Belarus dərsləri Və yaxud bu ölkədə inqilabi şərait yaradan əsas məqamlar!

243

Post-sovet məkanının dinc və itaətkar respublikalarından hesab olunan Belarusda prezident seçkilərinin nəticələri açıqlandıqdan sonra baş verən etiraz aksiyaları bütün dünyada böyük təəccübə səbəb olub. Rusiya və avropalı siyasətçilər, politoloqlar birmənalı şəkildə bildirirlər ki, iki ay əvvəl avtoritar lider olan Aleksandr Lukaşenkonun toplumun tanımadığı evdar bir qadına böyük fərqlə uduzacağını, seçki saxtakarlığına cəhd ediləcəyi tərzdə isə yüz minlərlə insanın etiraza qalxacağını təsəvvür etmək mümkün deyildi. Çünki inqilabi vəziyyətin yaranacağını açıq şəkildə göstərən əlamətlər yox idi.

Bir çox politoloqlar hesab edir ki, proqnozlaşdırılması mümkün olmayan bu prosesin əsas səbəbi prezident Aleksandr Lukaşenkonun seçki kampaniyası başlayan gündən ard-arda yol verdiyi ölümcül səhvlərdir. Bu qənaətdə olanlar fikirlərini əsaslandırmaq üçün Viktor Babariko və Sergey Tixanovskinin həbs edilməklə, Valeri Tsepkalonun isə namizədliyinin qeydə alınması üçün tələb olunun seçici imzalarının yarıdan çoxunun etibarsız hesab edilməsi ilə seçki prosesindən qərəzli sürətdə kənarlaşdırılmasını, real namizədlərin əvəzinə, evdar qadının namizəd kimi qeydə alınmasını qeyd edirlər.

Rusiyanın ən çox istinad edilən politoloqu, professor Valeri Solovey evdar qadın olan Svetlana Tixanovskayanın namizədliyinin qeydə alınmasını Lukaşenko rejiminin ən kobud səhvi hesab edir.

“University College of London”-un elmi əməkdaşı, politoloq Vladimir Pastuxov da Lukaşenko rejiminin xanım Svetlana Tixanovskayanın alternativ olaraq seçməsini ölümcül səhv hesab edir. V.Pastuxov bu mövzuya həsr etdiyi məqalələrindən birini də məhz belə adlnadırıb: “İnqilabı kim doğurdu” və ya Batkanı Tixanovskayanı qeydiyyata almağa sövq edən “xeyirxah insan” kimdir?” Rusiyanın əksər politoloqları V.Pastuxovun bu mövqeyi ilə həmrəydilər ki, xanım Svetlana Tixanovskayanın alternativ olaraq seçilməsi Lukaşenko rejiminin ən kobud səhvi idi.

Bu səhv hazırda Lukaşenko rejiminin əsas dəstəkçisi, avtoritar liderlərin “qoruyucu mələyi” Vladimir Putinin də qətiyyətli addım atmasına imkan vermir. Kremldə anlayırlar ki, xanım Svetlana Tixanovska ilə mübarizədə Belarusa 1994-ü ildən rəhbərlik edən bir xarizmatik avtoritar liderə hərbi dəstək versələr, bu Putin rejiminin özü üçün də ciddi səhv ola bilər.

Belarusda baş verənləri Lukaşnkonun avtoritar rejiminin səhvi hesab edənlər nə qədər haqlıdırlar?

Kaliforniya Universitetinin professoru Daniel Treisman 1800-2015-i illər arasında siyasi rejimlərin demokratikləşməsi ilə bağlı 201 hadisənin araşdırmasını aparıb. Bu zaman professor 1064 tarixi əsrəri, mətbu məlumatları, xatirələri və gündəlikləri araaşdırdıqdan sonra çox ilginc nəticəyə gəlib. Məlum olub ki, yalnız 4 faiz halda rejim başçısının şüurlu şəkildə öz səlahiyyətlərini məhdudlaşdırmaqla, günümüzdə liberal islahatlar adlanan dəyişikliklər yolu demokratikləşmə baş verib.

Professor Daniel Treisman araşdırmalar nəticəsində müəyyən edib ki, 16-19 faiz halda demokratikləşmə elitanın mütləqiyyət əleyhinə çıxışı nəticəsində baş verib. Ən çox təəccübə səbəb olan iilginc hal isə ondan ibarətdir ki, professor 64-67 faiz halda demokratikləşmə hərəkatlarının rejimin səhvləri nəticəsində meydana çıxdığını müəyyən edib. Yəni mütləqiyyət rejiminin başında duran şəxsin (monarx, diktator və ya avtoritar liderin-X.C) və ya onun ətrafının kobud səhvləri mütləqiyyət rejimi əleyhinə çıxışları doğurub. Buna görə professor Daniel Treisman bu elmi araşdırmasını “Səhvən demokratikləşmə” adlandırıb.

Tarix elmlər doktoru, professor Valeri Solovey isə bu səhvləri qarşısıalınmaz tarixi zərurət hesab edir. Professor V.Solovey bu hadisəni obrazlı şəkildə yanar qaz dolmuş otaqda elektrik lampasının səhvən yandırılması nəticəsində baş verən partlayışa bənzədir. Əlavə olaraq qeyd edir ki, əgər elektrik lampası yandırılmasaydı, küləyin gətirdiyi qığılcım partlayışa səbəb olacaqdı. Yəni partlayışın baş verməsi üçün münbit şərait mövcud idi, yalnız partlayışın baş verməsinə səbəb olacaq təsadüfi hadisənin baş verməsi lazım idi. Professor hesab edir ki, bu təsadüfi hadisə qarşısıalınmaz tarixi zərurətdən doğur.

