“Baydenin prezidentliyi dövründə Ukrayna Donbasla bağlı məsələləri həll edəcək”

423

Xaqani Cəfərli: “Lakin Putinin dövründə Rusiyanın Krımdan geri çəkilməsi mümkün deyil”

“O, səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ-ın Ukrayna və Avropa ilə bağlı siyasətində çox ciddi dönüş hiss edəcəyik”

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın nüfuzlu “Nyu York Tayms” nəşrinə müsahibəsində ABŞ-ın yeni prezidenti Co Baydenin “Normand formatı”nda danışıqları gücləndirəcəyinə ümid etdiyini bildirib. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Zelenski onu da əlavə edib ki, ABŞ-ın yeni administrasiyası Krımın işğaldan azad edilməsində də Kiyevə yardım edə bilər: “O, (Bayden) Rusiya və Ukraynanın problemini yaxşı bilir. Digər tərəfdən, o, Avropanın təhlükəsizliyi barədə danışıb. Müharibənin sonu barədə danışmaq azdır. Bundan sonra nə edilməlidir? Bizə Donbasın reinteqrasiyası lazımdır. Donbası reinteqrasiya etmək üçün isə güclü kampaniya, güclü texnologiya, təhlükəsizlik və pul lazımdır. Burada isə özümüz bacarmayacağıq”.

Vladimir Zelenski Co Baydenin prezidentliyi dövründə ABŞ-ın Ukraynaya lazımı dəstək verəcəyinə ümid etməkdə haqlıdır

Əslində, Zelenski Baydenlə bağlı dediklərində, daha doğrusu onun prezident kimi səlahiyyətlərinin icrasına başlamasından sonra ABŞ-ın Ukraynaya lazımı dəstək verəcəyinə ümid etməkdə haqlıdır. Çünki Bayden hələ 2015-ci ildə ABŞ-ın vitse-prezidenti postunda təmsil olunarkən, Ukrayna Ali Radasında çıxışı zamanı birmənalı şəkildə Rusiyanı işğalçılıqda ittiham etmişdi. Belə ki, “XXI əsrdə dövlətlər öz sərhədlərini güc yolu ilə müəyyənləşdirmək haqqına sahib deyillər. Əsas beynəlxalq qaydalar məhz bununla bağlıdır” deyən Bayden Rusiya bu qaydaları pozduəunu və pozmağa davam etdiyini bəyan etmişdi. O, həmçinin ABŞ-ın Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacağının da bildirmişdi: “Bu gün Rusiya suveren Ukrayna ərazisini işğal edib. Mən çox aydın və dəqiq söyləmək istəyirəm ki, ABŞ Rusiyanın Krımı ilhaq etməsini tanımayıb və heç vaxt tanımayacaq”. Bundan başqa, Bayden həmin il Münhen təhlükəsizlik konfransında çıxışı zamanı qeyd edib ki, kollaps yaratmaq, yaxud Rusiyanın iqtisadiyyatını zəiflətmək ABŞ-ın məqsədi deyil: “Lakin Rusiya prezidenti Vladimir Putin sadə seçim etməlidir: Ukraynanı rahat buraxmalı,  yaxud uzunmüddətli təcridin və öz evində dərinləşən iqtisadi problemlərin qurbanı olmalıdır”. Bu ilin oktyabr ayında isə Bayden CBS kanalına verdiyi müsahibəsində Rusiyanın ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyi üçün əsas təhdid olduğunu vurğulayıb. Bütün bunlar onu deməyə əsas verir ki, Co Baydenin prezidentliyi dönəmində Vaşinqton Kiyevlə əlaqələrini daha da gücləndirəcək, Ukrayna ilə hərbi sahədə ciddi əməkdaşlıq edəcək.

 

“Həm Avropada, həm də ABŞ-da Ukrayna Avroatlantik təhlükəsizlik sisteminin mühüm elementi kimi nəzərdə tutulur”

Beləliklə, mövzu ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən politoloq Xaqani Cəfərli bildirdi ki, Co Baydenin ABŞ prezidenti seçilməsi dünyada siyasi proseslərin yeni mərhələsinin başlanğıcını qoyacaq: “Çünki Donald Trampın dövründə ABŞ-da bir təcrid siyasəti tətbiq olunurdu. Belə ki, Birləşmiş Ştatlar Avroatlantik siyasətdən geri çəkilmişdi. Qeyd edim ki, təxminən, son 100 ildə Vaşinqtonun xarici siyasətinin təməlində əsasən avroatlantik siyasətə, yəni Avropa ilə birgə hərəkətə, Avropa ilə birlikdə təhlükəsizliyi təmin etməyə, o cümlədən birgə iqtisadi inkişafa xüsusi önəm verilirdi. Lakin Donald Tramp bu siyasi kursdan bir qədər geri çəkilmişdi. Hesab edirəm ki, Co Baydenin prezidentliyi dövründə yenidən həmin kursa qayıdılacaq və bu siyasət daha aktiv formada həyata keçiriləcək. Bildiyim qədər, həm Avropada, həm də ABŞ-da Ukrayna Avroatlantik təhlükəsizlik sisteminin mühüm elementi kimi nəzərdə tutulur. Ona görə də ABŞ Konqresi hər il hərbi büdcə haqqında qanuna Ukrayna ilə bağlı maddə salır. Həmin maddəyə əsasən, hər il Ukraynaya 300 milyon dollar həcmində hərbi yardım göstərilir. Məhz bunun özü Ukraynanın Avroatlantik təhlükəsizlik sisteminin mühüm elementi kimi nəzərdə tutulmasında irəli gəlir. Ona görə də mənim heç şübhəm yoxdur ki, ABŞ-ın yeni prezidenti seçilən Co Bayden səlahiyyətlərinin icrasına başladıqdan sonra Birləşmiş Ştatların həm Ukraynaya yönəlik, həm də Avropanın özü ilə bağlı siyasətində çox ciddi dönüş hiss edəcəyik”.

