“Belarusda Ukrayna ssenariləri təkrarlana bilər”

105

 

Zahid Oruc: “Bu cür geopolitik inqilablar xalqın özünə xeyir vermir”

“Belarusda mübarizə aparan minlərlə gənc görəcək ki, istəmədikləri qüvvə hakimiyyətə gəlmiş olub”

Belarusda 26 ildir hakimiyyətdə olan Aleksandr Lukaşenkonun istefasını tələb edən on minlərlə insan bir neçə gündür mitinqlər keçirir. Etirazçılar əllərində müxtəlif plakat və bayraqlarla şüarlar səsləndirir.

Belarusdakı proseslərin hansı məcrada davam edəcəyini aydınlaşdırmaq üçün Milli Məclisin insan hüquqları komitəsinin sədri, deputat Zahid Orucla həmsöhbət olduq. Zahid Oruc Hurriyyet.org-a münasibətlərin kəskinləşəcəyi və növbəti dəfə toqquşmaların qan tökülməsiylə müşahidə olunacağı halda, Ukrayna ssenarilərinə təkrar ola biləcəyini qeyd edib:

– Zahid bəy, Belarusda proseslərin gedişini necə görürsünüz?

– Hazırda Belarusda seçkilərdən sonra nəticələrdən narazı qalan qüvvələr küçə və meydanlarda mübarizəyə qalxıblar. Rəsmi hakimiyyət, o cümlədən etirazçılar arasında hər hansı bir danışıq və ya dialoq platforması ortada olmadığından, sanki proseslər çox mənfi ssenari üzərində inkişaf etməkdədir. Əlbəttə ki, burada onlarla müxtəlif səbəbləri görmək mümkündür. Bir tərəfdən, rəsmi müxalifət partiyalarının güclü olmaması və o səbəbdən xalqın lidersiz inqilabi mübarizələr şəraitində fəaliyyət aparması, o cümlədən son seçkilərdə iştirak edən şəxsin də hazırda Litvada özünə sığınacaq tapması fonunda legitim qüvvələr məkanı ortada yoxdur. Belə desək, hakimiyyət müxalifəti, o cümlədən etirazçılar iqtidarı tanımır. Belə qarışıqlıqlar fonunda burada hər qüvvənin yerini görmək mümkündür. Təkcə, dövlət rəhbərliyinin bəyan etdiyi Polşanın, Çexiyanın, yaxud da Qərbin hərbi qüvvələrini deyil, eləcə də bölgə dövlətlərinin də müxtəlif maraqları uğrunda hərbi-siyasi mübarizəsinin əlamətləri görünür.

– Bu ölkədə daha hansı əsgəri qüvvələr ortalığa gətirilə bilər?

– Bunu indi proqnozlaşdırmaq çox çətindir. Qeyd etməliyik ki, keçmiş Sovet məkanında birinci növbədə hadisələrin dinc məcrada yoluna qoyulmasının tərəfindəyik. Qafqazda hansısa ölkədə gedən inqilabi proseslərdə biz həmin ölkəni dilə gətirə bilərdik, o cümlədən ölkəmizlə ən mühüm və xüsusilə də hərbi böhran dövründə prinsipial mövqe göstərən dövlətin daxili həyatındakı sabitlikdə olmasında maraqlıydıq. Digər tərəfdən, hakimiyyəti dəyişib-dəyişməmək müstəsna olaraq xalqın işidir. Bu, Belarus vətəndaşlarının mübarizəsinin və yaxud da münasibətlərinin nəticəsində meydana gəlməlidir. Əks halda, kənar qüvvələrin təsiri dövlətçiliyin məhvinə səbəb ola bilir. Bunu biz öz tariximizdə yaşamışıq.

– Sizcə, həqiqətən də Belarusda gedən son proseslər kənardan idarə olunur?

