“Bayden prezident seçilərsə, Ermənistanla bağlı hansısa ciddi dəyişikliklər olacağını gözləmirəm”

114

Şahin Cəfərli: “ABŞ-da kim hakimiyyətə gəlirsə-gəlsin, təbii ki, dövlət maraqlarını üstün tutur, bu maraqlar isə tələb edir ki, istər Azərbaycan, istər Türkiyə, istərsə də Ermənistanla yaxşı münasibətlər qurulsun”

“Bilmirsən niyə, yanlış formalaşmış fikirimiz var ki, demokratlarla respublikaçılardan daha yaxşı işləmişik və ya işləyəcəyik. Buna görə də Baydenlə Trampdan daha asan olacaq”. Qeyd edək ki, ordu.az-ın məlumatına görə, bunu Amerika araşdırmaları erməni mərkəzinin rəhbəri, erməni politoloq Suren Sarkisyan öz “facebook” səhifəsində yazıb.

Erməni politoloqun Baydenlə bağlı fikirlərinə münasibət öyrənmək üçün siyasi şərhçi Şahin Cəfərli ilə əlaqə saxladıq.

O, Amerika ermənilərinin daha çox demokratlara səs verdiyi səbəbindən, demokratların da öz növbəsində, öz seçiciləri olan erməni təmsilçilərinin arzu və tələblərinə daha çox diqqət etdiyini bildirdi: “Həmin politoloq və digər ermənilərin fikirləri yəqin, ona əsaslanır ki, Amerika demokratları respublikaçılarla müqayisədə erməni məsələsinə daha çox həssaslıq göstərir. Yəni, Amerika erməniləri daha çox demokratlara səs verib. Demokratlar da öz növbəsində, öz seçiciləri olan erməni təmsilçilərinin arzu və tələblərinə daha çox diqqət edir. Ümumiyyətlə, ABŞ-da demokratlar ölkə daxilindəki bütün azlıqlara diqqət göstərir. Həmin azlıqlar da seçkilər vaxtı səslərini demokratlara verir. Bu baxımdan, Amerika demokratları ermənilərə müəyyən qədər yaxındır. Uzaq keçmişdən də bilirik ki, ABŞ-da demokratlar hakimiyyətdə olanda ermənilərə və Ermənistana münasibətdə hər hansısa fərqli qərarların şahidi olmamışıq. Demokratların hakimiyyəti illərində “erməni soyqrımı” da tanınmayıb. Bayden özü Obamanın prezidentliyi dövründə səkkiz il vitse-prezident olub. Yəni, faktiki olaraq uzun müddət hakimiyyətdə olub. Həmin müddətdə də “erməni soyqrımı” tanınmayıb. Ermənistana münasibətdə xüsusi güzəştlərin şahidi olmamışıq”.

Şahin Cəfərli onu da qeyd etdi ki, ABŞ-da kim hakimiyyətə gəlirsə-gəlsin, təbii ki, ABŞ-ın dövlət maraqlarını üstün tutur: “Bu maraqlar da tələb edir ki, istər Azərbaycan, istər Türkiyə, istərsə də Ermənistanla yaxşı münasibətlər qurulsun. Buna görə də Bayden prezident seçilərsə, Ermənistanla bağlı hansısa ciddi dəyişikliklər olacağını gözləmirəm. Təbii ki, Konrqresdə erməni lobbisinin əlində olan konqresmenlər var. Onlar hər zaman erməni lobbisinin tələblərini dilə gətirir. Lakin Bayden seçilərsə, bizim regionla bağlı radikal bir dəyişiklik gözləmirəm”.

YƏHYA