“Baydenin reytinqi yüksək olsa da, Trampın seçilməsi daha real görünür” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

243

“Tramp prezident kürsüsündə qalarsa, rəsmi Bakı ABŞ-la əlaqələri gücləndirməli, Türkiyə və Azərbaycan lobbisinin inkişafi üçün çalışmalıdır”

“ABŞ-da keçirilən seçkilər beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan bir siyasi hadisədir. Respublikaçıların namizədi Donald Tramp və Demokratların namizədi Co Bayden, hər ikisi kifayət qədər ciddi siyasi çəkiyə malik şəxslərdir”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Amerika seçicisi və seçki kollegiyasının verəcəyi qərar növbəti 4 ildə ABŞ-ın idarə edilməsi, həmçinin qlobal müstəvidə rolunu müəyyənləşdirəcək” deyən politoloq hesab edir ki, Baydenin reytinqi yüksək olsa da, Trampın seçilməsi daha real görünür: “Təbii ki, hər iki şəxs ABŞ-ın milli strategiyasından çıxa bilməz. Buna baxmayaraq, hər iki partiyanın izlədiyi müəyyən xarici siyasi xətt var. Ona görə də Cənubi Qafqaz və Azərbaycan üçün məqbul olan əsas siyasi xəttə malik məhz Respublikaçılar Partiyasının namizədi Trampın qalıb gəlməsidir. Tramp Demokrat sabiq Obama administrasiyasının üzvü Baydendən fərqli olaraq Türkiyə və Azərbaycana qarşı siyasi xətti müsbətdir və biz bunu dörd il ərzində müşahidə etmişik. Məhz Trampın Qarabağ məsələsində neytrallağı və bu illər ərzində Azərbaycana hərbi yardımı xüsusi bir əhəmiyyətə malikdir”. Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, Tramp Azərbaycana 100 milyon dollardan artıq hərbi yardım edib: “Qarabağ separatçılarına humanitar yardımı dayandıraraq, Ermənistana maliyyə yardımını azaldıb. Qeyd edim ki, Tramp administrasiyasının sabiq üzvü Boltonun iki il bundan əvvəl regiona səfəri çərçivəsində Ermənistanın işğala son verərək, Qarabağı boşaltması, Türkiyə və Azərbaycanla əlaqələrin qurulması üçün danışıqlar aparmışdı. Bu, onu göstərir ki, Trampın növbəti dəfə dörd il ərzində prezident olması, ABŞ-Azərbaycan əlaqələrinin inkişafı, hətta hərbi-texniki müstəvidə inkişafına töhfe verə bilər. ABŞ-da erməni lobbisinin əsas dəstək verdiyi Baydendir və bunun əsas səbəbi Baydenin anti-Türkiyə siyasətidir. Tramp prezident kürsüsündə qalarsa, rəsmi Bakı ABŞ-la əlaqəni gücləndirməli, Türkiyə və Azərbaycan lobbisinin inkişafi üçün çalışmalıdır. Trampın növbəti hakimiyəti Azərbaycan üçün yeni şanslar yaradacaq. Bundan Azərbaycan maksimum istifadə etməlidir. Gələcəkdə, ABŞ siyasi sistemində mövqeyimizi qoruya bilək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org