“Belarusda baş verənlərin digər postsovet ölkələrinə də təsirləri olacaq”

105

 

Natiq Cəfərli: “Lukaşenko hakimiyyətdə qalsa belə, artıq ölkəni ənənəvi qaydada idarə edə bilməyəcək”

“Rusiyanın istəyi Lukaşenkonu dəyişmək deyil, onu ram etməkdir, çünki Belarusda dəyişiklik olsa, Putinin avtoritar şəkildə ölkəni idarə etmə cəhdlərində ciddi çatlar əmələ gələcək”

Məhəmməd Əsədullazadə: “Belarusda “Ağ inqilab” uğurla başa çatacaqsa, Lukaşenko hakimiyyətdən gedəcəksə, bunun digər MDB ölkələrinə təsiri qaçılmaz olar”

Xaqani Cəfərli: “Patruşevə bağlı qrup “bu günün Belarusu sentyabrın Rusiyasıdır” fikirini dövriyəyə buraxaraq Putini qəti qərar qəbul etməyə sövq etməyə çalışırlar”

Belarusda vəziyyət hər keçən gün bir qədər də gərginləşir. Belə ki, prezident seçkilərinin nəticələrinə, daha dəqiq desək, Aleksandr Lukaşenkonun qalib gəlməsinə etiraz edən əhali artıq bir həftədir ki, küçə və meydanlara axışır. Ölkənin paytaxtı Minskdə baş tutan son aksiyada 200 mindən çox insan iştirak edib ki, bu da öz növbəsində yaxın günlərdə daha ciddi olayların baş verə biləcəyini deməyə əsas verir.

Onu da qeyd edək ki, artıq “Belarus-1” dövlət telekanalının da daxil olduğu “Belteleradiokompaniya”nın işçiləri tətil elan ediblər. Bu barədə axar.az-da yer alan informasiyada deyilir ki, etirazçılar şirkətin rəhbəri İvan Eismonta tətillə bağlı bildiriş göndəriblər. Onlar seçkinin nəticələrinin etibarsız sayılmasını, Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşinanın işdən çıxarılmasını, siyasi məhbusların azad edilməsini və mediada senzuranın ləğvini tələb edirlər. Bundan əlavə, ONT və STV telekanallarının əməkdaşları da tətil elan etmək niyyətində olduqlarını bildiriblər. Lakin bütün bunlara rəğmən, Lukaşenko geri addım atmaq niyyətində görünmür. Belə ki, “Belarusu heç kimə verməyəcəyik. Vəziyyəti nəzarətdə saxlayacağıq” deyən Lukaşenko bildirib ki, küçələrdəki aksiyalar heç bir nəticə verməyəcək. Hakimiyyətin hər zaman istənilən təhdidə cavab verməyə hazır olmasının vacibliyini vurğulayan Lukaşenko ölkədə təkrar prezident seçkilərinin keçirilməyəcəyini bəyan edib: “Siz ədalətsiz seçkilər haqqında danışırsınız və ədalətli keçirilməsini istəyirsiniz? Bu suala cavab verirəm. Biz seçki keçirmişik. Siz məni öldürməyənə qədər təkrar seçki olmayacaq”.

Ehtimal etmək olar ki, Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra bir qədər ürəklənib və artıq mövqeyinin gücləndiyini zənn edərək, bu tip bəyanatlar verməyə başlayıb. Çünki Rusiya və Belarus prezidentləri arasında baş tutan telefon danışığı zamanı Belarusdakı son vəziyyət, o cümlədən respublikaya kənardan göstərilən təzyiqlər müzakirə edilib. Hətta Rusiya tərəfi İttifaq dövlətinin yaradılması haqqında müqavilənin prinsipləri əsasında yaranmış problemlərin həllində lazımı köməkliyi göstərməyə hazır olduğunu, habelə ehtiyac olarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsi ilə kömək edəcəyini qeyd edib. Buradan da aydın şəkildə görünür ki, nəyin bahasına olursa-olsun SSRİ-ni yenidən təsis etməyə can atan Putin əlinə düşən fürsətdən istifadə edərək Lukaşenkonu ittifaq dövləti yaradılmasına razı salmağa çalışır. Bu isə Azərbaycan da daxil olmaqla, postsovet ölkələrinin heç birinə, hətta Avropaya belə, yaxşı heç nə vəd etmir. Çünki həm yerli, həm də xarici siyasi şərhçilərin fikrincə, belə bir ittifaq qurularsa, Rusiya Cənubi Qafqaz, Şəqri Avropa, Baltikyanı və Mərkəzi Asiya dövlətlərinə qarşı aqressiya siyasətini daha rahat şəkildə həyata keçirmək imkanı əldə edəcək.

