“Baş nazirin bu qərarı inhisarçılığın bir elementidir” – SABİQ DEPUTAT

    9

    Nazim Bəydəmirli: “Belə məhdudlaşdırıcı addımlarla ancaq korrupsiyanı, qaçaqmalçılığı çiçkələndirmək olar”

    “Hökumət kimlərinsə marağına uyğun hərəkət edir”

    “Sual vermək lazımdır ki, bu məhsullar qonşu ölkədə niyə ucuzdur, bizdə bahadır? Bu sualı həll etmək, səbəbləri aradan qaldırmaq əvəzinə, belə məhdudlaşdırcı addımların atılması təbii ki, müxtəlif sosial narazılıqlar yarada bilər”

    24 noyabr 2018-ci il tarixində baş nazir Novruz Məmmədov qərara alıb ki, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.10-cu yarımbəndində “3” rəqəmi “1,5” rəqəmi ilə və “600” rəqəmi “200” rəqəmi ilə əvəz edilsin. Yəni Vergi Məcəlləsinin 188-ci (Azadolmalar) maddəsinin birinci bəndinə edilən dəyişikliyə əsasən də fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər.

    Maraqlıdır ki, bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad olduğu halda, indi ölkədə nə dəyişib ki, fərdi istehlak üçün 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret gətirməyə icazə verilir?!

    Bu məhdudlaşdırcı qərarın arxasında bir məqsəd var ki, o da monopliyadır. Bunun başqa adı ola bilməz. Çünki həmin sahəyə nəzarət edən məmur-sahibkara da sirr deyil ki, fərdi istehlak üçün spirt və siqaret gətirənlərdən başqa, 3 litr spirtli içki, 600 ədəd siqareti sərhədlərdən keçirməklə, kiçik ticarətlə məşğul olanlar da var. Məqsəd də bu tip ticarətlə məşğul olanların qarşısını almaqdır.

    Əslində, bu məhdudlaşdırıcı qərarın hökumətə xeyrindən çox ziyanı var. Çünki işsiz vətəndaşlar bu yolla ailələrini dolandırırdı ki, indi bu qərar o insanları çıxılmaz vəziyyətə salacaq. Bu isə sosial narazılığın artmasına xidmət edən amillərdən biridir. Əslində, ölkədə işsizlik səviyyəsinin yüksək olduğu halda sərhəd ticarəti ilə ailəsini dolandıran insanlara zərbə vurmaq elə işsizlik yaratmaq deməkdir. Bu baxımdan, Nazirlər Kabinetinin bu qərarı vətəndaşların deyil, məmur-sahibkarların marağına xidmət edir. Halbuki, hökumətin hər bir qərarı məmurların deyil, vətəndaşların maraqlarına xidmət etməlidir.

    Картинки по запросу nazirlər kabineti

    Ümumiyyətlə, fərdi istehlak üçün 1,5 lit alkoqollu içki, 200 ədəd siqaret gətirməyə icazə verilməsi özü digər bir səbəbdən də doğru deyil. Nəzərə alsaq ki, Azərbyacanda xeyli sayda Gürcüstan vətəndaşı və yaxud Bakıda qohum-əqrabası yaşayanlar var, belə çıxır ki, öz evinə və yaxud qohum evinə gələndə 1,5 litrdən artıq içki gətirmək olmaz. Dünyanın heç bir yerində belə absurd qərar ola bilməz. Evinə gələsən, gələndə də sənə cəmi 1.5 litr çaxırı vergisiz sərhəddən keçirməyə icazə verələr. Hansı ki, həm fərdi istehlak, həm də sərhəd ticarəti baxımında bu qərarın verilməsi doğru addım deyil. Çünki bu tip məhdudlaşdırıcı qərarlarla hökumət əhalinin sosial durumunu yaxşılaşdırmağa çalışmaqdansa, daha da pisləşdirir.

    Sual olunur ki, niyə sərhəddə yaşayan insanlar bir gündə 10 dəfə, bəzən 20 dəfə sərhəddi keçib, kiçik ticarətçilərin 3 litr çaxırını və yaxud arağını, 3 blok da siqaretini 1-2 manat müqabilində sərhəddən keçirirlər? Çünki iş yoxdur. İş olmadığı halda isə insanların çörəyinə bais olmaq özü də doğru deyil. Ona görə də yaxşı olardı ki, Nazirlər Kabineti həm həqiqətən fərdi istehlak məqsədilə alkoqollu içki, siqaret gətirənləri, həm də sərhəd ticarəti ilə ailəsini dolandıran insanları nəzərə alan qərarlar qəbul etsin.

    Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə görə, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,06 manat, tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manat dövlət rüsumu müəyyənləşib.

    Əslində, bu dəyişilikdə alkoqollu içkilərə aksiz markasının verilməsinə görə 0,06 manatın neçə litrə və tütün məmulatlarına aksiz markasının verilməsinə görə isə 0,05 manatın neçə ədəd siqaretə aid edilməsi özü də aydın izah olunmayıb. Halbuki, bunlar dəyişiklikdə aydın ifadə olunmalıdır.

