Baydenin “iqlim planı” qlobal enerji bazarlarını sarsıdacaq

96

ABŞ-ın yeni prezidentinin İranı iqtisadi böhrandan çıxarıb, Rusiyaya qarşı sanksiyaları daha da gücləndirəcəyi iddia olunur

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden yanvar ayında Ağ Evə ölkə prezidentləri tarixində ən iddialı “iqlim planı” ilə gələcək. Ancaq investorları və korporativ rəhbərləri bir sual narahat edir: əgər Senatı respublikaçılar nəzarətdə saxlasalar və demokratlar Nümayəndələr Palatasında azlıqda qalsalar, Bayden kabineti yenilənə bilən enerji, neft, qaz da daxil olmaqla, qlobal enerji bazarlarına nə qədər çox təsir göstərə bilər. Cavablar üçün yalnız Baydenin daxili gündəminə deyil, xarici siyasətinə və onun ABŞ-ın keçmiş dövlət katibi Con Kerrini beynəlxalq iqlim məsələləri üzrə müşaviri təyun etməsinə də baxmaq lazımdır.

Nəzər alsaq ki, respublikaçılar 5 yanvarda Corciya ştatında ikinci tur seçkilərində Senatda nəzarəti əldə saxlasalar, Baydenin yeni qanun qəbul etməsi məhdudlaşacaq, bu zaman o, icra hakimiyyətinin qanunvericilik və konstitusiya səlahiyyətlərinə sahib olduğu sahələrə daha çox arxalana bilər. Əsas iş xarici siyasətdir. Kerrinin statusunda olan şəxsin “iqlim elçisi” seçilməsi, ona Milli Təhlükəsizlik Şurasında və Nazirlər Kabinetində yer verilməsi bundan xəbər veriri ki, Bayden administrasiyası iqlim dəyişikliyini xarici siyasətin əsas prioriteti halına gətirmək üçün “Paris iqlim razılaşması”na yenidən qoşulmaqdan çox uzağa gedəcək. Beynəlxalq ticarət, inkişaf maliyyəsi, nüvə silahlarının yayılmaması və diplomatiya sahələrində siyasi dəyişikliklər, daxili gündəmi də qlobal enerji bazarlarını sarsıtmaq, təmiz enerji firmalarına və texnologiyalarına təkan vermək üçün tətikləyəcək.

Birincisi, Bayden təmiz enerjini genişləndirmək üçün ticari siyasətdən istifadə edəcəyinə söz verdi. İqlim hədəflərinə çatmaq üçün tələb olunan keçidin miqyası təmiz enerji texnologiyaları və günəş panelləri, batareyalar, litium və kobalt kimi kritik minerallar və nəticədə hidrogen kimi aşağı karbonlu yanacaq  məhsullarının qlobal ticarətinin artımına gətirəcək. İqlim dəyişikliyini ticarət problemi kimi qaldırmaqla və Tramp administrasiyasının zəiflətdiyi ticarət normalarına qayıtmaqla, Çinin zərəli praktikasına qarşı mübarizə apararaq, Bayden təmiz enerji şirkətləri və məhsullarını dövlət subsidiyaları ilə dəstəkləyən ikitərəfli və çoxtərəfli razılaşmalar bağlaya bilər. Görünür, gələn il Konqres prezidentin ticarət müqavilələri  parametrlərini müəyyənləşdirən Ticarətə Dəstək İdarəsinə yeni səlahiyyət verməyə və iqlim dəyişikliyinə daha çox diqqət yetirəcək.

Bayden xaricdən kömür idxalına gömrük rüsumu tətbiq edəcəyinə söz verdi. Avropa Birliyi onsuz da belə bir rüsum planlaşdırır və ABŞ ilə Avropanın bir-birinin ixracatına rüsum qoymaqdansa, işbirliyi etməsi hər ikisi üçün qazanclı olardı. Ticarət müqaviləsinin digər müddəaları, ölkələrə təmiz enerji texnologiyalarının dövlət satınalması və təmiz enerji məhsullarına tariflərin endirilməsi üçün daha çox şərait yarada bilər.

İkincisi, dünyanın tullantısının yarısına cavabdeh olan ABŞ və Çin arasında təmiz qlobal enerji bazarlarından daha vacib münasibətlər yoxdur. Bir tərəfdən də ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə başlayan ikitərəfli iqlim diplomatiyasını davam etdirmək lazım olacaq. Hansı ki, Çin 2030 hədəflərindən vaz keçməyərək, 2060-cı ilə qədər karbondan imtina etməyi vəd etdi. Bu səbəbdən, gözləmək olar ki, Bayden rəhbərliyi Çini bunu tezləşdirməyə məcbur edəcək. ÜTT-nin ticarət normalarına qayıtmaq həm də ABŞ ilə Çin arasındakı ticarət sürtünmələrini azalda bilər və enerji resursları, həmçinin təmiz enerji məhsulları ilə daha çox ticarətə səbəb ola bilər.

Digər tərəfdən, ABŞ-Çin ticarət əlaqələrində kiber təhlükəsizlik, intellektual mülkiyyət oğurluğu, haqsız subsidiyalar və proteksionizm də daxil olmaqla, bir sıra mübahisələr qalmaqdadır. Baydenin Honq Konqdakı siyasi repressiya və Sincanda uyğurlara qarşı insan haqlarının pozulmasına görə Çinlə də üz-üzə gələcəyi ehtimalı böyükdür. Bu məsələlər enerji texnologiyaları ticarətini poza bilər.