– Əlbəttə, biz tərəfdən baxışlar və münasibətlər çərçivəsində fərqindəyik ki, bir çox qüvvələr istəyər ki, bu kimi proseslərin bizə də təsir olsun. Və onlar bunu arzulayır və istəyirlər. Biz bunu hər zaman müşahidə edirik. İnformasiya məkanına dövr etdirilən müxtəlif şərhlər, təhlillər və yazılar içərisində bizim ölkəmizə də müxtəlif təxribat yönümlü fikirlər yayılmaqdadır. Belarusiyada gedən proseslər elə görünür ki, lidersizlik vəziyyətində əks cinahın bir neçə istiqamətdə addımları mümkündür. Əgər münasibətlər kəskinləşəcəksə və növbəti dəfə toqquşmalar qan tökülməsiylə müşahidə olunacaqsa, bu, avtomatik olaraq Ukrayna ssenarilərinə təkrar yol aça bilər. Nəticədə hakimiyyətin nüfuzu düşəcək və toqquşmalar nəticəsində olan qurbanlarsa insanların içərisində olan hiddəti daha da kəskinləşdirəcək. Nəhayət, bundan sonra Belarus xalqı içərisində olan müsbət imic informasiya məkanında arxa plana sıxışdırılacaq. Əvəzinə, konkret ölkələrin bu regionda növbəti bir ərazini qazanmaq imkanı olacaq.

– Zahid bəy, minlərlə Belarus gənci hazırda küçə və meydanlara axışıb. Sizcə, onlar istəklərinə nail ola biləcək?

– Dünən Ukraynada çox məşhur olan simanın Belarus xalqına müraciətiylə tanış oldum. Onun fikirləri həqiqətən də çox təsirliydi.  O, söyləyirdi ki, iki dəfə Ukraynada məlum inqilabi proseslərdə onlar mübarizənin ön cəbhəsində olublar. Qeyd edir ki, hədsiz çöhrəsində vətən bağlılığı olan on minlərlə Belarus gəncləri fərqində olmadan bir də görəcəklər ki, kifayət qədər siyasi oyunçular proseslərin bəhrəsini görürlər. Onlar hakimiyyəti içəridən ələ keçirəcəklər. Bundan sonra mübarizə aparmış minlərlə gənc görəcək ki, istəmədikləri qüvvə hakimiyyətə gəlmiş olub. Bu, həqiqətən də belədir. Hadisələr adətən lokal bir ölkəyə yönəlir. Hamı həmin dövrə əsasən paylaşımlarında ən çox həmin məsələlərə toxunurlar. Nətiəcədə, hakimiyyətin hansı siyasi qüvvəni təmsil etdiyi unudulur. Bundan sonra ortaya xalqın faciələri gəlir. Bu faciələrdən isə bəhs etmək istəyən olmur. Mən xatırlayıram ki, 2011-ci ildə BBC və CNN ən azı üç ay özünün baş xəbər yerinə Qəddafi ilə başlayırdı.

– Proseslər daxili vətəndaş qarşıdurmalarına gətirib çıxara bilərmi?

– Biz keçmiş Sovet məkanında sabitliyin və əminamanlığın tərəfindəydik. Qətiyyən, bu demokratiyanın hansısa şəkildə əleyhinə olmaq anlamına gəlmir. Bütün məsələlərdə şübhəsiz ki, dialoq və danışıqlaqların düzgün aparılması mövqeyindəyik. Digər tərəfdən də Belarusda tökülə biləcək qanlar sonrakı dövrlərdə həmin ölkənin dövlətçiliyinə zərbə vurmuş olacaqdır. Biz bunu ərazi bütövlüyümüzün təminatında olan itkilərdə yaşamışıq. Yəni belə səhnələr bir sıra hallarda təəssüf ki, başlıca elan olunmuş amallardan çıxır. Daxili vətəndaş qarşıdurmalarının və xarici müdaxilələrin olması riski daha da artmış olur. Bu cür geopolitik inqilablar isə, xalqın özünə xeyir vermir.

YƏHYA