“Bayden siyasi qütbləşməyə son qoyacaq”

81

Məhəmməd Əsədullazadə: “O, Rusiyaya qarşı aqressiv siyasəti davam etdirəcək, İranla əlaqələrin tənzimlənməsinə gediləcək”

“Baydenin qələbəsi Yaxın Şərqdə bəzi terror təşkilatlarının dirçəlməsinə və MDB məkanında Azərbaycan daxil olmaqla, müəyyən qrupların aktivləşməsinə gətirə bilər”

ABŞ-ın respublikaçı prezidenti Donald Tramp üzərində mübahisəli seçkilərin qalibi demokrat Co Bayden gələn il yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra ABŞ hökumətini idarə etmək üçün hazırlıqlara başlayıb. Bu barədə “Amerikanın Səsi”ndə yer alan informasiyada qeyd olunur ki, Bayden ölümcül pandemiya, ağır iqtisadi durumla mübarizə və dərin bir şəkildə bölünmüş Amerika ictimaiyyəti ilə münasibət kimi məsələlərlə ABŞ-ın növbəti prezidenti kimi vəzifəsinə başlayacaq. O da bildirilir ki, artıq Bayden Trampın siyasətini dəyişməz üçün hərəkət keçib.

Əgər Demokrat Partiyası Senat yerlərini qazanmasa, Bayden 100 ildən çox bir müddətdə Konqresin hər iki palatasında çoxluq əldə edə bilməyən ilk prezident olacaq 

Belə ki, yeni seçilmiş prezident pandemiyanı nəzarət altına almaq üçün “elmi təməl üzərində qurulan”COVID-19-la mübarizə işçi qrupu yaradacağını elan edib. Cons Hopkins Universitetinin məlumatına görə, 9.8 milyondan çox amerikalı virusa yoluxub, 237000-dən çox insan həyatını itirib. “Önümüzdəki aylarda çox sayda insanın həyatını xilas edə bilərik” – deyə Bayden bildirib. Ancaq analitiklər Baydenin çətinliklərinin böyük olduğunu və müvəffəqiyyətinin prezident Donald Trampın yola düşməsindən sonra ölkəni birləşdirməyə və Kapitolidə Respublikaçılar ilə dil tapmaqla bağlı olduğunu deyir. Eyni zamanda, Bayden müxalifətlə, xüsusən də yeni altı illik bir müddət qazanan Senatın çoxluq lideri Mitç Makkonnelə güzəştə getməli olacaq. Çünki Bayden prezidentlik kürsüsünü qazansa da, onun Demokratik Partiyasının Senat üzərində nəzarəti ələ almaq ehtimalı azdır. Demokratlar Senatda 50-50 bərabərlik əldə etmək üçün yanvar ayında Respublikaçı meylli Corciya ştatında ikinci seçkilərdə iki yeri qazanmalıdır. Əgər Baydenin partiyası Senat yerlərini qazanmasa, o, 100 ildən çox bir müddətdə Konqresin hər iki palatasında çoxluq əldə edə bilməyən ilk prezident olacaq. Təhlilçilər hesab edir ki, respublikaçıların nəzarətində olan Senatla qarşıdurma Baydenə müxtəlif demokratik fraksiyaların birləməsinə və siyasi landşaftda fikir ayrı-seçkiliyinə malik olan tədrici dəyişiklilərin həyata keçirməsinə yardım edə bilər.

Bayden İranla imzalanan nüvə sazişinə geri qayıdacağı barədə açıqlama versə də, Xameneyi onun qələbəsinin Vaşinqton-Tehran münasibətlərini dəyişməyəcəyini bildirib 

Bu arada, Bayden prezident olacağı təqdirdə İranla imzalanan nüvə sazişinə geri qayıdacağı barədə açıqlama versə də, İranın ali ruhani lideri Ayətullah Əli Xameneyi Baydenin qələbəsinin heç bir şeyi, yəni Vaşinqton-Tehran münasibətlərini dəyişməyəcəyini bildirib. O, hətta ABŞ prezident seçkisindəki gərgin rəqabəti “tamaşa” adlandrııb və bunun Amerika demokratiyasının zəifliyindən xəbər verdiyini vurğulayıb: “Deyirlər ki, bu, ABŞ tarixində ən saxtakar seçkidir. Bunu kim deyir? Hazırda prezidnet vəzifəsində olan şəxs. Onun rəqibi isə deyir ki, Trump seçkini saxtalaşdırmaq istəyir. ABŞ seçkisi və demokratiya budur!”

