Bazarda köhnə balıqla təzəsini necə seçə bilərik? – REPORTAJ

189

Satıcılar və mütəxəssislər doğru yolu göstərdi

Balıq tək dadı ilə deyil, eyni zamanda yüksək qida dəyəri və zəngin vitamin, mineral tərkibi ilə süfrələrin bəzəyidir. Mütəxəssislər bildirir ki, həftədə 2 dəfə balıq yemək, həm uşaqların, həm də böyüklərin sağlamlığına müsbət təsir göstərir. O immuniteti gücləndirir, ürək xəstəlikləri və iflicin qarşısını alır, xərçəng riskini aşağı salır. Lakin düzgün istifadə edilmədikdə orqanizmə faydadan çox ziyan verə bilər. Bəs görəsən düzgün balığı necə seçmək olar? Onu hansı formada yemək daha faydalıdır?

Hurriyyet.org xəbər ki, Hafta.az-ın əməkdaşı ümumi vəziyyəti öyrənmək üçün əvvəlcə, üz tutdu Keşlə balıq bazarına. İlk öncə müşahidə apardıq. Daha sonra satıcılara yaxınlaşdıq.

Şirin Abdullayeva bizimlə söhbətində söylədi ki, mövsümün başlaması ilə əlaqədar bazarda xüsusi canlanma var. Qiymətlər balığın növünə görə dəyişir:

“Əsasən qiymət 5-15 manat arası, çeşidlər isə müxtəlifdir. Burada ən bahalı balıq “Farel” ən ucuz isə “Xanı” balığıdır”.

Şirin xanım deyir ki, bazarda satılan balıqların mənşəyi müxtəlifdir. Burada çay, göl, dəniz balıqları mövcuddur. Lakin ən bahalı məhsullar Kürdən tutulan balıqlar hesab olunur. Müştərilər isə daha çox “Kütüm” və “Farel” balığına üstünlük verir. Satıcının sözlərinə görə, pandemiya satışlara elə də ciddi təsir göstərməyib:

“Satışda xüsusi canlanma əsasən günün ikinci yarısı olur. Hətta restoranlar belə buradan balıq sifariş verir. O ki, qaldı sanitariya qaydalarına, buna da nəzarət hər gün var”.

Yeri gəlmişkən bazarda, alıcı əlindən tərpənmək olmurdu. İnsanları bura cəlb edən amili isə, yaxınlaşıb elə özlərindən soruşduq. Alıcı Rövşən Əliyev bildirdi ki, uzun illərdən bəri həm özü həm da yaxınları balığa olan təlabatını bu bazardan ödəyir:

“Düzünü desəm burda qiymətlər cibimizə uyğundur, indiyə qədər isə, aldığım məhsuldan elə də ciddi narazılığım olmayıb”.

Bəs balığı nə vaxt və necə yeməliyik? Mövzuyla bağlı mütəxəssisə müraciət etdik. Qida texnoloqu Ağa Salamov bildirdi ki, cəmiyyətdə mövcud olan, “balıq tərkibində “R” hərifi olan aylarda yeyilməlidir” deyimi olduqca yanlışdır:

“Ümumiyyətlə, bu fikrin heç bir elmi əsası yoxdur. İstər yay ayları olsun istərsə də payız, balıq bütün mövsümlərdə yeyilməlidir. Saxlanma şəraiti yaxşı olmayanda onun tərkibində ziyanlı maddələr yarana bilir ki, bu da, daha çox yay aylarına təsadüf edir”.

Ekspert söyləyir ki, hər bir insan il ərzində 18-20 kq balıq istehlak etməlidir. Çünki onun tərkibi insan orqanizmi üçün vacib olan “Omeqa-3” yağ turşuları ilə zəngindir:

“Omeqa-3 orqanizmdə yaranmır və biz onu kənardan alırıq. Bunun üçün ən təbii vasitə isə balıqdır. Balığın tərkibi “D”, “A” vitaminləri və fosfor  ilə zəngindir. Bu da immun sisteminin güclənməsində olduqca faydalıdır”.

Hər bir insan il ərzində 18-20 kq balıq istehlak etməlidir

Texnoloq deyir ki, Azərbaycan mətbəxində ən çox “Kütüm”, “Sazan”, “Kefal”, “Qızıl balıq” və “Nərə” balığından istifadə olunur. Ondan adətən sac yeməkləri, kabablar, qazan yeməkləri, soba yeməkləri hazırlanır:

“Adətən balığı sobada bişirən zaman üzərinə “falqa” yerləşdirirlər, bu da onun kimyəvi tərkibinin dəyişməsinə səbəb ola bilər. Yaxşı olardı ki, belə hallarda  yağlı kağızlardan istifadə edilsin. Mən tövsiyə edirəm ki, sobada bişən balığın üzərinə kərə yağı qoyulsun. Bunun əsas səbəbi hər iki məhsulun heyvan mənşəli olmasıdır. Bu qayda tək balığa deyil, digər ət məhsullarına da aid edilir. Sağlam qidalanmanı nəzərə alsaq, mən hər zaman qızartmaların əleyhinəyəm. Bəzən insanlar balığı qızardır, hətta yandırıb, qurudurlar. Bu zaman onun heç bir qida dəyəri qalmır. Tövsiyə edirəm ki, balığı sulu şəkildə bişirsinlər. Belə yeməklərə, “Balıq sırdağı”, “Balıq buğlaması”nı misal göstərə bilərəm”.

Mütəxəssis onu da əlavə etdi ki, “balığı qatıqla yemək olmaz” düşüncəsi də, cəmiyyətdə doğru bilinən yanlışlar sırasındadır:

“Həm qatığın, həm də balığın tərkibində “histamin” maddəsi var, balıq köhnələndə tərkibində həmin maddə çoxalır. Bu səbəbdən də köhnə balığı qatıqla yemək orqanizmə zərərli olur, lakin təzə balıqla istifadə etməkdə heç bir narahatçılıq yoxdur”.

Mütəxəssis balığı seçərkən diqqət edilməli vacib məqamlardan da danışdı:

“Piştaxtalarda balıq iki şəkildə olmalıdır. Ya suyun içində, ya da buzun. gər balıq diri vəziyyətdədirsə suda saxlanılmalıdır. 2-3 saat açıq şəkildə buzsuz saxlanılan balıq artıq köhnə hesab oluna bilər. Ona görə də çalışmaq lazımdır ki, balıq alarkən mənşəyi məlum olan yerlərə müraciət olunsun. Buzlu balıq alındıqdan sonra buzu bir dəfə açılmalıdır və iki saat ərzində istehlak edilməlidir. Bir digər vacib məqam isə odur ki, alınan balığın, qarnı şiş olmasın, gözləri qabarıq və şəffaf,  qəlsəmələri açıq qırmızı rəngdə olsun. Balığa toxunduqda əl izi öz yerini almırsa deməli o balıq köhnədir”.

Buzlu balıq alındıqdan sonra buzu bir dəfə açılmalıdır və iki saat ərzində istehlak edilməlidir

Apardığımız müşahidələr və ekspert rəyindən belə qənaətə gəldik ki, təzə və keyfiyyətli balığı seçmək elə də çətin deyil. Sizdə həm özünüzün, həm də yaxınlarınızın sağlamlığlını qorumaq üçün, çalışın düzgün analiz edib, doğru nəticə çıxarasınız.