Baş redaktor Ramiz Mehdiyevin təkzibini təkzib saymadı: “Dediklərini belə az yazdıq”

114

“AMEA-nın Mətbuat və İnformasiya Xidmətinin bu məlumatına hörmətlə yanaşırıq”.

Bu sözləri “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin onlara verdiyi açıqlamanı təkzib etməsinə cavab olaraq Facebookda yazıb. Onun sözlərinə görə, məlumatdan da göründüyü kimi, akademik R.Mehdiyevin “Təzadlar”ın əməkdaşı ilə söhbəti inkar edilmir, hətta söhbət əsnasında akademikin bəzi şəxslərlə bağlı söylədiyi ittiham və məlumatları məlum yazımızda qeyd edilməyib, lakin Mətbuat və İnformasiya Xidmətinin məlumatında bu barədə bəhs edilir: “Nəhayət, Mətbuat və İnformasiya Xidməti də öz məlumatında diplomatik formada qeyd edir ki, “…bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməmişdir”. Bəli, biz də yazmışıq ki, razılaşmaya əsasən, akademik R.Mehdiyev yaxın günlərdə “Təzadlar”a müsahibə verəcək, yazmamışıq ki, müsahibə verib”.

A.Mərzili musavat.com-a açıqlamasında isə bildirdi ki, R.Mehdiyevin AMEA-nın saytında yazdığı təkzib yox, məlumatdır. Onun sözlərinə görə, saytda “Təzadlar” qəzeti əməkdaşının ona zəng etməsi inkar edilməyib: “Sadəcə bu açıqlama çox ajiotaj yaratdı, onun ətrafında yayınlar edildi. Eyni zamanda mətbuat onun daha öncə məhkəməyə verəcəyini dediyi adamlardan yenidən açıqlamalar aldı. Beləcə, məsələ daha da böyüdü. O, üstüörtülü, diplomatik şəkildə belə bir açıqlama vermək zərurəti hiss etdi. Amma onunla razılaşmışdıq ki, yaxın günlərdə müsahibəmiz baş tutacaq. Gələn həftənin bazar ertəsi, ya da çərşənbə axşamı günü bu müsahibə gerçəkləşməliydi”.

Müsahibimiz dedi ki, R.Mehdiyevlə 15-20 dəqiqə telefonla danışıq baş tutub: “Mənim yanımda əməkdaşımız Elçin Məmmədli zəng elədi, mən nömrəsini verdim. Orda qeyd edilir ki, şəhər telefonuna zəng etmişik. Amma biz onun mobil telefonuna zəng etdik. Dediklərini belə az yazdıq. Maksim Musayev və Fəzail Ağamalının da əleyhinə çox şeylər danışdı. Biz yazmadıqlarımızı da özləri açır. Mən onların məlumatına hörmətlə yanaşıram. Amma bu, təkzib deyil. “Ramiz Mehdiyev nə xarici, nə də ölkədaxili mətbuata müsahibə verib” deyirlər. Biz onsuz da onun bizə müsahibə verdiyini iddia etmədik ki”.

A.Mərzili dedi ki, iki gün əvvəl köməkçisinin şəhər telefonuna zəng edərək, R.Mehdiyevdən müsahibə istəyiblər: “Onda bizə deyildi ki, Ramiz müəllimə müsahibə istəyimiz çatdırılıb, bizə onun cavabını bildirəcəklər. Amma hər hansı cavab reaksiyası gəlmədiyi üçün biz də özümüz mobil nömrəsinə zəng etdik. Amma mətbuat bu xəbəri yanlış təqdim etdi və yazdı ki, “Təzadlar” Ramiz Mehdiyevdən müsahibə alıb. Halbuki o, müsahibə deyildi”.

A.Mərzili bildirib ki, bütün hallarda müsahibə vədi qüvvəsində qalır: “Çox güman ki, bu müsahibə baş tutacaq. Dünən elə söhbətimiz oldu ki, bu müsahibə baş tutmalıdır. Hətta özü müsahibənin bir həftə-on gün sonra olmasını istəmişdi. Biz israr edincə, gələn həftəyə razılaşdırdıq. Ümid edirəm ki, müsahibə gerçəkləşəcək və biz öz suallarımıza cavab tapacağıq”.

Musavat.com xatırladır ki, AMEA-nın mətbuat xidmətindən sentyabrın 10-da “Təzadlar” qəzetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya bu mətbu orqana müsahibə verdiyinə dair həqiqətə uyğun olmayan məlumat yayılıması ilə bağlı xəbər yayılıb. Qeyd olunub ki, sentyabrın 9-da həmin qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəyib.

“Öz növbəsində AMEA prezidenti siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirib. Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də deputat Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulayıb. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırıb”, – deyə AMEA-nın məlumatında qeyd olunub.

AMEA bir daha bəyan edib ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməyib:

“AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir”. \\Musavat