“Belə münaqişələrin meydana gəlməsi, Putinin  maraqlarına uyğundur” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

39

“NATO-Rusiya münasibətlərində gərginlik Azərbaycanın manevr imkanlarını artırır”

“NATO-Rusiya münasibətləri Şərqi Avropa arealında yenidən gərginləşməkdədir. NATO-nun Şərqə doğru genişlənməsi, xüsusilə Polşa, Ukrayna və Gürcüstanda öz hərbi mövcudluğunu yaratması, Kremlin adekvat addımlar atmasına gətirə bilər. Bu da Qara dənizdə və Şərqi Avropada yeni münaqişəyə yol açması mümkündür”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib

Əsədullazadə qeyd edib ki, Rusiya baş naziri Dmitri Medvedev Alyansın Rusiya sərhədlərinə bu qədər yaxınlaşmasını ciddi problemlərə yol açacağını xüsusi vurğuladı: “Göründüyü kimi,  Kremlin hazırkı gedişatı narahatlıqla izləyir. ABŞ-ın Almaniyadan çıxaracağı hərbiçilərin Polşa da dislokasiya edəcəyi təqdirdə Moskva Ukraynanın şərqində münaqişəni alovlandıracaq, Krımda Ukraynanın cənub istiqamətində silahlı hücuma keçməsi və  Qara dənizdə NATO gəmilərinə qarşı mübarizəyə keçməsi istisna deyil”.

“Məhz konistitusiya referendumu Putinə Rusiyanın maraqları naminə silahlı münaqişələrdə iştirakına zəmin yaradır”

“Əlbəttə ki, belə münaqişələrin meydana gəlməsi, Putinin  maraqlarına uyğundur. Çünki Rusiya dinc dövrdə deyil, böhranlı şəraitdə öz mövqelərini ortaya qoyub irəliləyir. Bununla beynəlxalq müstəvidə mövqeyini gücləndirir. Həmçinin Putin xarici düşmənlə mübarizə fonunda daxili sosial-iqtisadi problemləri patriotluqla əvəz edir. Rusiya ətrafında yaşanan bu proseslər Putinin öz hakmiyyətini möhkəmləndirmək planına cavab verir. Məhz konistitusiya referendumu Putinə Rusiyanın maraqları naminə silahlı münaqişələrdə iştirakına zəmin yaradır”,-deyə politoloq əlavə edib.

M.Əsədullazadənin fikrincə, NATO-Rusiya arasında davam edən bu konflikt Kremlin qonşularına qarşı daha da aqressiv siyasətinə səbəb olacaq: “Əlbəttə ki,  bu aqressiv siyasət müvəqqəti xarakter olmaqla yanaşı, Moskvanın NATO kimi güclə ayaqlaşması onun zəifləməsinə gətirəcək”.

“NATO Polşanı qorumaq gücündədir, amma..”

Əsədullazadə hesab edir ki, Polşada qurulacaq yeni hərbi bazalar və bu regionda keçiriləcək hərbi təlimlər Moskva-Brüssel  və Vaşinqton üçbucağında yeni siyasi-hərbi qarşıdurmaya gətirə bilər: “Hər iki tərəfdə  siyasi ritorika və əsəblər gərginləşib. Tərəflərin ritorikası Belarus, Baltikyanı və Polşada silaha əl atmasına gətirməsə də, bu ölkələrdə təhlükəsizlik problemlərinə yol açması qaçılmazdı. Rusiya Belarus və Polşaya qarşı daha da radikal addımlar atmasına səbəb olar. NATO Polşanı qorumaq gücündədir. Amma Belarusun Rusiya tərəfindən ilhaqı isə,  NATO-Rusiya əlaqələrinin inkişafından asılı olacaq. Bu arada Belarusda keçiriləcək seçkidə regionda ümumi geosiyasi vəziyyətə təsir edəcək”.

M.Əsədullazadənin sözlərinə görə, NATO-Rusiya münasibətlərində gərginlik Azərbaycanın manevr imkanlarını artırır və bu xüsusda Azərbaycan Ermənistana ciddi hərbi təzyiqlərə əl ata bilər: “Rusiyanın bir neçə cəbhədə gərginliyə anında cavab verməsi mümkün görünmür”.

Şamo EMİN, Hurriyyet.org