Belarusda inqilabı idarə edənlər…

105

NEXTA, “MixroskopMedia”, “MeduzaMedia” və digərlərini Belarusda birləşdirən nədir?

Kütlə var ki, xalqdan nəhəngdir. Bu ikisi arasında tükdən incə keçid mövcuddur. O qəbər incə ki, birindən o birinə keçidi, ancaq siyasi peşəkarlar reallaşdıra bilir. İstifadə olunan populist variantlar kütləni şişirdir, xalqı kiçildir, mütiləşdirir. Beləcə siyasət nəhənglərinin qorxulu inqilabları reallaşır. İşin acınacaqlı tərəfi o ki, xalq kütləyə çevrildiyinin fərqində olmur. Çünki siyasi bilikləri yoxdur. Kütlənin köməyi ilə inqilabı reallaşdıranlar məqsədə çatdıqdan sonra, ilk gördüyü iş inqilabçıları cəzalandırmaq olur. Yəni kütlə inqilabının ilk zərbəsini, məhz kütlə inqilabçılar alır. Onları idarə etmək və yerlərini göstərmək üçün, bu, son dərəcə vacibdir. Belarusda indən belə baş verən və gözlənilən budur.

Bəs, niyə məhz Belarusda insanlar küçəyə çıxarıldı? Orada işsizlik problemi demək olar ki, yoxdur. Hər kəs mənzil problemini çözüb. Ölkə dünyada intihar, kriminal hadisələrin sayına görə öncüllərdən deyil. Yaşamaq üçün dünyanın ən rahat dövlətlrindən biridi. Səhiyyəsi və iqtisadi inkişafı qənaətbəxş sayılır. Ali məktəblərdə pullu təhsil demək olar ki, yoxdur. Güclü sənayeyə və texnologiyaya malikdir. Keyfiyyətli dərman sənayesinə və tibbi avadanlıq istehsalına malikdir. Şəhərləri, yoları abaddır. Dünyanın ən keyfiyyətli ərzaq istehsalçılarındandır. Inkişaf etmiş aqrar təsərrüfatları mövcuddur. Bir çox iri müəssisələrdə dövlət və yerli sərmayələr dövriyyədədir. Milləti dünyada ən çox kitab və qəzet oxuyan adamlardan ibarətdir. SSRİ tərkibindən çıxdıqdan sonra heç nəyi dağıtmayan, əksinə inkişaf etdirən, yeganə ölkədir. Bütün iri şirkətləri Avropa, Qərb və Rusiya inhisarından çıxarılıb.

Sonuncudan başlamaq lazımdır. Sovet tərbiyəsi alan, qaba liderin tərəf olmaması yaxın qonşuları, SSRI havasında olanları və Belarusdan qovulan, dünyanın hesablaşmağa məcbur qaldığı nəhəng biznes qurumlarını qıcıqlandırır. Dünyada döyüşürkən, pandamiyaya “yox” demək, bardağı daşıran son damla idi.

Belarus xalqı tiranı yola salır deyib, bu olaylarla Azərbaycan arasında yaxın prespektiv üçün eynilik axtaranlar təbii ki, məsələnin mahiyyətini dəqiq bilir. Azərbaycanda kimin və haraların əlinə “oynadıqlarının” da fərqindədirlər. Amma bu məqamlara toxunmaq onlar üçün əlverişli deyil. Çünki özləri də etiraf edir, Azərbaycanda durumlar nə qədər qarışıq olsa, bu o qədər sərfəlidir.

Belarusdakı vəziyyətin himayədarlarına gəlincə, prosesi işıqlandıran media resuslarına diqqət etmək son dərəcə aydın mənzərə yaradır. Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda mühacir, küçə, söyüş mediasına diqqət çəkənlər, ölkədə daha ciddi media resuslarının binovrəsini qoyur. Necə ki, bunu Belarusda ediblər. Artıq Azərbaycana da bir qolları transfer edilib. İnformasiya baş verə biləcək inqilabın yarı faizini təşkil edir. İndi gəlin diqqət edək ki, Belarus olayında hansı media quruluşları iştirak edir və haralara bağlıdırlar? Hansılarının Azərbaycan qolu artıq mövcuddur?

2018-ci ildən fəaliyyətdə olan “MixroskopMedia” Belarus olaylarına anbaan reaksiyalar verir. Bəli, peşəkar yanaşmadır. Gələk ona ki, “MixroskopMedia”nın əli haralara uzanır? Əsasən orta təbəqə vətəndaşların aktiv olduğu FB-də bu media quruluşu son dərəcə fəaldır. Onlar Qərbin donor təşkiatından maliyyələşir. Qeyri-şəffaf media resursudur. Təsisçiləri Almaniyada oturur. Əsasən Latviya üzərindən idarə olunurlar.

