BDU-da “İşğaldan azad olunmuş ərazilərmizin tarixi-mədəni və arxeoloji abidələri və zəngin faydalı qazıntları” mövzusunda dəyirmi masa keçirilib

291

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Tarix və Geologiya fakültələrinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərmizin tarixi-mədəni və arxeoloji abidələri və zəngin faydalı qazıntları” mövzusunda onlayn dəyirmi masa keçirilib. Bu barədə Hurriyyet.org-a Bakı Dövlət Universiteti, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər bildirib.

Tədbiri giriş sözü ilə açan moderator, BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev dəyirmi masa iştirakçılarını salamlayaraq 44 gün davam edən Vətən Müharəbəsində şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə iştirakçıları təbrik edib. Azərbaycanın müstəqilliyinin bərpa olunmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edərək, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Vətən müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayaraq Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib.

Əliş Ağamirzəyev informasiya müharibəsində, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında, sağlam, bilikli və vətənpərvər gənclərin yetişdirilməsində daim öz töhfəsini verən Bakı Dövlət Universitetində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair, Vətən müharibəsində medianın fəaliyyətinə həsr olunmuş layihələr, eyni zamanda işğaldan azad edilmiş ərazilərmizin ekoloji problemlərin öyrənilməsi, faydalı qazıntı yataqlarının, qiymətli metal mədənlərinin talanması və s. aktual mövzularda akademik layihələrin işlənilib hazırlanması üzərində iş aparıldığı haqqında məlumat verib.

Daha sonra akademik Vasif Babazadə Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edərək ölkəmizin haqq savaşının Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq mərhələ kimi qiymətləndirib. Bu gün Ağdamda dalğalanan şanlı bayrağımızın hər birimizə qürur hissi yaşatdığını qeyd edərək “Azərbaycanın işğaldan azad olunmuş rayonlarının yüksək texnoloji strateji növ mineral xammal resursları, onların hazırkı durumu və proqnoz qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Çıxışda işğaldan azad olunan ərazilərin iqtisadi inkişaf imkanları, Qarabağın mineral resurs ehtiyatları, təbii sərvətləri, təbii-coğrafi baxımdan respublikamızın ən zəngin bölgələrindən olan Qarabağın qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntıları, Qızıl bulaq mis-qızıl kolçedan yatağı, Vejnəli qızıl yatağı, Narzanlı civə yatağı, Levçay civə yatağı, Turşsu mineral bulağı kimi problemlərə aydınlıq gətirilib. Akademik onu da vurğulayıb ki, Qarabağın işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını da öz töhfəsini verəcəkdir.

Dəyirmi masa professor İbrahim Zeynalovun “Qarabağın tarixi-mədəni abidələri”, professor Nazim İmamverdiyevin “Laçın və Kəlbəcər rayonunun geologiyası”, professor Qüdrət İsmayılzadənin “Qarabağın arxeoloji abidələri” mövzularında məruzələri ilə davam edib. Çıxışlarda Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhv edilmiş maddi-mədəniyyət abidələri, qədim tarixə malik çoxsaylı memarlıq və incəsənət abidləri, Ağdam şəhərində Üzərlik təpə abidəsi, Şuşa qalası, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (1314-cü il), Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, XVIII əsrə aid məscid və digər türbələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş XIX yüzilliyin türbəsi, Şahbulaq qalası kimi abidələri, Laçın və Kəlbəcər iqtisadi rayonunun ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. kimi faydalı qazıntı ehtiyatları, İstisu, Minkənd, Tutqunçay mineral bulaqları haqqında ətraflı məlumat verilib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dəyirmi masaya 270-dən çox iştirakçı qatılıb.

YƏHYA