Bununla belə, Vaşinqton ABŞ firmalarının texnoloji liderliyini qorumaq üçün getdikcə daha çox çalışdığından, ABŞ-ın təmiz enerjidə daha çox üstünlüyünə təkan verə bilər. Bayden rəhbərliyi ABŞ-ın rəqabət və strategiya üçün prioritet saydığı bəzi sahələri inkişaf etdirmək üçün Çin ilə razılığa gəlməsi mümkündür. Doğrudan da, Baydenin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan keçən il iqtisadi rəqabəti iqlim dəyişikliyi, qlobal pandemiya, yayılmamaq və hərbi eskalasiya kimi transmilli əkdaşlıqla birləşdirərək, Çinə qarşı belə yanaşma ilə çıxış etdi.

Üçüncüsü, Bayden administrasiyası, iqlim dəyişikliyini və karbon istifadəsini azaltmağa şərait yaradan enerji texnologiyalarına kredit ayrılmasını mərkəzə qoymaq üçün Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi bir çox banklar ilə çoxtərəfli maliyyə qurumlarına təsir edəcək.

Ümumiyyətlə, enerji iqtisadi inkişaf üçün vacib olduğuna görə, elektrik enerjisi sektoru dünyanın inkişaf maliyyə qurumlarından ən böyük kredit alan təşkilatdır. İnkişaf maliyyəsi həm də ABŞ üçün yumşaq güc rolu oynaya bilər. Bayden dəfələrlə “Bir Kəmər, Bir Yol” çərçivəsində kömür layihələrinə qlobal sərmayələri üçün “Çinin cavabdeh olacağını” söylədi. Bunu etmək, Çin investisiyalarına alternativ kimi, dünya bazarındakı inkişaf etməkdə olan ölkələr üçün masaya daha təmiz, maliyyə cəhətdən əlverişli variantların qoyulmasını tələb edəcək. Bu, ABŞ müttəfiqlərinin maliyyə qurumları üçün də həmin alternativləri ortaya qoymaq məqsədilə güclü vasitədir. İklim dəyişikliyini prioritet səviyyəyə qaldıraraq, Bayden rəhbərliyi uzun müddətli layihələri və yerli valyutanın ucuzlaşıb-bahalaşması kimi addımlarla özəl sektorun qarşısında maneə olan investisiya məsələlərini yüngülləşdirə və qlobal təmiz enerji investisiyaları üçün lazım olan trilyonlarla dollar kapitalın yolunun açılmasına kömək edə bilər.

Dördüncüsü, Bayden kabineti ABŞ-ın 2014-cü ildə yoxsul ölkələrə iqlimlə əlaqəli yardım təmin etmək öhdəliyini yerinə yetirəcəyinə söz verdi, bunun 2 milyard dolları hələ də ödənilməyib. ABŞ-ın nüvə və inşaat sənayesi Bayden dövründə vüsət ala bilər. 2050-ci ilə qədər karbonlaşdırılmamış qlobal enerji sisteminə nail olmaq ssenariləri, nüvə enerjisinə daha çox ehtiyac olduğunu göstərir. Üstəlik, ABŞ-ın nüvə silahının yayılmaması ilə bağlı milli təhlükəsizlik maraqları, ABŞ-ın nüvə enerjisindəki liderliyini yenidən qurmağın və digər ölkələrlə nüvə əməkdaşlıq müqavilələrini gücləndirməyin lehinədir. Hal-hazırda Rusiya və Çin nüvə texnologiyasında dominant qlobal oyunçulara çevrilərək, sektordakı qaydaları və normaları şəkilləndirmək üçün geosiyasi təsir göstərirlər.

Nəhayət, Bayden rəhbərliyi “Paris iqlim razılaşması”na yenidən qoşulduqdan sonra tullantı emissiyalarının azaldılmasına dair daha yüksək hədəflər barədə danışıqlardan kənara çıxacaq və milli öhdəliklərə nail olmaq üçün tətbiqetmə vasitələrinə diqqət yetirəcək. Hədəflər vacibdir, lakin bir çox dövlətlər onsuz da daha yüksək vəzifələr bir yana dursun, Parisdəki ilk öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir.

Baydenin təmiz enerji şirkətlərinə təsiri xüsusilə ABŞ-da özünü göstərə bilər. Koronavirus pandemiyası davam edərkən, işsizlik yüzdə 7-8%-ə qalxır, milyonlarla amerikalı kirayə və digər xərclərini ödəyə bilməyincə, iqtisadiyyat çökəcək. Həqiqətən də, daxili iqlim gündəmi amerikalıları yenidən işlə təmin etmək məqsədi daşıyır.

Bayden rəhbərliyinin qlobal enerji bazarlarına təsiri təmiz enerji firmaları və texnologiyaları üçün əhəmiyyətli olsa da, neft və qaz bazarlarına da təsir edəcək. Bəlkə də bu sektorlara ən güclü təsir İran ilə nüvə razılaşmasını yeniləməklə olacaq və İran neftinə sanksiyaların qaldırılması ilə bu ölkə onsuz da ucuzlaşan bazara qayıdacaq. Nəticədə neft qiymətləri daha da aşağı düşəcək.

Pandemiyanın yeni peyvəndlərlə nəzarət altına alınması mal dövriyyəsinə təkan verəcək. Baydenin prezidentliyi enerji şirkətlərini də hədəf almaqla Rusiyaya qarşı sanksiyalar ehtimalını artırır. Vaşinqtonla münasibətlərin pisləşməsi ilə bağlı narahatlıqlar Riyad və Moskvanı OPEC + də daha da güclü əməkdaşlığa apara bilər. Federal torpaqlarda yeni neft və qaz istehsalının qadağan olunacağına dair Baydenin bəyanatı onu deməyə əsas verir ki, hazırda işləyən quyulardan hasilatın tədricən azaldılması ilə yerli hasilat zamanla azalacaq.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA