Baş tutmayan həbs

213

1999-cu ilin yay günlərinin birində (dəqiq tarixi ya- dımda deyil) müstəntiq Əli Əliyev gözlənilmədən Nəcəfo- vun kabinetinə daxil oldu. Nəsə xoşagəlməz bir hadisə baş vermişdi. Çünki Əli ona təklif olunsa da, əyləşmədi. Ayaq üstə qalıb gülümsəyirdi. Lakin nədənsə ehtiyat etdiyi və həyəcanlı olduğu sifətindən görünürdü.

– Əli, nəsə baş verib?

–İsa müəllim, nahardan sonra Eldar Həsənov kollegiya keçirəcək və mənim fəaliyyətimi müzakirə edəcək. Baş prokuror hardansa öyrənib ki, indiyə kimi mənim istin- taqını apardığım müxtəlif cinayət işlərində ayrı-ayrı şəxslər onun barəsində ifadə veriblər. Bu ifadələr məndədir. Onları əldə etmək üçün istintaq sənədlərini saxtalaşdırmaq adı altında barəmdə cinayət işi başlamaqla məni həbs edəcəkdir.

Nəcəfov situasiyanın ağır olduğunu dərhal dəyərincə qiymətləndirdi. Eldar Həsənov “Azəravtoyol” dövlət şirkətində vitse-prezident vəzifəsində işləyən qardaşı Şahin Həsənov barəsində aparılan cinayət işinin istintaqına təzyiq göstərmək istəyirdi. Bu işin istintaqına o nəzarət edirdi. “Dostu” onu seçim qarşısında qoymaq niyyətindəydi.

– Əli, dərhal get, Prezidentin adına bir müraciət yaz gətir. Orada Eldar Həsənovun səni hansı məqsədlə həbs etmək istədiyini açıb göstər. Sənə iyirmi dəqiqə vaxt verirəm.

Əli çıxdı. İyirmi dəqiqə  keçməmiş iki vərəqlik müraciətlə geri qayıtdı. Nəcəfov müraciəti oxuyub zərfə qoydu və kabineti tərk etdi. On dəqiqədən sonra o, Prezidentin qəbul otağında idi. Prezidentin köməkçisi Tariyellə görüşdü.

–Tariyel müəllim, baxın, zərfin içində müraciət var. İndi siz onu ya özünüz Prezidentə təqdim edin, ya da cənab Prezidentə bildirin ki, məni qəbul etsin.

– Yaxşı, İsa müəllim. Bir neçə dəqiqə gözləyin.

Nəcəfov qəbul otağına qayıtdı. Texminən on dəqiqə keçmiş Tariyel qəbul otağına daxil oldu.

– İsa müəllim, prezident dedi ki, siz qayıdıb öz kabinetinizdə gözləyəsiniz. O, sizinlə danışacaq.

– Tariyel müəllim, sağ olun, – deyib o, Prezident Aparatını tərk etdi və prokurorluğa qayıtdı. Giriş qapısından içəri daxil olarkən növbətçi polis nəfəri ayağa qalxdı:

–İsa müəllim, Eldar müəllim sizi soruşurdu. Zəhmət olmasa, onunla əlaqə saxlayın.

– Yaxşı, sağ olun.

Pilləkənlə Baş prokurorun kabinetinə – ikinci mərtəbəyə qalxdı. Qəbul otağına daxil olarkən katibə:

– İsa müəllim, Eldar müəllim sizi gözləyir. İçəri keçə bilərsiniz, – dedi.

– Sağ olun.

O, qapını döyüb içəri keçdi. Eldar Həsənov iş masa- sının arxasında oturmuşdu. Gözləri yaşarmışdı. Birinci müavinini görcək qınayıcı və inkaredici bir tonla dedi:

–İsa müəllim, məgər mən Əlini həbs etmək istəyirəm?! Bunu sizə kim deyib?!