“Belarusda dəyişikliklərin pozitiv yöndə inkişaf etdirilməsi üçün ciddi planı, proqramı, yeni vizyonu olan hökumətə ehtiyac var”

Beləliklə, mövzu ilə bağlı mövqeyini “Hürriyyət”lə bölüşən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bu qənaətdədir ki, Aleksandr Lukaşenko vəzifədən getsə də, hətta bundan sonra bir müddət postda qalsa belə, Belarus artıq dəyişib və bu proses davam edəcək: “Çünki cəmiyyətin və yeni nəslin tələbləri tamam başqadır. Lukaşenkonun ən böyük səhvi o idi ki, hakimiyyətə gəldiyi vaxt anadan olan uşaqların bu gün 26 yaşı olduğunu unutdu. Yəni artıq Belarusda yeni nəsil yetişib. Belarusda internet, informasiya texnologiyaları sahəsinin güclü inkişaf etdiyini nəzərə alsaq, yeni nəsil artıq başqa cür yaşamaq istəyir. Lukaşenko isə seçkilərdən sonra ənənəvi qaydada insanları döyərək bu prosesi yatıracağını düşünürdü. Amma əksinə bununla bağlı şəkillər, videolar yayıldıqca bu, insanların qəzəbinə səbəb oldu. Belə ki, ilk gün 3-5 min insanın etiraz etdiyini görürdüksə, artıq söhbət on minlərdən gedir”.

Politoloqun sözlərinə görə, Lukaşenko keçid dövrünün moderatoru kimi müvəqqəti hakimiyyətdə qala bilər: “Amma əsas çıxarılacaq nəticə budur ki, Belarus artıq dəyişdi. İndi bu dəyişikliklərin pozitiv yöndə inkişaf etdirilməsi üçün ciddi planı, proqramı, yeni vizyonu olan hökumətə ehtiyac var. Çünki Belarus elə bir həssas bölgədə yerləşir ki, bir tərəfdən Abropa Birliyi, bir tərəfdən Rusiya ilə sərhəddir. Odur ki, Kremlin də Belarusda ciddi maraqları və təsir rıçaqları var. Ona görə də qarşıda maraqlı proseslər gözlənilir. Çünki Lukaşenko hakimiyyətdə qalsa belə, artıq ölkəni ənənəvi qaydada idarə edə bilməyəcək”.

“Görünən də odur ki, Qərb hələlik Lukaşenkosuz Belarusu təsəvvür etmir və onunla keçid dövrünün yaşanacağı ilə bağlı ehtimallar qurulur”

