BDU-nun müəllimləri elmi konfransda iştirak edib

330

Bakı Dövlət Universitetinin (BDU) müəllimləri “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” mövzusunda onlayn respublika elmi konfransında iştirak edib. Konfrans Mərkəzi Elmi Kitabxanada təşkilatçılığı ilə baş tutub. Bu barədə Hurriyyet.org-a Bakı Dövlət Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Elmi konfransı kitabxananın direktoru, professor Məmməd Əliyev açaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində xalqımızın yumruq kimi birləşərək həmrəylik nümayiş etdirdiyini söyləyib. M.Əliyev erməni faşizminin Azərbaycanın maddi və mənəvi irsini məhv etdiyini, tarixi abidələrimizin və məscidlərin dağıdıldığını diqqətə çatdırıb, bu həqiqətlərin ictimailəşdirilməsi baxımından konfransın əhəmiyyətini qeyd edib.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Nigar İsmayılova “Ermənistanın işğalına qədər Dağlıq Qarabağın kitabxanaları: statistika”, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev “Törədilən beynəlxalq cinayətlərə görə Ermənistanın siyasi və hərbi rəhbərliyinin mühakiməsini zəruri edən amillər” mövzusunda məruzə ilə çıxış ediblər. Çıxışlarda 30 ilə yaxın erməni işğalının Qarabağ və onun ətrafındakı rayonlarda mövcud olmuş kitabxanalardan da yan keçmədiyi və vandalizm faktları statistik rəqəmlərlə qeyd edilib, müharibə cinayətlərində iştirak edən Ermənistan siyasi və hərbi rəhbərliyinin mühakimə olunması hüquqi kontekstdə təhlil olunub.

Eyni zamanda işğalaqədərki kitabxana sistemi və işğaldan sonra məhv edilmiş kitab nüsxələrinin sayı, Azərbaycanın kitabxana-informasiya sahəsinə vurulan zərər iştirakçıların diqqətinə çatdırılıb.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

 

YƏHYA