 

 

Mahiyyəti dəyişməyən dəyişiklik

 

… Tahir Kazımov artıq xeyli vaxt idi ki, Baş prokurorun qəbul otağında gözləyirdi. Hərdənbir Yeganə xanıma, ya da ki saatına baxırdı. Bununla vaxtını boş yerə sərf etdiyini katibəyə başa salmaq istəyirdi. Lakin katibədən heç nə asılı deyildi. Baş prokurorun yanında müşavirə gedirdi.

On dəqiqə sonra kabinetin qapısı açıldı. Baş prokurorun müavini vəzifəsini icra edən Nazim Allahverdiyev, istintaqa nəzarət idarəsinin rəisi Azər Vahabzadə və onun tanımadığı iki müstəntiq (qoltuqlarında cinayət işi qovluğu olduğundan onların müstəntiq olduqlarını müəyyən etmişdi) qəbul otağına daxil oldular. Tahir Kazımov ayağa qalxıb Allahverdiyev və digərləri ilə görüşdü. Müstəntiqlər tez qəbul otağını tərk edib dəhlizə çıxdılar. Liftdən bir qədər aralı dayanıb Allahverdiyevlə Vahabzadəni gözlədilər. Onlar Tahir Kazımovdan apardığı cinayət işinin istintaqının hansı vəziyyətdə olduğunu soruşdular.

– İşin istintaqı yekunlaşmaqdadır. İki-üç həftədən sonra başa çatdıracağıq. Bütün dindirmələr başa çatıb, təqsirli olan “omon”çular məsuliyyətə alınıb. Bir azdan ibtidai istintaqın bitməsini müqəssirlərə elan edəcəyik.

– Çox yaxşı, Tahir müəllim, bağışla, bizi gözləyirlər. İnşallah, dövlət çevrilişinə cəhdlə bağlı cinayət işlərinin istintaqı bitəndən sonra görüşüb söhbət edərik. Sizə uğurlar.

Nazim Allahverdiyev Tahir Kazımova əl verdi və  sağollaşıb ayrıldılar.

Təxminən 6-7 dəqiqə ötdü. Yeganə üçüncü dəfə Baş prokurorun selektoruna qoşulan telefonun dəstəyini götürdü. Üçüncü çağırışdan sonra Eldar Həsənovun “bəli” sözünü eşitdi.

– Eldar müəllim, Tahir Kazımov sizi gözləyir.

“Gəlsin”, – cavabını eşidən kimi artıq nəzərləri ona dikilmiş Kazımova başı ilə işarə edib: “İçəri keçin”, – dedi.

Tahir Kazımovun çöhrəsindən yorğunluq yağırdı. Ovurdları bir qədər batmışdı və hiss olunurdu ki, uzun müddət fiziki və psixoloji gərginlik mühitində olmuşdur.

Eldar müəllim həmişəki kimi zahiri görkəminə bir qədər nəşə qatdı. Sanki o, çoxdan ünsiyyətdə olmadığı, ona çox doğma və əziz bir adamını görürdü.

Masasının arxasından durub Kazımovu qarşıladı. Əl verib təbəssümlə onun gözlərinin içinə baxaraq:

–  Tahir müəllim, sizi görməyimə çox şadam, – dedi, – ə qardaş, başımız işə o qədər qarışıb ki, canım üçün, ancaq sizi yaddan çıxarmamışam. Danış görüm, işləriniz necədir. Düzdür, Xanlar Vəliyev tez-tez mənə sizin işləriniz barədə məlumat verir. Ancaq mən istərdim ki, Elçin Əmiraslanovla bağlı işin istintaqı barədə məlumatı sizin özünüzdən eşidim.

Baş prokurorla Kazımovun tanışlığının uzun bir ta- rixçəsi vardı. Lakin bu tarixçəni yada salmaq indi ona heç də əl verməzdi. Ona görə bugünkü söhbəti tez başa vurmaq üçün Kazımova oturmağı təklif edib kreslosuna əyləşdi.