Rusiyanın Belarusda baş verən proseslərdə ciddi rolunun olduğunu deyən REAL-ın icra katibinin fikrincə, Moskvanın istəyi Lukaşenkonu dəyişmək deyil: “Bildiyiniz kimi, əsas müxalif namizədlərdən biri Rusiyanın “Qazprombank”ının Belarus bölməsinin rəhbəri idi. Lakin Lukaşenko onu seçkilərə buraxmadı və sonra həbs etdi. Rusiyanın istəyi Lukaşenkonu dəyişmək deyil. Kremlin məqsədi onu ram etmək idi. Çünki son vaxtlar Lukaşenkonun Qərblə müəyyən əlaqələrinin olması, ən əsası isə Pampeonun Minskə səfəri Rusiyanı çox qəzəbləndirmişdi. Bundan başqa, Lukaşenko son çıxışlarında da Rusiya əleyhinə və onun maraqlarına toxunacaq kifayət qədər sərt bəyanatlar səsləndirmişdi. Buna görə də Kremlin əsas məqsədi Lukaşenkonu zəiflətmək idi. Çünki o, güclü bir lider kimi artıq Rusiyaya mane olmağa başlamışdı. Bu səbədən də Moskva onu ram etməyi planlaşdırırdı. Onu da qeyd edim ki, Lukaşenkosuz Belarusda Rusiyanın hansı formada mövcudluğu hələlik sual altındadır”. Son günlər Lukaşenkonun Rusiya ilə bağlı münasibətlərini iki konteksdən dəyərləndirməyin mümkünlüyünü qeyd edən politoloq bildirdi ki, ilk növbədə bu, Qərbə verilən mesajdır: “Qərbə verilən mesaj bundan ibarətdir ki, əgər siz məni çox sıxsanız, mənə qarşı daha aqressiv olsanız, keçid dövründə yardımçı olmasanız, onda daha çox Rusiyaya meyilli olacam və onunıa birlikdə ittifaq dövlətinin yaranmasında iştirak edəcəm. Məlumdur ki, Lukaşenko ittifaq dövlətinə qarşı idi və bu, Avropanın, Qərbin da maraqlarına uyğun deyil. Çünki bununla sovet ittifaqı yenidən meyda ola bilər. Ona görə də Lukaşenko Putinlə münasibətlərin yaxşılaşmasını israrla göstərərək Qərbə mesaj verir ki, məni çox da sıxmayın. İkinci bir mesaj isə Rusiyanın özünədir. Yəni Lukaşenko Putinə bildirmək istəyir ki, Belarusda dəyişiklik olsa Rusiyanın vəziyyəti heç də yaxşı olmayacaq. Çünki Ukraynadakı dəyişiklik Rusiyaya çox ağır təsir göstərib. Bu günə qədər də iki qardaş slavyan xalqının düşmənçiliyi davam edir. Bura Belarus da qoşulsa, bu, Rusiya üçün çox böyük zərbə olacaq və Putinin avtoritar şəkildə ölkəni idarə etmə cəhdlərində ciddi çatlar əmələ gələcək. Odur ki, Lukaşenko Putinə mesaj verir ki, mənim vəziyyətimin gərginləşdirilməsi sənə də təsir edəcək. Odur ki, Lukaşenko bu iki mesaj üzərindən oyununu qurmaq istəyir. Görünən də odur ki, Qərb hələlik Lukaşenkosuz Belarusu təsəvvür etmir və onunla keçid dövrünün yaşanacağı ilə bağlı ehtimallar qurulur. Düzdür, ritorika olaraq bəyanatlar səsləndirilir, amma ölkənin gələcəyi ilə bağlı Qərbdə də suallar var. Yəni Lukaşenkodan sonra kim və necə idarə edəcək? Bu çox ciddi məsələdir”.

“Belarusda baş verənlərdən hamının, o cümlədən Azərbaycanın da dərs çıxartması üçün kifayət qədər məqamlar var”

