Belarusda etiraz aksiyasına qoşulan azərbaycanlı itkin düşüb

72

Belarusun Brestskaya şəhərində yaşayan, yerli vətəndaş, əslən Azərbaycanın Astara rayonundan olan, 1986-cı il təvəllüdlü Baxışov David Baxışəli oğlu Minskdəki etiraz aksiyalarında yoxa çıxıb.

“Report”un Avropa bürosunun məlumatına görə, D. Baxışov etirazların ilk günündən Minskə gedərək 0aksiyalara qoşulub.

Artıq iki gündür yaxınları və dostları ondan bir xəbər əldə edə bilmir. Hüquq-mühafizə orqanları isə bu ad və soyadda şəxsin saxlanılmadığını bildirib.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçki məntəqələri bağlandıqdan sonra respublikada nəticələrin saxtalaşdırılmasına qarşı icazəsiz etirazlar başlayıb. Etiraz aksiyaları zamanı polis və daxili qoşunlar nümayişçilərə qarşı gözyaşardıcı qaz, səsli qumbara və rezin güllələrdən istifadə edir.

Ardından ölkənin ən böyük sənaye müəssisələrində etiraz tətili başlayıb, işçilər yeni seçkilərin keçirilməsini və nümayişlərdə nümayişçilərə qarşı sərt davranışa son qoyulmasını tələb ediblər. Müxalifət namizədlərinin hamısının qərargahı seçkinin nəticələrini tanımadıqlarını açıqlayıb.