Bazarlarda kartof sudan ucuz… – “Kəndlilər qiymətin düşməsindən ziyana məruz qalacaq”

    6

    Vahid Məhərrəmov: “Nə qədər sərəncamlar verilsə də, biz bu sahənin irəliyə yox, geriyə getdiyini müşahidə edirik”

    Son günlər bazar və marketlərdə təzə kartofun və soğanın qiyməti çox ucuz qiymətə təklif olunur. Belə ki, son günlər təzə kartof 30 qəpiyə, soğan isə 25 qəpiyə satılır.

    Göründüyü kimi, təzə kartof və soğanın qiyməti çox ucuzdur. Deməli, Bakı şəhərində bazarlarda kartof və soğan bu qiymətə təlikf olunursa, bu məhsullar yerində daha ucuz satılır. Çünki məhsulun Bakıya gəlib çatdırılması əlavə vəsait tələb edir. Ondan əlavə, həmin satıcılar da bu məhsulların üzərinə qazanc məqsədilə qiymət əlavə edirlər və etməlidirlər də. Görünən odur ki, kartof Bakıda 30 qəpikdirsə, yerində 20, soğan isə 15 qəpik ola bilər. Kartofun və soğanın belə ucuz satılması isə bəzi fermerləri və kəndliləri muflis duruma gətirə bilər. Çünki bu məhsulların bu günkü qiymətlə satışı həmin məhsulların maya dəyərini belə ödəmir.

    “Rusiya bazarında kartofun qiyməti xeyli aşağı düşüb”

    “Rayonlarda idarə və təşkilatlara konkret pambıq planı qoyulub” - Vahid MƏHƏRRƏMOV

    Kartofun, soğanın qiymətinin ucuzlaşması ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov “Hürriyyət”in suallarını cavablandırdı: “Biz hakimiyyətin hazırladığı “yol xəritəsi”ni nəzərdən keçirəndən sonra ciddi iradlar ortaya qoymuşduq ki, hakimiyyət bizim tərəvəz məhsullarını əsasən Rusiya bazarına ixrac etməyi əsas götürüb. Bunu da onunla əsaslandırırdılar ki, həmin vaxt Rusiya ilə Türkiyə arasında olan münasibət kəskinləşmişdi. Sonradan isə vəziyyət dəyişdi, Türkiyə ilə Rusiyanın da münasibətləri yaxşılaşdı. Amma biz onu əsaslandırırdıq ki, Rusiya bazarı, rublu stabil deyil. Rusiyanın rublu gah dəyərdən düşür və yaxud bahalaşır. İndi son zamanlar Rusiya rublu ucuzlaşıb. Azərbaycan fermerlərinə, kəndlilərinə Rusiyaya apardığı məhsulu rubl ilə satdığı üçün məhsulun dəyəri də aşağı düşür. Kartofun və soğanın qiymətinin düşməsi əsasən bununla bağlıdır. Əvvəllər faraş kartof və soğan daha çox Rusiyaya ixrac edilirdi və bizim kəndlilər də istehsalı ona hesablamışdılar. Ona görə faraş kartof daha çox istehsal olunurdu ki, onun bir hissəsi Rusiya bazarına çıxarılırdı. İndi artıq Rusiya bazarında kartofun qiyməti xeyli aşağı düşüb. Demək olar ki, bu gün Azərbaycanda mövcud olan qiymətə uyğundur. Təxminən 35-40 qəpiyə düşüb. Bu da bizim kəndliləri Rusiya bazarlarına həmin məhsulu çıxarmaq üçün fayda vermir. Ona görə də onlar məcburiyyət qarşısında qalıb ixracı dayandırır və daxili bazara yönəldiblər. Bəziləri bunu guya, istehsalın artımı ilə bağlayırlar. Kəndlilər elə də ağılsız deyillər ki, onlar Azərbaycanda alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir vaxtda istehsalı artırsınlar. Çox yaxşı başa düşürlər ki, Azərbyacan bazarı məhduddur və Azərbyacanda alıcılıq qabiliyyəti aşağıdır. Ona görə də dediyim kimi, onların məqsədi istehsal etdikləri məhsulu ixraca yönəltəmək idi. Bu səbəbdən bu gün məhsul daxili bazara çıxarılır. Ona görə də qiymətlər aşağı düşüb”.