“Putindən sonra Krım məsələsi Qərblə Moskva arasında çox ciddi danışıqlar mövzusu olacaq”

Co Baydenin ABŞ-ın postsovet məkanı ilə bağlı siyasətində də ciddi dəyişikliklər edəcəyini vurğulayan politoloqun sözlərinə görə, Putinin dövründə Rusiyanın Krımdan geri çəkilməsi mümkün deyil: “Bir məqamı da qeyd edim ki, Co Baydenin prezident seçilməsi məlum olduqdan sonra Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bunun postsovet məkanına təsir edə biləcəyini vurğulayıb. Yəni Gürcüstan da ümid edir ki, Bayden postsovet məkanına yönəlik Donald Tramdan fərqli siyasət yürüdəcək. Fikrimcə, bu ümidin çox böyük əsasları var ki, Co Baydenin prezidentliyi dövründə həm Gürcüstan, həm Ukrayna, həm də Moldova Qərbdən, xüsusilə də ABŞ-dan çox ciddi dəstək alacaq. Ümid edirəm ki, Baydenin prezidentliyi dövründə Ukrayna Donbasla bağlı məsələləri həll edəcək. Krıma gəlincə, bu məsələ Rusiyada hakimiyyət dəyişikliyinə bağlıdır. Odur ki, hakimiyyət dəyişməyənə qədər, yəni Putinin dövründə Rusiyanın Krımdan geri çəkilməsi mümkün deyil. Lakin Putindən sonra Krım məsələsi Qərblə Moskva arasında çox ciddi danışıqlar mövzusu olacaq”.

“Həm Türkiyə, həm də ABŞ başda olmaqla, NATO-nun digər ölkələri Ukrayna ordusunu tamamilə yenidən qururlar”

Xaqani Cəfərli onu da qeyd etdi ki, Donbas münaqişəsi Rusiya ilə Ukrayna arasında böyük müharibəyə səbəb olmayacaq: “Çünki Rusiyanın hazırkı vəziyyəti genişmiqyaslı müharibələri istisna edir. Bildiyiniz kimi, Rusiya artıq bir neçə münaqişə bölgəsində – Suriya, Qarabağ və Liviyada təmsil olunur. Bu səbəbdən də hesab etmirəm ki, Rusiya postsovet məkanında, xüsusilə də Ukrayna ilə böyük müharibədə maraqlı olsun. Kreml anlayır ki, əgər böyük müharibə baş verəcəksə, o zaman Ukrayna Qərbdən çox ciddi dəstək ala bilər. Bundan başqa, bu gün Ukrayna ordusu 2014-cü ildəki ordu deyil. Son 6 ildə həm Qərb, həm də Ukraynanın özü ordunun püxtələşməsi, daha keyfiyyətli hərbi qüvvə yaradılması üçün çox işlər görüb. Qeyd etdiyim ki, ABŞ hər il Ukraynaya 300 milyon dollarlıq hərbi yardım edir və bu pullar havaya uçurulmur. Bundan başqa, digər NATO üzvləri də Ukrayna ordusuna ciddi yardım edirlər. Məsələn, Türkiyə hərbi məqsədlər üçün Ukraynaya 200 milyon lirə kredit ayırıb. Həmin kredit müqabilində Ukrayna ordusuna silahlar verir. Yəni həm Türkiyə, həm də ABŞ başda olmaqla, NATO-nun digər ölkələri Ukrayna ordusunu tamamilə yenidən qururlar. Odur ki, əgər yenidən müharibə olarsa, bu, Rusiya üçün çox böyük itkilər hesabına başa gələ bilər. Bu gün isə Kreml buna hazır deyil”.

Ukraynanın NATO-ya inteqrasiyasına gəlincə, politoloq bu qənaətdədir ki, Ukrayna hələlik Şimali Atlantika Blokuna üzvlüyə hazır deyil: “Yəni bu, Ukraynanın özündən çox asılıdır. Belə ki, Gürcüstandan fərqli olaraq, Ukraynada əksər sahələrdə, xüsusilə də ordu ilə bağlı islahatlar çox ağır gedir. Ordunun hərbi təchizat, həm də struktur baxımından NATO standartlarına uyğunlaşdırılması işi kəng gedir. Əslində, bu, başadüşüləndir. Çünki Ukrayna ordusu Gürcüstandan fərqli olaraq, böyükdür və buna görə də onu tamamilə yenidən NATO standartlarına uyğunlaşdırmaq uzun illər tələb edir. Digər tərəfdən, Ukraynanın siyasi sistemində də ciddi problemlər mövcuddur. Orda çox ciddi siyasi, hüquqi islahatlara ehtiyac var ki, NATO-ya qəbul üçün hazır vəziyyətə gətirilsin. Amma bildiyim qədər, yaxın 1-2 il ərzində Gürcüstanın NATO-ya üzvlüyü reallaşa bilər”.

Vazeh BƏHRAMOĞLU