Belarusda baş verənlərdən hamının, o cümlədən Azərbaycanın da dərs çıxartması üçün kifayət qədər məqamların olduğunu vurğulayan Natiq Cəfərlinin sözlərinə görə, baş verənlərin digər postsovet ölkələrinə də təsirləri olacaq: “Hər bir hadisənin özünün spesifik qaydaları var. Çox təəssüf ki, Azərbaycanın ənənəvi müxalifəti ətrafdakı hər bir hərəkətlilikdən dərs çıxartmaqdansa, onun havasına girməyə, onun azarkeşinə çevrilməyə üstünlük verir. Məsələn, Gürcüstanda hadisələr olduqda əllərinə qızılgül aldılar, Ukraynadakı olaylar zamanı narıncı göynək geyindilər. Yəni hadisələrin məğzini, baş verən proseslərin dərinliyini ölçə, onunla bağlı nəticələr çıxara bilmədilər. Elə bu səbəbdən də Belarus hadisələrini analiz etməkdənsə hələ də azarkeş kimi baxmağa çalışırlar. Düşünürəm ki, Belarusda baş verənlərin digər postsovet ölkələrinə də təsirləri olacaq. Bildiyiniz kimi, Gürcüstan, Ukrayna, Moldova, Ermənistanda da dəyişikliklər oldu. Bunların heç birinin birbaşa təsiri yoxdur. Lakin dolayı təsirləri yetərincə çoxdur və normal müxalifət bununla bağlı düşünməli, dərs çıxarmalı, səhvlərini etiraf etməli, seçkiləri boykotun çox zərərli olduğunu qəbul etməlidir. Ümumiyyətlə, boykotun ölkə siyasətini kökündən baltaladığını və hökumətin əlinə oynadığını etiraf etməlidir. Odur ki, seçki prosesinin dəyişikliklərdə avanqard rol oynadığı artıq heç kimdə şübhə doğurmamalıdır. Belarus hadisələri bir daha sübut etdi ki, boykot hökumətin maraqlarına xidmət edir”.

“Lukaşenko istefaya gedərsə, Rusiya Babarikonu hakimiyyətə gətirə bilər”

Mövzu ilə bağlı fikirləri bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Belarusda xalqın etirazları hər keçən gün “Ağ inqilab”a aparır. O hesab edir ki, Aleksandr Lukaşenkonun Rusiya ilə anlaşıb, şəhərin küçələrinə ordu yeritməsi gözlənilmir: “Çünki etirazlar kütləvi xarakter alır və burada gücün tətbiqi xalq tərəfindən prezident sarayının və parlament binasının tutulması ilə nəticələnə bilər. Belarusda baş verən etiraz dalğası bu ölkədə siyasi inqilabın təzahürdür və 26 il dövlət başçısı postunda oturan Lukaşenkonun hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Amma xalq etirazlara qalxmasaydı, Rusiya da, Qərb də Lukaşenko ilə işləyəcəkdi. Xalqı etirazlara son üç gündə həvəsləndirən zavodların tətil etməsi və etiraza qalxmasıdır. Belarus iqtisadiyyatının onurğasını təşkil edən zavod işçilərinin kütləvi etirazı burada mərkəzləşdirilmiş bir planın olmasından xəbər verir. Belarusda “Ağ inqilab” o demək deyil ki, bu ölkədə demokratiya bərpa oluna bilər. Ortada Ukrayna təcrübəsi var. Ukraynada Qərbin adamı Yuşşenkonun hakimiyyətindən sonra bu ölkədə Rusiyanın adamı Yankoviç hakimiyyətə gəlmişdi və növbəti mərhələdə “Maydan” hadisələrinə gətirib çıxardı”. Politoloqun sözlərinə görə, Lukaşenko istefaya gedərsə, Rusiya Babarikonu hakimiyyətə gətirə bilər: “Moskva Belarusda Qərbin dəstəklədiyi şəxsin hakimiyyətə gəlməsinə imkan verməyə bilər. Buna qarşı öz ordusunu Belarusa yeridə bilər. Belarusda baş verən “Ağ inqilab” uğurla başa çatacaqsa, Lukaşenko hakimiyyətdən gedəcəksə, bunun digər MDB ölkələrinə təsiri qaçılmaz olar. “Ağ inqilab” Moskva küçələrində də sıçraya bilər. “Ağ inqilab”ın mahiyyəti odur ki, burada lider yoxdur, xalq meydandadır və dinc şəkildə siyasi hakimiyyətin dəyişməsini istəyir. Belarus goeosiyasi maraqların toqquşduğu bir plasdarma çevrilir. Burada iqtisadiyyatın tənəzzülü yaşana və Ukrayna kimi iqtisadi böhrana yuvarlana bilər. Belarusun Rusiyanın tam nəzarətindən çıxmasına Moskva seyirçi qalmayacaq. Ermənistan və Belarus Rusiyanın MDB məkanında son iki qalasıdır. Belarus Azərbaycan üçün də vacib, yaxın və tərəfdaş ölkədir. Bu ölkədə siyasi sabitliyin olması Azərbaycanın maraqlarına cavab verir”.