Belarusda inqilabi şərait mövcud idimi?

Sosiloloqların gəldiyi çox mühüm bir qənaət var. Elmi sosiloloji araşdırmalar nəticəsində müəyyən olunub ki, cəmiyyətlər bir şəxsin hakimiyyətindən 8-10 il ərzində yorulurlar və onu daha gözləri önündə görmək istəmirlər. Aleksandr Lukaşenko 26 ildən artıqdır ki, hakimiyyətdədir. Lukaşenkonun hakimiyyətə gəlişindən sonra doğulanlar dövrümüzün fenomeni olan “Z nəsli”nə aiddirlər.

Bütün dünyada olduğu kimi Belarusda da “Z nəsli” ata-babalarının onlar yaşda olduqları vaxt görmədikləri, hətta təsəvvür edə bilmədikləri bir mühitdə dünyaya gəlib və böyüyüblər. Bu fərqli mühiti internet texnologiyalar yaradıb. İnternet texnologiyalarının “Z nəsli”ndə çoxlu vəzifənin öhdəsindən eyni zamanda gəlmək vərdişləri formalaşdırmaqla iş qabiliyyətlərin artırıb.

Ən əsası “Z nəsli” yaşadıqları mühiti, bütövlükdə isə dünyanı dəyişdirmək üçün çox gənc olduqları haqqında fikirləri qətiyyətlə rədd edirlər. Onlar hesab edirlər ki, bunun üçün illərlə gözləməyə, təcrübə qazanmağa, nüfuz qazanmağa gərək yoxdur. Gələcəyi dərhal qurmaq istəyirlər.

Belaruslu “Z nəsli” postsovet məkanının digər ölkələrindəki həmyaşıdlarının əksəriyyətindən irəlidədirlər. Avropa ilə həmsərhəd olmaq, etnik konflliktin və separataçılığın olmaması, təbii sərvətlərin, xüsusən də neft və təbii qazın olmaması belaruslu gənclərin daha yaxşı təhsil almasına imkan yaradır və buna vadar edir.

Belarusda inqilabi şərait yaradan əsas məqamlardan biri informasiya texnologiyaları sənayesinin yüksək inkişafıdır. Belarus bu sahədə MDB ölkləri arasında lider ölkədir. Bu ölkədə yüz mindən artıq insan İT sahəsində çalışır. Belarusda işə yeni başlamış İT mütəxəsislərinin əmək haqqının bir saatı 50 dollardan yuxarıdır. Bu da aylıq gəlirlərinin 5 min dollardan yuxarı olmasına səbəb olur. Sosial təminatların MDB respublikaları ilə müqayisədə yüksək və gündəlik tələbat mallarının müqayisədə ucuz olması və 5 min dollardan yuxarı aylıq gəlir onlara ətraf dünya ilə tanış olmaq üçün daha yaxşı imkanı verir.

Qonşu Avropa ölkələrinə səyahətlər isə onlarda daha yaxşı və azad həyat haqqında real təsəvvürlər yaradır. Polşa, Estoniya, Latviya və Litva da həyat şəraitinin Belarusla müqayisədə necə yüksək olduğunu tam xırdalıqlarına kimi əyani şəraitdə görən insanların həyat şəraitlərini dəyişmək istəməməsi təəccüblü olardı.

Belarusda inqilabi hadisələrin baş verməsində səbəblərdən biri də sosial şəbəkələrin çox geniş yayılmasıdır. Burada sosial şəbəkələr arasında Pavel Durovun “Telegram” daha çox yayılıb. Bunun isə bir neçə səbəbi var. Birincisi, Pavel Durov Rusiya vətənaşıdır və “Telegram” Rusiyada yaradılıb və bu səbəbdən Belarus vətəndaşlarına daha doğma bir sosial şəbəkədir. “Telegram”-ın daha geniş yayılmasının digər səbəbi sosial şəbəkələr arasında bu platformanın daha etibarlı və texniki cəhətdən asan olmasıdır. Əhalisi Azərbaycandan yarım milyon az olan Belarusda abunəçilərinin sayı milyondan çox olan bir neçə “Telegram” kanal var. Bu da Belarus əhalisinin sosial platformalar üzərindən təşkilatlanmasını təsdiq edir. .

Bütün bunlar isə Belarusda inqilabi şəraiti doğurmuşdu və zorakılıqla qalib gəlməyə öyrənmiş avtoritar rejimin kobud səhvləri kütləvi etirazları qaçılmaz edirdi.

Ən son olaraq onu qeyd etmək istərdim ki, Belarusda baş verən inqilabi hadisələr Avropanın sonuncu diktatoru Aleksandr Lukaşenko üçün nə qədər gözlənilməz idisə, müxalifət üçün də bir o qədər gözlənilməz oldu. Çünki Belarusun iqtidar və müxalifəti xalqın ram edildiyi və aqibəti ilə barışdığı fikrində həmrəy idilər. Xalq isə qaba avtoritar liderlə yanaşı, intellektual görünüşü ilə cəmiyyətdən fərqlənən müxalifəti də çox ciddi təəccübləndirə bildi.

Xəqani Cəfərli,

Politoloq