–Tahir müəllim, ölkə Prezidentinin tapşırığına əsasən, Afiyəddin Cəlilovun qətli ilə bağlı başlanmış cinayət işinin istintaqının aparılması sizə tapşırılmışdır. Cinayəti tö- rədənlər artıq bizə məlumdur. Lakin istintaqı aparan Ələfsər Əliyev və onun kuratoru olan İsa Nəcəfov cinayəti törətmiş şəxslərin etirafedici ifadələrini almaqdan imtina edirlər. Ona görə mübahisəli məsələ ölkə Prezidentinin yanında müzakirə olunmuşdur. Müzakirə zamanı daxili işlər naziri Ramil Usubov cinayət işinin istintaqının sizə həvalə olunmasını təklif edərək bildirmişdir ki, iş üzrə Tahir Kazımovun istintaq aparması istintaqın keyfiyyətli və obyektiv olmasını təmin edəcək və hamı da onunla razılaşacaq. Prezident sizin şəxsiyyətiniz ilə maraqlanmış, ona məruzə olunmuşdur ki, dövlət çevrilişinə cəhdlə bağlı cinayət işlərinin istintaqını siz aparmısınız. Prezidentin sərəncamı ilə də təltif olunmusunuz. Bundan sonra qərara alınmışdır ki, cinayət işinin istin- taqının davam etdirilməsi sizə həvalə olunsun.

Eldar Həsənov sözünü bitirib onu diqqətlə dinləyən, yorğunluq içində olan Tahir Kazımova baxdı.

Böyrəyindəki daşdan əziyyət çəkən Kazımov sakitcə dedi:

– Eldar müəllim, siz özünüz də bilirsiniz ki, Qazax OMON-nun komandiri Elçin Əmiraslanovun və qeyrilərinin haqqında olan cinayət işinin istintaqını başa çatdırıram. Çox yorulmuşam. Ən azı on-on beş gün dincəlməliyəm. Sonra istintaqa başlaya bilərəm.

– Tahir müəllim, cinayət açılıb, necə deyərlər, “açılıb sandıq, tökülüb pambıq”, çox az iş qalıb. Fazil Muxtarovu özüm dinləmişəm. O, hər şeyi açıb tökdü, sadəcə onu bir də dindirmək lazımdır. Başqa zəruri istintaq hərəkətlərini də edib sonra dincələrsiniz.

– Yaxşı, Eldar müəllim. İstintaqa kim rəhbərlik edəcək?

– İsa Nəcəfov. İndi gedin kabinetinizə və gözləyin. Bir qədər sonra sizi dəvət edəcəyəm. İsa Nəcəfovla birlikdə bir daha bu məsələni müzakirə edəcəyik.

İki saatdan artıq idi ki, Kazımov kabinetində oturub Baş prokurorun göstərişini gözləyirdi. Ona görə də kabineti tərk edə bilmirdi.

“Həyatda ən pis hal kiminsə zəngini gözləməkdir,” – öz-özünə danışan Tahir düşündü. Prokurorluqda yaranmış vəziyyət onu da narahat edirdi. Cinayət işinin Əli Əliyevdən alınıb ona verilməsi də bu intriqanın nəticəsiydi. Prokurorluq elitar bir orqan kimi hüquq-mühafizə orqanları arasında xüsusi yer tuturdu. Lakin ictimai münasibətlərin, xüsusilə də mülkiyyət münasibətlərinin dəyişməsi prokurorluğun iş fəaliyyətinə, onun daxili, yazılmamış adətlərinə, həyati prinsiplərinə olduqca neqativ təsir göstərmişdi. Əməkdaşlar arasında birlik pozulmuş, peşə ideyalarını satanların sayı artmışdı. Bunun səbəblərindən biri də müstəqilliyin ilk illərindən başlayaraq indiyədək davam edən, lakin kökü kəsilməkdə olan mənəm-mənəmlik davasıydı. Qanunun aliliyi isə çox vaxt gözlənilmirdi. Prokurorluqda da işin həmahəngliyi hələ də bərpa olunmamışdı.

Telefon zəngi Tahir Kazımovun düşüncələrini yarımçıq qoydu. O, dəstəyi götürüb:

–  Eşidirəm ,– dedi.

– Tahir müəllim, sizi narahat edən Yeganə xanımdır. Eldar müəllim sizi gözləyir.

– Gəlirəm, – deyib dəstəyi yerinə qoydu.