İran prezidenti Həsən Ruhani isə qeyd edib ki, ABŞ-da Tramp rəhbərliyinin hakimiyyəti dövründə İran tarixində heç görmədiyi qədər çətin günlər yaşadı: “Xalqın və hökumətin 3 ildir gördüyü çətinliklərin İran tarixində bənzəri yoxdur. Ağ Evdəki “cənab” pandemiya dövründə belə, İrana qarşı sanksiyaları və iqtisadi müharibəni artırdı. Onlar heç bir humanitar prinsipə, insan haqlarına və beynəlxalq qaydalara riayət etmədilər. Ancaq sonda İran xalqının zəfər qazanacağına əminəm”. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qonşu ölkələrə Donald Trampın ABŞ prezidenti postunu tərk etməsindən sonra dialoqu yeniləməyi təklif edib. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Zərif dialoqun bölgə üçün uğurlu yol olduğunu bildirib: “Tramp gedib, biz – qonşular qalmışıq. Yadların dayağı təhlükəsizlik gətirmir, əksinə, yalnız ümidləri məhv edir. Xalqlarımız və ölkələrimizin maraqlarının təmini üçün əməkdaşlıq əlimizi uzadırıq”.

“Əgər Tramp növbəti dəfə hakimiyyətdə qalsaydı, o zaman ABŞ-ı kütləvi etiraz dalğası bürüyəcəkdi” 

Beləliklə, “Hürriyyət” xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Baydenin Trampa qalib gəlməsi əsasən, Trampın bir sıra ciddi strateji səhvləri ilə əlaqədardır: “Birinci səhv Trampın ABŞ dərin dövlətini özünə tabe etdirmək və ənənəvi ABŞ siyasətinə qarşı çıxmasıdır. İkincisi, maliyyə oliqarxları ilə problemləri, xüsusilə Trampın Federal Ehtiyatlar Bürosunu (FED) Ağ Evə tabe etdirmək planı idi. Ağ Ev və FED arasında son iki ildə pərdəarxası problem davam edirdi. Çünki Tramp ABŞ iqtisadiyyatını tənzimləyən FED-i özünə tabe etdirməyə çalışırdı. Bu da ABŞ-da maliyyə bosslarınınciddi narahatlığına səbəb olmuşdu. Üçüncü səbəbafroamerikalıların Baydenə səs verməsi, koronavirus pandemiyasından irəli gələn iqtisadi vəziyyətin ağırlaşmasıdır. Dördüncüsü, irqi ayrıseçkiliyin Trampın siyasi xəttində təzahür olmasıdır. Beşincisi, Trampın Pentaqonla problemləri, ABŞ generalitetləri ilə daim mübahisə yaşaması, Vaşinqtonun Yaxın Şərq və Avropa siyasətində geri çəkilməsidir”.

Politoloq hesab edir ki, bütün bunlar ABŞ siyasi-hərbi elitasının Trampın seçkilərdə uduzdurulmasında iştirakına gətirib çıxardı: “Trampın əsas uğurları isə ölkə iqtisadiyyatını dirçəltmək, iqtisadi maraqlara uyğun olaraq müqavilələr bağlaması, digər ölkələrin daxili işinə qarışmamaqdır. Həmçinin, Yaxın Şərqdə İŞİD və digər terroçuları dəstəkləməmək olub. Trampın daxili siyasətdə ciddi yanlışlıqları onun dərin dövlətlə ciddi konfrantasiyaya getməsi, Baydenlə əvəzlənməsinə gətirib çıxardı. Əgər Tramp növbəti dəfə hakimiyyətdə qalsaydı, o zaman ABŞ-ı kütləvi etiraz dalğası bürüyəcəkdi. Bayden isə ölkə daxilindəsiyasi qütbləşməyə son qoyacaq, ABŞ-ın ənənəvidaxili və xarici siyasətini bərpa edəcək. ABŞ daxilində siyasi-iqtisadi və irqi sabitlik bərpa ediləcək. Xarici siyasətə gəldikdə isə Bayden ənənəvi müttəfiqləri ilə əlaqələri normallaşdıracaq. NATO və Avropa ilə sıx əməkdaşlığı yoluna qoyacaq. Dörd ildən sonra NATO yenidən öz mövqeyini gücləndirəcək”.

