“Belə yaxşı imkanı qaçırdıq, nəticəyə görə biz də çox məyusuq”

141
Yovetiç Məhəmmədəliyevi daha diqqətli olmağa sövq edib

Azərbaycan Qarabağın işğaldan tam azad olunmasının sevincli günlərini yaşamaqda davam etdiyi bir vaxtda, milli komandamız növbəti rəsmi sınağına çıxdı. Ölkəmizdəki hərbi vəziyyətlə əlaqədar UEFA Millətlər Liqasının qrup mərhələsində son ev matçımızı da kənarda – bu dəfə Xorvatiyanın Zapreşiç şəhərində keçirməli olduq. Monteneqro yığmasıyla həmin görüş qolsuz bərabərliklə nəticələndi. Hərçənd, rəqib fasiləyə saniyələr qalarkən azlıqda qaldığından, ikinci hissədə say üstünlüyünə malik olduq və bu, 3 xal şansımızı artırırdı. Ancaq qələbəyə qələbəyə qata bilmədik.

İkinci dəfədi keçirilən turnirin son turu çərçivəsində isə bu gün  Lüksemburq millisinin qonağı olacağıq. Bu və digər məqamlarla bağlı millimizin əsas qapıçısı Şahrudin Məhəmmədəliyevlə söhbətləşdik.

– Azərbaycandakı qələbəlik günlərində millidən uğurlu nəticə gəlmədi. Buna görə çoxmu məyussunuz? Monteneqroyla görüşü soyuq başla analiz edəndə, hansı nəticə çıxardınız?

– 3 xal qazanmaq üçün belə yaxşı imkandan istifadə edə bilmədik. Ona görə indiyəyək bizdə üzüntü qalıb. Bu nəticəyə görə biz də çox məyusuq.

– Nə mane oldu qələbəyə?

– Bu suala cavab verə verə bilmərəm. Hətta bilmirəm nə deyim…

– Onda sualı belə qoyaq – Sloveniya ilə yoldaşlıq görüşünü də nəzərə alsaq, niyə 3 matçdı qol vura bilmirik?

– Dəqiq deyə bilmərəm. Hardasa bəxtimiz gətirmir, hardasa ustalıq səviyyəmiz çatmır.

– Ümumiyyətlə, bir hissə 10 nəfərlə oynamalı olan Monteenqro yığmasını məğlub etməyə borcluyuqmu?

– Rəqib 11 nəfərlə olanda da meydana qələbə üçün çıxmışdıq. Onlar 10 nəfərlə qalandan sonra isə bu şansımız daha çox olmalı idi. Ancaq nəsə alınmadı.

– Digər tərəfdən, millimiz son 3 matçda qol da buraxmır. Bunu millinin hazırda “1 nömrə”si olaraq ciddi uğur sayırsan, yoxsa zəif təsəlli?

– Onu deyim ki, şəxsən mən 2 matçdır qol buraxmıram. Bu, bütün komandanın xidmətidi, burda mənlik bir şey yoxdu. Həqiqətən də belədi.

– Millimizin 28 illik tarixində ilk qapıçı oldun ki, ilk 2 rəsmi matçında qol buraxmadın. Bu nailiyyətini  bilirdin?

– Açığı, yox. Buna xüsusi əhəmiyyət vermirəm (gülür). Ən əsası, bundan sonra da qol buraxmamaq və komandaya fayda verməkdi.

– Monteneqroyla matçda ikinci hissədə hücum edən tərəf olsaq da, ən təhlükəli vəziyyət məhz sənin qapında yarandı. İrəli çıxdığın, “çərçivə”ni itirdiyin həmin epizodda qapı tiri bizi qoldan xilas etdi. Bu epizodu necə şərh edərdin?

– Nə deyim, Stefan Yovetiç məni yaxaladı. Allaha şükür ki, qol vurmaq istəyi onda alınmadı. Yovetiç ilk futbolçu deyil ki, bu il topu başımın üzərindən tora göndərməyə çalışıb. Həmişə çalışıram ki, irəli çıxaraq müdafiəçilərə kömək edim. Belə çıxır ki, daha diqqətli olmalıyam (gülür).

– Bu qolu buraxsaydın, karyeranda ən üzücü qol olardı, yoxsa ən kuryoz?

– İstənilən qol üzücüdü. Hətta Yovetiçin bu cəhdi də. Artıq daha diqqətli olacam.

– Millimizin artıq qrupda 2-ci teri tutmaq şansı da qalmayıb. Belə olan halda, son turda Lüksemburqla səfər matçında motivasiyanız, ambisiyanız nə olacaq?

– Ölkənin milli komandasının şərəfini qoruyuruq. Bu, artıq motivasiyadı, ambisiyadı.

– Qrupda ən yaxşı halda 3-cü olacağıq ki, bunu C liqasında nə dərəcədə qənaətbəxş sayırsan? Komandada belə bir narahatlıq varmı ki, hətta sonuncu yerdə də ola bilərik, yoxsa bunun olmasını real saymırsınız?

– Sonuncu olmamaq üçün hər şey edəcəyik.