Belarus müxalifətinin daha bir lideri həbs edildi- Maksim Znakın harada olduğu bilinmir

87

Belarusda Lukaşenko rejiminin ölkə müxalifətinə qarşı repressiyaları davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu dəfə Koordinasiya şurasının üzvü Maksim Znak hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Belarusun hazırda həbsdə olan müxalif siyasətçisi Viktor Babarikonun mətbuat katibi Qleb Qlebovun yazdığına görə, Maksim Zank bu gün saat 9-da “Zoom” platforması vasitəsilə efirə çıxmalı imiş. Lakin saat 8:30-da ondan sadəcə bir mesaj gəlib- “Maskalılar gəldi”.

Maksim Znakın vəkili Dmitri Layevski hazırda işin İstintaq komitəsi tərəfindən araşdırıldığını deyib.

Bundan başqa Koordinasiya şurasının liderlərindən olan Mariya Kolesnkovanın evində axtarışlar aparılıb. Sonuncunun harada olduğunu ən yaxınları və vəkilləri belə bilmir. Bu gün Belarusun məşhur yazıçısı, Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin də təqib olunduğu xəbəri yayılıb.

Hazırda müxalifət Mariya Kolesnikova, Maksim Zank, Sergey Dılevskinin dərhal azad edilməsini, habelə, Svetlana Tixonovskaya, Pavel Latuşko, İvan Kravtsov, Anton Rodnenkov kimi zorla ölkədən sürgün edilən siyasətçilərin geri qaytarılmasını tələb edir.

Musavat.com