“ABŞ terrora qarşı mübarizə adı ilə yenidən Yaxın Şərqdə öz hərbi qüdrətini və mövqeyini artıra bilər” 

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri qeyd edib ki, Bayden Cənubi Qafqaz üçün əsas səciyyəvi olan Rusiyaya qarşı aqressiv siyasəti davam etdirəcək: “Rusiyanın Yaxın Şərqdə zəiflədilməsinə, Ukraynada Donbas böhranında bu ölkəni Latel silahlarla təchiz olunması istiqamətində geniş hərbi proqram reallaşa bilər. Baydenin Ukrayna ilə sıx şəxsi və biznes əlaqələrini nəzərə alsaq, Ukraynaya tam dəstək daha intensivləşə bilər. O, həmçinin, NATO-nun Şərqi Avropada mövqelərini gücləndirəcək. İranla münasibətlərə gəldikdə isə bu ölkə ilə əlaqələrin tənzimlənməsinə gediləcək. Yaxın Şərqdə yeni hərbi kampaniyanın şahidi ola bilərik ki, bu da əsasən, Türkiyə və Rusiyanın zəiflədilməsi, ABŞ-ın daha da güclənməsinə hesablanılacaq. Xüsusilə, yenidən İŞİD-in lokal şəkildə meydana çıxmasının şahidi ola bilərik. Baydenin qələbəsi Yaxın Şərqdə bəzi terror təşkilatlarının dirçəlməsinə və MDB məkanında Azərbaycan daxil olmaqla, müəyyən qrupların aktivləşməsinə gətirə bilər. Bu da əsasən Bayden adminstrasiyasının belə bir qruplara “demokratiya”adı altında qrantlar ayırması olacaq. Dünəndən İraqın paytaxtı Bağdadda İŞİD-in bəzi polis məntəqələrinə hücum etdiyi qeyd edildi. Bu hücumlar təsadüf deyil. Obama dövründə İŞİD öz çiçəklənmə dövrünü yaşayırdı. Yaxın Şərqdə qeyri-sabitlik qalmaqdadır.Baydenin prezidentliyi dövründə Yaxın Şərqdə yenidən İŞİD meydana çıxa və ABŞ terrora qarşı mübarizə adı ilə yenidən regionda öz hərbi qüdrətini, mövqeyini artıra bilər. Yaxın Şərq yeni siyasi mərhələyə keçə bilər. Türkiyə ilə əlaqələr Aralıq dəniz məsələsində ciddiləşəcək. Ankara çalışacaq ki, Baydenlə sıx əlaqələr qursun və problemləri danışıqlarda həll etsin. Ankara buna nail olacaq”.

“Bayden Ermənistana görə regionda işğala, separatizmə, Rusiyanın mövqeyini gücləndirən siyasətə üstünlük verməyəcək” 

Cənubi Qafqaz xüsusilə, Ermənistan və Azərbaycan müharibəsində Baydenin mövqeyinə gəldikdə isəpolitoloq bildirib ki, burada Vaşinqtonun öz strateji xətti var: “Buraya Gürcüstan da daxildir. Ermənistan çalışacaq ki, Baydenin dəstəyinə nail olsun. AmmaBayden təkcə Ermənistana görə regionda işğala, separatizmə, Rusiyanın mövqeyini gücləndirən siyasətə üstünlük verməyəcək. Çünki regionda destabilizasiya Rusiyanın maraqlarına cavab verir. ABŞ Yaxın Şərqdə qeyri-sabitlikdə maraqlı olsa da, Cənubi Qafqazda maraqlı deyil. Ona görə də Baydenin seçilməsiylə regionda Ermənistanın istədiyi siyasətin tətbiqi gözlənilmir. Bundan başqa, Bayden administrasiyası demokratiya və insan haqlarına diqqəti artıracaq. Bu da Azərbaycan və ABŞ arasında müəyyən soyuq münasibətlərlə müşaiyət oluna bilər.Lakin Azərbaycanın Qarabağ müharibəsində qalibiyyəti daxildə bir sıra məsələləri həll edəcək. Bayden də Azərbaycanın ərazi bütövlüyünə dəstək verəcək. Bu, Vaşinqtonun dəyişməz siyasətidir”.

Vazeh BƏHRAMOĞLU