Baydenin ABŞ prezidenti olmağa 17 səsi çatmır

21

Bir neçə ştatda nəticələr seçkinin taleyini həll edəcək

ABŞ-da prezident seçkisinin yekun nəticəsi bir neçə ştatda səslərin sayılması ilə bağlı ləngiyir. Hazırkı prezident Donald Tramp və demokrat namizəd Co Baydenin göstəriciləri hələlik çox yaxındır. Bir gün əvvəl Miçiqan və Viskonsində qələbəsi gözlənilən Bayden noyabrın 5-də Trampdan irəlidə idi.

Co Bayden ABŞ seçkisinin qalibi olmaq üçün daha 17 seçki kollegiyası səsini toplamalıdır. Bu ona lazım olan 270 seçki kollegiyası səsini əldə etmək imkanı verərdi.

Keçmiş vitse-prezidentin qələbəyə gedən yolu Arizona, Corciya, Nevada və Pensilvaniya ştatlarındakı nəticələrdən keçir.

Pensilvaniya ştatının dövlət katibi Katiy Boockvar deyib ki, bu seçkidə ştat üzrə nəticə artıq noyabrın 6-da bəlli ola bilər.Tramp Seçki Kollegiyasının qalibi olmaq üçün daha 56 səs toplamaldır. Pensilvaniyada qalib gələn namizəd 20 seçki kollegiyası səsini qazanmış olacaq.

Bu arada Trampın seçki kampaniyası səslərin sayılması ilə bağlı bir neçə məhkəmə iddiası qaldırıb. Tramp Viskonsində səslərin yenidən sayılmasını tələb edir. O habelə Pensilvaniya, Miçiqan, Nevada və Corciya ştatları üzrə də məhkəməyə şikayət edib.

Bir sıra hüquq ekspertləri məhkəmə çəkişmələrinin seçkinin son nəticələrini təsirləndirəcəyinə inanmırlar.

Co Bayden tərəfdarlarını təmkinli olmağa və səslərin tam sayılmasını gözləməyə çağırıb. Bayden Arizona və Nevada ştatlarında qalib gələrsə, prezident olmaq üçün lazım olan 270 kollegiya səsini təmin etmiş olacaq. Co Bayden bu iki ştatda hələlik cüzi fərqlə irəlidədir.