Belarus müxalifətinin daha bir lideri tutularaq naməlum istiqamətə aparılıb

78

Bu gün səhər saatlarında Belarusun paytaxtı Minsk şəhərində ölkə müxalifətinin təsis etdiyi Koordinasiya şurasının üzvü Mariya Kolesnikova naməlum şəxslər tərəfindən saxlanıldıqdan sonra zorla bir mikroavtobusa mindirilərək, bilinməyən istiqamətə aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə “tut.by” portalı şahidlərin dediklərinə əsasən məlumat yayıb.
Onların sözlərinə görə, insident Milli incəsənət muzeyi qarşısında baş verib.
Koordinasiya şurasının üzvü Maksim Znak “RBK” agentliyinə verdiyi müsahibədə Mariya Kolesnikova ilə bərabər Şuranın digər üzvləri ilə əlaqənin itdiyini təsdiqləyib.

Bunların içində Mariyanı axtarmağa gedən KŞ-nın mətbuat katibi Anton Rodnenkov və icraçı katib İvan Kravtsov var. Bütün itən şəxslər barəsində hazırda onların vəkilləri vasitəsilə axtarış elan olunub. Hüquqşünaslar bununla bağlı DTK və İstintaq komitəsinə də məlumat veriblər.
Minsk milisi isə ənənəvi olaraq heç bir şeydən xəbərdar olmadığını bildirib. Şəhər milis idarəsinin mətbuat xidmətinin rəhbəri Natalya Qanuseviç nə Mariya Kolesnikova, nə də Koordinasiya şurasının digər üzvləri ilə bağlı hər hansı informasiya almadıqlarını söyləyib.

Xatırladaq ki, dünən Koordinasiya şurasının digər üzvü Olqa Kovalkova zorla başına torba keçirilərək ölkədən çıxarılmış və Polşa ilə sərhəddən keçirilmişdi.
Bundan öncə ölkə müxalifətinin lideri Svetlana Tixonovskaya bu ilin avqust ayının 9-da keçirilən prezident seçkilərindən çox az müddət sonra Litvaya mühacirətə getməyə məcbur edilmişdi.