    “Bu gün onları kartofu 20 qəpiyə satmaq sərf etmir”

    V.Məhərrov nəzərə çatdırdı ki, rayonlarda kartofun maya dəyəri fərqlidir: “Məsələn, Şəmkirdə kartofun maya dəyəri təxminən 20 qəpik civarındadır. Ancaq Cəlilabadda təxminən 13-15 qəpik arasındadır. Burada həm regionlarda fərq var, həm də hər bir fermerin özünün çəkdiyi xərc nəzərə alınmalıdır. Tovuz, Şəmkirdə nisbətən baha başa gəlir. Əlbəttə, bu gün onlara kartofu 20 qəpiyə satmaq sərf etmir. Ancaq onların başqa çıxış yolları da yoxdur. Ona görə yoxdur ki, onlar faraş kartofu uzun müddət saxlamaq üçün soyuducu anbarlar lazımdır. Bu da Azərbaycanda oliqarxların əlindədir. Oliqarxlar həmin anbarlarda öz məhsullarını saxlayırlar və kəndlilərə təklif də edəndə baha qiymətə təklif edirlər. Kartofu da bir müddətdən sonra nisbətən baha qiymətə satmaq mümkün olmayacaq. Ola bilər, olsun. Ancaq kəndli tam ümidli deyil ki, bir müddətdən sonra kartofun qiyməti bahalaşa bilər. Əlbəttə, kartofun qiyməti mütləq bahalaşcaq. Təxminən 1 aydan sonra kartofun qiyməti bahalaşacaq, 50-60 qəik civarında təklif olunacaq”.

    “İndiki ajiotaj bir müddətdən sonra bahalaşmaya yönələcək”

    “Bu gün digər bir problem də onunla bağlıdır ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyü üçün daha çox onlar ucuz məhsul almaqda maraqlıdır. Əlbəttə, 30-40 qəpiyə təklif olunsa, əhali alacaq. Ancaq faraş kartof olduğu üçün bundan çox alıb saxlamaq alıcılar üçün də sərf etmir. Ona görə də düşünmürəm ki, böyük həcmdə alsınlar. Yəni indiki ajiotaj bir müddətdən sonra tək istiqamətə, bahalaşmaya yönələcək”, -deyə ekspert qeyd etdi.

    “Kənd Təsərrüfatı Nazirliyi belə iddia ortaya qoyacaq ki, guya, istehsal artıb”

    V. Məhərrəmovun fikrincə, bəzi kəndlilər, fermerlər qiymətin düşməsindən ziyana məruz qalacaq: “Dediyim kimi, istehsal onlara baha başa gəlir. Ümumiyyətlə, faraş kartof baha başa gəlir. Bilirsiniz ki, orada xüsusi örtülü şəraitdə yetişdirirlər, klyonka ilə bir müddət üstü örtülür. Bu da əlavə xərc tələb edir. Ona görə də bəzi fermerlər, xüsusən o fermerlər ki, onlar məhsulu nisbətən əvvəl çıxarıb, baha qiymətə satmadılar, onlar ziyana düşəcək. İki həftə bundan əvvəl kartof 1,5 qəpiyə, hətta 2 manata təklif olunurdu. Düzdür, az bir hissəsi Rusiyaya ixrac olunub. Yəni o kəndlilər ki, daha faraş kartof əldə etmişdilər, onlar nisbətən gəlir əldə edə biliblər, az bir hissəsini indi bazar çıxarırlar. Ancaq indi məhsul əldə edən kəndlilər üçün bu, ziyanlı ola bilər. Düşünürəm ki, bəzi kəndlilər əvvəllər olduğu kimi bir neçə il bundan əvvəl belə hallar olmuşdu. Yəqin xatırlayırsınız ki, Cəlilabad fermerləri ciddi ziyana məruz qalmışdı. Sonra onlar kartof yetişdirmək haqqında düşünmürdülər, digər sahə ilə məşğul olurdurlar. Ancaq son zamanlar kartofun qiymətinin bahalaşması bəzi kəndliləri yenə bu sahə ilə məğul olmağa cəlb etdi. Ancaq istehsal çox deyil. Ancaq Kənd Təsərrüfatı Nazirliyi belə iddia ortaya qoyacaq ki, guya, istehsal artıb. Əslində, istehsalda artım yoxdur, ixracımız kəskin şəkildə azalıb”.

    “Fermerlərə məlumat ötürməlidirlər ki, hansı bazarlara məhsulu çıxarmaq olar”

    “Azərbaycan hər il 200 min tona yaxın kartof idxal edir. Bizim bədbəxtçiliyimiz ondadır ki, bizim hökumət digər ölkələrin bazarlarını öyrənmək istiqamətində hər hansı bir addım atmır. Elə qonşu ölkələr var ki, ola bilsin ki, indi o ölkələrdə kartofa ehtiyac var. Ola bilsin Gürcüstanda, Ukkraynada, Belarusiyada ehtiyac var. Belarusiyada kartof gec yetişir. Əvvəlcə hökumət bununla məşğul olmalıdır və bizim fermerlərə məlumat ötürməlidirlər ki, hansı bazarlara məhsulu çıxarmaq olar”,-deyə ekspet əlavə etdi.