“Belarusu bürümüş etiraz aksiyaları Lukaşenkonu Putindən yardım istəməyə vadar etdi”

Politoloq Xaqani Cəfərli isə bu qənaətdədir ki, Belarusu bürümüş etiraz aksiyaları diktator Aleksandr Lukaşenkonu Rusiyanın avtoritar lideri Vladimir Putindən yardım istəməyə vadar etdi: “Şənbə və bazar günləri iki avtoritar lider arasında bir neçə dəfə telefon danışığı olub və Lukaşenko israrla Putindən yardım istəyib. Danışıqlar haqqında yayılan ilk məlumatda Putinin tələb olunan istənilən köməyi göstərməyə hazır olduğu qeyd olunurdu. Ancaq bazar günü etiraz aksiyalarının bütün Belarusu bürüməsi və yüz minlərlə insanın aksiyalara qoşulması Putini şoka salıb. Müstəqil mənbələrin məlumatına görə, Lukaşenkonun tələb etdiyi köməyin göndərilməsi ilə bağlı Kremldə aparılan müzakirələr nəticəsiz başa çatıb. Rusiya Prezident Adminstrasiyası rəhbərinin birinci müavini Sergey Kireyenkonun başçılıq etdiyi mötədillər qətiyyətlə Belarusa hərbi qüvvə göndərilməsinə qarşı çıxıblar. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi “qırğılar” isə Rusiyanın dəstəyi olmadan Lukaşenkonun hakimiyyətdə qala bilməyəcəyini əsas götürərək dərhal Belarusa məhdud hərbi qüvvə göndərilməsində təkid ediblər. Tərəflərin ortaq məxrəcə gələ bilməməsi və Putinin bazar günü Minskdə baş verənlərin təsiri altında şokda olması qərar qəbul edilməsinə imkan verməyib. Halbuki Rusiyanın telekanlarında Belarusun xarici təzyiqə məruz qaldığı və Rusiyanın tələb olunan köməyi göstərməyə hazır olduğu haqqında məlumatlar yayılırdı. Ancaq belə görünür ki, Kremldə yekdil fikir yoxdur”. Rusiya hakim dairələrinin əsas fiqurlarından olan Frans Klinseviçin Belarusa ordu yeridilməsinin qəti əleyhinə olduğunu bəyan etdiyini deyən Xaqani Cəfərlinin sözlərinə görə, Klinseviç qeyd edib ki, Belarusda baş verənlər Lukaşenkonun fəlakətli səhvi olduğuna görə vəziyyətdən çıxış da rəsmi Minskin vəzifəsidir: “Patruşevə bağlı qrup isə “bu günün Belarusu sentyabrın Rusiyasıdır” fikirini dövriyəyə buraxaraq Putini qəti qərar qəbul etməyə sövq etməyə çalışırlar. Müstəqil ekspertlər və politoloqlar da hesab edir ki, sentyabrda Rusiyada rejim əleyhinə çıxışlar başlayacaq. Bu mövqedə olanlar hesab edir ki, Belarusda baş verənlər olmadan da sentyabrda Rusiyada etiraz aksiyaları başlayacaq. Rusiyanın ən çox istinad olunan politoloqu professor Valeri Solovey Rusiyanı qarşıda “qaynar payız”ın gözlədiyini proqnozlaşdırır. Professor Valeri Solovey hesab edir ki, Rusiyada proseslər Belarusdan fərqli olaraq dinc məcrəda getməyəcək və dağıntılarla, çoxlu qan tökülməsi ilə müşaiyət olunacaq. Bazar günü Başqırdıstanda baş verənlər professor Valeri Soloveyin proqnozlarının gercəkləşmə ehtimalının yüksək olduğundan xəbər verir”.

Vazeh BƏHRAMOĞLU