milli Şurası da bəyan edib ki, Qarabağ məsələsi onların da gündəmindədir. Tehranın Azərbaycana qarşı bu cür siyasəti Güney Azərbaycanın ayaqlanmasına gətirib çıxara bilər.

– Saakaşvili Gürcüstan siyasət meydanına geri qayıdacağını bəyan edib. Rusiyanın Gürcüstandan da çıxarlmasına şahid ola biləcəyikmi? Saakaşvili bunu bacaracaqmı?

(Ardı var)

Ülviyyə ŞÜKÜROVA