    “Hesab edirəm ki, bu da inhisarçılığın bir elementidir”

    Картинки по запросу Nazim Bəydəmirli

    Fiziki şəxslərin fərdi istehlak üçün 3 litr alkoqollu içkinin 1,5 litrə, 600 ədəd siqaretin isə 200 ədədə qədər azaldılması ilə bağlı keçmiş deputat Nazim Bəydəmirli “Hürriyyət”ə belə dedi: “Mən onun tərəfdarıyam ki, Azərbaycan vətədanşları sağlamlıq üçün bu tpli zərərli maddələrdən uzaq olsun. Ancaq bir iqtisadi qanunauyğunluq olmalıdır. Bu da vətəndaşların fərdi istehlakı üçün gətirilən mallara məhdudiyyət qoyulmaması şərtidir. Çünki adətən Azərbyacanda hər hansı bir müəssisə açıldıqda və yaxud planlaşdırıldıqda bu və ya digər məhdudiyyətlər daha da sərtləşdirilir və bu vətəndaşlarımızın deməyinə əsas verir ki, Azərbaycanda istehsalda da monopoliya var. Həm də idxaldakı monopliya davam edir. Bu, əsassız olaraq vətəndaşların incidilməsinə, sərhəd-keçid məntəqələrində bu və ya digər formada növbələrin yaradılmasına və sərhəd ticarətinin məhdudlaşdırılmasına gətirib çıxardır. Ona görə, hökumət süni olaraq belə addımlar atırsa, deməli, kimlərinsə marağına uyğun hərəkət edir. Yəni mən bir iqtisadçı, liberal bazar dəyərlərinə sadiq olan insan olaraq bunu mənfi qiymətləndirirəm və hesab edirəm ki, bu da inhisarçılığın bir elementidir”.

    “Vətəndaşın ucuz və keyfiyyətli malı ölkəsində almaq imkanı varsa, o, niyə xaricdən siqaret və spirtli içkilər gətirsin?”

    N.Bəydəmirli vurğuladı ki, belə məhdudlaşdırıcı addımlarla ancaq korrupsiyanı, qaçaqmalçılığı çiçkələndirmək olar: “Bu da sürətləndirilir, qanun pozuntuları daha da artır. Ona görə, vətəndaşları yerli malla, xidmətlərlə təmin etmək üçün azad ticarət olmalıdır, iqtisadi fəaliyyət tam təmin olunmalıdır. Ortalığa belə bir sual çıxır ki, vətəndaşın ucuz və keyfiyyətli malı ölkəsində almaq imkanı varsa, o, niyə xaricdən siqaret və spirtli içkilər gətirsin? Ona görə, ilk növbədə, mal bolluğu yaratmaq lazımdır. Onun üçün də məmur sahibkarlığı və inhisarçılıq ləğv olunmalıdır”.

    “Belə məhdudlaşdırcı addımların atılması müxtəlif sosial narazılıqlar yarada bilər”

    “Sirr deyil ki, fərdi istehlak üçün spirt və siqaret gətirənlərdən başqa, 3 litr spirtli içki, 600 ədəd siqareti sərhədlərdən keçirməklə, kiçik ticarətlə məşğul olanlar da var. Ölkədə işsizlik olduğu halda ailəsini bu yollarla dolandıranlara zərbə vurmaq ölkədə narazılığı artıracaq addım deyilmi” sualına N. Bəydəmirli belə cavab verdi: “Bu və ya digər fromada bu tpli sahibkarlıqla məşğul olanları əksinə təşviq etmək lazımdır. Bunun başqa yolları var. Bir vətəndaş ildə nə qədər sərhəddən keçir və nə qədər bu məhsulları gətirir, bunu bilmək olur. Bu mənada təşviqedici sənədlər tətbiq etmək, kiçik bizneslə məğul olanları maarifləndirmək lazım idi və onların bu və ya digər fromada dövlət büdcəsinə qatqısını sağlamaq lazımdır. Bu, əslində, rəqabəti artıran bir amildir. Ona görə, bazarda daha çox məhsulun, çeşidin olması lazımdır. Sual vermək lazımdır ki, bu məhsullar qonşu ölkədə niyə ucuzdur, bizdə bahadır? Bu sualı həll etmək, səbəbləri aradan qaldırmaq əvəzinə, belə məhdudlaşdırcı addımların atılması təbii ki, müxtəlif sosial narazılıqlar yarada bilər.

    Əslində, hökumətin işi bu və ya digər formada ölkə daxilində monopoliyanı qorumaq olmalı deyil, əksinə vətəndaşların şəraitini yaxşılaşdırmaq, o cümlədən sərhəd zonalarında, yaxud digər bölgələrdən olan vətəndaşlarımızın sərhəd ticarətini təşkil etmək lazımdır. Bu baxımdan, mən hesab edirəm ki, istənilən məhdudlaşdırıcı amil vətəndaşlar və iqtisadiyat üçün zərərlidir”.

    Şamo EMİN, Hurriyyet.org