Baş prokurorun qəbul otağına daxil olanda sabiq respublika hərbi prokuroru Rövşən Əliyevi orada gördü.

Katibə Kazımovu görən kimi:

– Tahir müəllim, İsa müəllim Eldar müəllimin yanındadır. Sizi gözləyirlər,- dedi.

Tahir Kazımov Rövşən Əliyevlə salamlaşıb kabinetə daxil oldu, salam verib dayandı.

– Tahir müəllim, buyurun əyləşin, biz də sizi gözləyirik.

Baş prokuror özünü elə aparırdı ki, sanki Tahir Kazımovu bu gün birinci dəfə görür. Onun bu hərəkəti Kazımovu heç də təəccübləndirmədi. Əməliyyat işçilərinin şəraitə uyğun rol oynamaları ona bəlliydi. İsa müəllim də bunu başa düşürdü. Hər halda, müstəntiq duyğusu və mühakiməsi əməliyyat işçisinin hisslərindən, əgər varsa, çox üstündür.

Baş Prokurorun İsa Nəcəfovla iş barəsində müzakirəsi onun gəlişindən sonra çox qisa müddətdə başa çatdı. Eldar Həsənov yalnız özünəməxsus bir ton və ifadə ilə sözə başladı:

–Tahir müəllim, Afiyəddin Cəlilovun öldürülməsinə dair cinayət işinin istintaqı zamanı İsa müəllimin rəhbərliyi altında çox işlər görülmüş, istintaqı aparan Əli Əliyev çox böyük əziyyət çəkmişdir. Lakin son zamanlar onunla əməliyyat işçiləri arasında münasibətlər kəskinləşmiş, cinayəti törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində görülə- cək işlərin həyata keçirilməsində problemlər yaranmışdır. Odur ki, qərara alınmışdır ki, işin istintaqının davam etdirilməsini sizə tapşıraq. İstintaqa rəhbərliyi yenə də İsa müəllim həyata keçirəcək. Tahir müəllim, siz təcili olaraq Fazil Muxtarovu dindirməlisiniz.

Baş prokuror tapşırığını izah edib dayandı və diqqətini Tahir Kazımovun çöhrəsində cəmləşdirdi.

–  Eldar müəllim, mən cinayət işinin materialları ilə tanış deyiləm. İş materialları ilə tanış olmadan, hadisənin baş verdiyi yerə təkrar baxış keçirmədən istintaq hərəkətləri- ni apara bilmərəm. İşi təhvil alıb, ən azı bir həftə ərzində onu öyrənməliyəm və hadisənin baş verdiyi yerə getməliyəm. Yalnız bundan sonra Fazil Muxtarovu dindirə bilərəm.

Bütün bunları seyr edən İsa Nəcəfov istintaqdan xə- bərsiz rəhbərinin, şəxsin cinayəti törətməsini etiraf etməsini başlıca sübut vasitəsi kimi və ya cinayətin açılması faktı kimi qəbul etməsinə heç də təəccüb etmədi. Bakı Baş Polis İdarəsinin cinayət-axtarış idarəsinin əməkdaşlarının səyi nə- ticəsində dövləti cinayətdə təqsirləndirilən və barəsində axtarış elan edilən Mahir Cavadovun yaxın adamı Rəhimov Elşən Cavanşir oğlundan Fazil Muxtarovun və digərlərinin Afiyəddin Cəlilovu və onun sürücüsünü qətlə yetirmələri barədə izahat alınmışdı. İzahatın əsasında həmin şəxs Əli Əliyev tərəfindən dindirilmişdi. Lakin Rəhimovun ifadəsi də izahatı kimi inandırıcı olmamışdı. Fazil Muxtarov Afi- yəddin Cəlilovu və onun sürücüsünü Elşən Rəhimovla bir- likdə qətlə yetirdiyini açıq etiraf etmişdi. Bu etiraflar həqiqətə uyğun olmadığına görə Fazil Muxtarova və digərlərinə ittiham elan edilməmişdi. Bu da polis əməkdaşlarını narazı salmışdı.

(Ardı var)