“Baş verən geosiyasi toqquşmalar fonunda Türkiyə boğazları bağlaya bilər”

96

Məhəmməd Əsədullazadə: “ABŞ konkret şəkildə Yunanıstan tərəfdə olarsa, bu halda, təhlükəsizliyini qorumaq üçün boğazları bağlamaq Türkiyənin beynəlxalq hüququdur”

Ramil Məmmədli: “Müəyyən bəyanatlar və açıqlamalar verilə bilər, lakin Türkiyənin belə bir addım atması inandırıcı deyil”

2015-ci ildə Türkiyənin Rusiyaya məxsus hərbi təyyarəni vurmasından sonra Moskva və Ankara arasında artan gərginlik Bosfor və Dardanel boğazlarından istifadə məsələsi ilə bağlı narahatlıqların artmasına səbəb oldu. Boğaz xüsusilə Suriyada yerləşən hərbi bazaya təchizatın daşınmasında Rusiya üçün həm ticarət, həm də hərbi baxımından əhəmiyyətliydi. Türkiyənin 30 km. uzunluğunda Bosfor bogazı İstanbulu ikiyə ayırır. Xüsusən də boğaz Qara dəniz vasitəsilə beynəlxalq sulara çıxış yoludur.

Hazırda isə Aralıq dənizində Yunanıstan və Türkiyə arasında gərginlik yaşanır. Baş verən gərginlik bir daha boğazların bağlanması məsələsini gündəmə gətirib. Türkiyə boğazları Montrö müqaviləsinə əsasən bağlaya bilər. Bunu ehtiyatda olan türkiyəli polkovnik Midhəd İşıq deyib.

Mövzuyla bağlı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə “Hürriyyət”ə açıqlamasında baş verən geosiyasi toqquşmalar fonunda Türkiyənin boğazları bağlaya biləcəyini bildirdi: “Boğazların istifadə edilməsi qlobal müqaviləyə əsasən tətbiq edilir.

Bununla bağlı Türkiyənin götürdüyü öhdəliklər var. Burda hərbi məqsədlər üçün istifadə edilə bilər, amma Türkiyənin ümumi təhlükəsizliyinə təhdid olarsa, Türkiyə boğazları bağlaya bilər. Aralıq dənizində baş verən geosiyasi hadisələr göstərir ki, bir sıra ölkələr Türkiyəyə qarşı birləşir. Hesab edirəm ki, bu istiqamətdə baş verən geosiyasi toqquşmalar fonunda Türkiyə boğazları bağlaya bilər. Bildiyiniz kimi, NATO və  ABŞ qüvvələri əsasən boğazdan keçməklə, Qara dənizə daxil olur. Həmçinin, Rusiya Suriyada hərbi əməliyyatları aparmaq üçün müəyyən istiqamətlərdə bu boğazdan keçid kimi istifadə edir.

Əgər, ABŞ konkret şəkildə Yunanıstan tərəfdə olarsa, belə olan halda, təhlükəsizliyini qorumaq üçün boğazları bağlamaq Türkiyənin beynəlxalq hüququdur”. Onun sözlərinə görə, bu hüquqdan Türkiyəni heç kim döndərə bilməz: “Görünən odur ki, Türkiyəyə qarşı təhdidlər var. Əgər, ABŞ, NATO və Avropa Birliyi Yunanıstanı bu siyasətindən döndərə bilməsə, Türkiyənin boğazı bağlaması qaçılmaz olacaq. Türkiyə bir müddət sonra boğazlarla bağlı beynəlxalq müqavilələri də gündəmə gətirə bilər. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi qarşıdurmalar var.

Amma Fransa və Almaniya kimi dövlətlər vəziyyətin gərginləşməsinin qarşısını almaq əvəzinə, provokasiyaya əl atır. Məsələni masa arxasına əyləşib, güc yolu ilə deyil, danışıq yolu ilə də həll etmək mümkündür”.

Hərbi ekspert Ramil Məmmədli isə Türkiyənin belə bir addım atmasının inandırıcı olmadığını dedi.

O, boğazın bağlanması və ordan tranzit şəkildə istifadə edən ölkələrə iqtisadi zərbənin vurulmasının yanlış olduğunu bildirdi: “Ümumiyyətlə, Türkiyə Cümhuriyyəti yaranan illərdən həmin boğazlardan digər ölkələrin istifadə etməsi, həmçinin, sözügedən boğazlara beynəlxalq status verilməsi üçün müxtəlif sazişlər imzalanıb. Sonrakı illərdə saziş yenilənib. Daha sonra boğazla bağlı yaranacaq problemləri aradan qaldırmaq üçün tövsiyə xarakterli razılaşmalar əldə olunub.

Əslində, məsələyə başqa yöndən baxmaq lazımdır. Əgər, Türkiyə boğazları bağlayarsa, bu, Türkiyəyə nə verə bilər? Əlbəttə ki, Türkiyə regionda əsas status qazanan və regionun lider dövləti olmağa çalışan ölkələrdən biridir. Bu baxımdan, boğazın bağlanması və ordan tranzit şəkildə istifadə edən ölkələrə iqtisadi zərbənin vurulması yanlışdır. Hesab edirəm ki, Türkiyə də bu addımı atmaz. Müəyyən bəyanatlar və açıqlamalar verilə bilər, lakin Türkiyənin belə bir addım atması inandırıcı deyil”.

YƏHYA