    “Yeni nazir məhsulun keyfiyyəti, məhsuldarlıqla bağlı elə bir məlumata malik deyil”

    “Yeni nazir digər ölkələrin bazarlarını öyrənmək istiqamətində olan məsələləri tənzimləyəcəkmi” sualına V. Məhərrəmov belə cavab verdi: “Yeni nazir kim olur olsun, əgər o peşəkar deyilsə, bu sahədə nə istehsal, nə tədürüklə, nə də yeni bazar axtarışı ilə bağlı hər hansı bir addım ata bilməz. Ona görə ki, o, məhsulun keyfiyyəti, məhsuldarlıqla bağlı elə bir məlumata malik deyil. Əvvəlcə onun məlumatı olmalıdır, nə qədər hansı məhsuldan istehsal edəcək, hansı ölkədə o məhsulu hansı dəyərə təklif etmək olar. Bütün bunlar olduqca mürəkkəb prosesdir. Baxın, Kənd Təsərrüfatı Nazirliyində son bir neçə ildə dəyişiklilər baş verir. Artıq əvvəlki işçilərin əksəriyyəti orada gözə dəymir. Ancaq işdə nə dəyişib? İşdə geriləmələr. Bizim buğdaya olan ehtiyacımız yenə əvvəlki kimi idxalın hesabınadır. Bu il daha çox idxal olunacaq. Çünki istehsal azalıb. Ət, süd idxalımız daha çox artıb. Baxmayaraq ki, tələbat azalıb. Yəni əhalinin alıclıq qabiliyəti aşağı düşdüyünə görə azalıb. Hətta şəkər idxalımız da artıb. Bizim şəkər, çay, meyvə-tərəvəz ixracımız, azalıb. Əksinə, ciddi şəkildə meyvə tərəvəz idxalmız artıb. Bütün bunlar onu deməyə əsas verir ki, hakimiyyət kadr dəyişikliyi aparsa da, siyasəti düzgün müəyyənləşdirə bilməyib. Bu da onunla bağlıdır ki, ora qeyri-peşəkarlarla doludur. Bunlar nə qədər çox sənədlər hazırlasalar da, nə qədər çox sərəncamlar, qəararlar verilsə də irəliyə yox, biz bu sahənin geriyə getdiyini müşahidə edirik. Bu da yalnız onunal bağlıdır ki, bu sahə ilə məşğul olanlar qeyri-peşəkardır. Nə etmək lazımdır, onu bilmirlər. sahə mürəkkəb sahədir. Bəzi adamlar deyir ki, nə fərqi var, digər ölkələrdə hətta qeyri-peşəkar qadın müdafiə naziridir. Onlar anlamır ki, həmin ölkələrdə sistem oturuşub, artıq orada nazir siyasəti nazirlik müəyyən edir, nazir yox. Nazirlikdə isə peşəkarlar oturub. Baxın, Belarusiya demək olar ki, MDB ölkələləri içərisində kənd təsərrüfatı üzrə ən inkişaf etmiş dövlətdir, orada kənd təsərrüfatı naziri aqranom, onun birinci müavini aqranom, digər müavini zotexnik, başqa bir müavini kənd təsərrüfatı texnikası üzrə mütəxəssis, digər müavini isə kənd təsərrüftı üzrə iqtisadçıdır. Baxın, Azərbaycanda kənd təsərrüfatının nazirinin birinci müavini bu sahə üzrə təhsil almamış adamdır, digər bir müavini də bu sahə üzrə təhsil almamış adamdır. Eləcə də o sturkturda əyləşənlərin əksəriyyətinin diplomu olsa da, sahəni dərindən bilmirlər. Hətta öz sahələrini belə dərindən bilmirlər. Əgər bunlar öz sahələrini dərindən bilmirsə, bunları ümumi bir istiqamətə yönəltmək mümkün olmayacaq. Çünki bu sahəyə kompleks yanaşmaq lazımdır. Bu sahədə bütün subsektorlar bir-birindən asılıdır, onu bir-biri ilə əlaqələndirib, ümumi bir istiqamətə yönəltmək lazımdır ki, inkişaf olsun. O, menecer ola bilər, amma bu sahə mürəkkəbdir. Bilirsiniz ki, bitkiçilkdə xəstəliklər, zərəvericilər var, heyvandarlıqda xəstəliklər var. Bu sahə o qədər mürəkkəb sahədir ki, heç bir sahəni bu sahə ilə müqayisə etmək mümkün deyil. Hətta tibb sahəsini də bu sahə ilə müqayisə etmək mümkün deyil. Ona görə ki, tibb üzrə daha müasir texnologiya, avadanlıqlar var və həkimlərin hazırlanması üçün institutlar uzun müddətdir fəaliyyət göstərir. Ancaq kənd təsərrüfatı sahəsi üzrə demək olar ki, son 50 ildə Kənd Təsərrüfatı institutu yaxşı peşəkar kadrlar hazırlaya bilməyib. O kadrlar təhsil alsalar da, yaxşı təcrübə əldə edə bilməyib”.

    Şamo EMİN, Hurriyyet.org