BBC: “İran COVID-19 qurbanlarının sayını gizlədir. Əslində virusdan üçqat artıq sayda insan vəfat edib”

108

Hurriyyet.org xəbər verir ki, yeni tipli koronavirus epidemiyasından ən çox zərər çəkən ölkələrdən olan İranda real statistikanın ictimaiyyətdən gizlədildiyi iddia edilib. BBC-nin fars redaksiyasının xəbərinə görə, ölkədə virus üzündən dünyasını dəyişənlərin həqiqi sayı rəsmən bəyan ediləndən 3 dəfə artıqdır. Redaksiya 20 iyul tarixinə qədər virusdan ölənlərin sayının təqribən 42 min nəfər olduğunu iddia edir. İranın Səhiyyə Nazirliyinin həmin tarixə olan məlumatına görə isə, COVID-19 qurbanlarının sayı ümumilikdə 17 405 nəfərdir.

BBC-nin iddiasına görə, ölkədə ilk dəfə virusdan ölüm 22 yanvar tarixində baş verib. Hökumətin açıqlamasında isə ilk yoluxma halının bundan bir ay sonra olduğu bildirilir.

İddiaya görə, 20 iyul tarixinə qədər olan yoluxma sayı İranın Səhiyyə Nazirliyinin açıqladığı kimi 278 827 yox, 451 024 nəfər olub. Ölkədə bu günə qədər 312 035 nəfərin yeni tipli koronavirusa yoluxduğu bildirilir.

BBC kanalının bu iddiaları hansı mənbədən aldığı bildirilmir. Kanal bu mənbənin dövlət məmuru olub-olmadığını, məlumatların haradan əldə edildiyini bildirmir.

Hurriyyet.org