Bu arada, Belarus prezidentliyinə namizəd xanım Tixanovskaya həyat yoldaşının həbsindən sonra, xalqa məhz Litvadan müraciət etdi. Olduğu məkanı bəlli etməsə də müraciətində insanları dayanmamağa çağırırdı. Tixanovskaya artıq Belarusun milli lideri olmağa hazırlığını bəyan edib. Qeyd edək ki, xanım Tixanovskaya Belarus lideri olmaq üçün hazırlanan iki siyasətçidən biridir.

İkincinin, kimliyinə də bir az sonra toxunacağıq. Hələlik, “MixroskopMedia” haqda daha bir detal. “MixroskopMedia”, “MeduzaMedia” resursu ilə oxşardır. Hər iki media quruluşunu birləşdirən ən vacib detal, Rusiyaya müxalif münasibətdə olması və eyni yerdən maliyələşməsidir.

Ayrıca bir mövzudur ki, bunu da araşdırılmasında fayda var. Azərbaycana yeridilən Qərbyönümlü sosila media quruluşlarının bir xeylisinin maliyyəsi Pibaltika ölkələri üzərindən göndərilir? Niyə? Bunun Azərbaycanın aidiyyatı qurumlarının ciddi araşdırmasına ehtiyac var.

Gələk daha bir media resusuna. NEXTA-Teleqramm kanalı. Kanal Belarusda baş verənlərin detallı təqibçisidir. Demək olar əkssəriyyətin istinad mənbəyidir. Polşada yaşayan gənc müxalifətçi Stepan Putilo tərəfindən idarə olunur. Üstəlik bu günlərdə Polşa baş naziri bəyan edib ki, Belarusda fəaliyyət göstərən müstəqil (əslində “müstəqil” də demək olar-red) KİV-lərin maliyələşməsi üçün daimi olacaq maliyə mənbələr araşdırılır.

Daha maraqlı bir detal. Əvvəlcə Rusiya, sonra Ukraynaya qaçan, Belarus prezidentliyinə eks namizəd Valeriy Çepkalo da bu günlərdə Polşaya gəlib. O, Qərbin Belarus Prezidentliyinə namizədlərindən biri sayılır. Digər namizəd, yuxarıda adı qeyd olunan xanım Tixanovskayadır. Sağ göstərib, sol “vuran”, Qərbin, əsas namizədinin Çepkalo olduğu istisna edilmir. Çünki, onun Polşaya gəlməsinin səbəbi, hələlik adları açıqlanmaya, amerikalı siyasətçilərlə qapalı görüşünün təşkil olunması ilə bağlıdır.

Yəqin ki, Belarusda başlayan məlum prosesin postsovet ölkələrini əhatə etmək istəyinin mövcudluğu kimsəyə sirr deyil. Bu gün hələlik hədəf Belarusdur. Ölkədə vəziyyətin yumşalması isə Lukaşenkonun tərəf olub olmayacağına çox bağlıdır. Maraqlı olanı budur ki, Lukaşenko dəstəyi niyəsə Rusiyadan almağa niyyətli görünür. O, son çıxışlarından birində açıq şəkildə bəyan edib, Rusiya bizim müttəfiqimizdir. Çıxışdan sonra, Lukaşenko vətəndaşlarla görüşlərdən birində, “get! get! get!” şüarı ilə qarşılansa da, sözünü deyib və getməyəcəyini bəyan edib, kürsüdən düşə-düşə “indi nə qədər istəyirsiniz get, qışqıra bilərsiniz!” söyləyib. Bu nisbi rahatlığa səbəb yəqin ki, Rusiya mediasında Belarusdakı vəziyyətlə bağlı Lukaşenkonun xeyrinə yazıların yer ayrılmasıdır.

…Lukaşenkonun sözüdür, diktator olmaq, sarsaq olmaqdan yaxşıdır, mən sarsaq deyiləm…

Bəlkə etirafdır, bəlkə haralarasa mesaj, onu demək çətindir. Amma bunu dəqiq bilirəm, dünya həm də o liderə diktator deyir ki, öz dövlətini qurub, millət marağı güdüb və siyasi hakimiyyətdə uzun müddət qalıb. Ancaq bir məqam var, Lukaşenko dünyanın da hesablaşdığı böyük şirkətləri, Qərbi, Rusiyanı zamanında ölkəsindən qovmasaydı, sərt münasibət göstərməsəydi yəqin ki, indi hakimiyyətinin yaşı da önəmli olmazdı.

Jalə MÜTƏLLİMOVA