Baş infeksionist yoluxmanın artmasından DANIŞDI: “Arxayınlıq yaranmışdı”

36

Uzun müddətdir koronavirusa yoluxma sayında stabillik müşahidə edilsə də, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan statistikada 369 nəfərin COVID-19 testinin nəticələrinin pozitiv çıxdığı təsdiqlənib, virus aşkarlanan daha 4 nəfər vəfat edib.

Məsələ bağlı Modern.az-a açıqlama verən respublikanın baş infeksionisti Təyyar Eyvazov bildirib ki, koronavirusla yoluxma hallarının artımı gözlənilən idi:

“Buna hələ yay aylarında hazırlıq gedirdi. Əslində artımın özü yox, onun səviyyəsi bizi daha çox narahat etməlidir. Biz görürük ki, əhatə olunduğumuz ölkələrdə də bu, hələ bir qədər əvvəl baş verib.
Bu səbəbləri şərti olaraq iki qrupa ayırmaq olar.
Birinci qrup səbəblər təbiidir, yəni günəş şüalarının ekspozisiyasının azalması, havanın temperaturunun aşağı düşməsi və dəyişkən olması nəticəsində insanlar daha az hallarda açıq məkanlarda olurlar. Toplaşdığı bağlı yerlərdə təmaslar artır, otaqlarda soyuq olduğu üçün havalandırmaya riayət olunmur. Həmçinin, insanlar havaya uyğun düzgün geyim seçməkdə çətinlik çəkirlər, nəticədə tərləyirlər, soyuq havada yuxarı tənəffüs yollarının infeksiyalara qarşı müqavimətləri bir qədər zəifləyir.

İkinci qrup səbəblər isə bizim üçün daha əhəmiyyətlidir. Çünki bunlar korrektə oluna bilər və əhalinin davranışı ilə sıx bağlıdır. Yəni burada  qeyd olunan maskanın taxılmasıdır. Sosial məsafənin gözlənilməsi, təmasların azaldılması, respirator gigiyena qaydalarına əməl olunması, əllərin gigiyenası və s. Son zamanlar məhz bu qaydalara bir o qədər də ciddi riayət olunmur.
Qeyd olunduğu kimi neqativ dinamika izlənməkdədir. Bu özünü yoluxanların sayındakı artım və sağalanlarla nisbətdə üstünlük təşkil etməsi ilə özünü göstərir”.

Baş infeksionis hesab edir ki, proses nəzarət olunandır və istənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər:

“Bu qərarlar Operativ Qərərgah tərəfindən qəbul olunaraq tətbiq edilir. Mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb.
Hesab edirəm ki, son vaxtlarda yoluxanların sayının bir müddət az olması əhalidə arxayınlıq yaradıb. Maska taxanların sayı azalıb, əhali daha çox toplaşdığı yerlərdə sosial məsafə gözlənilmir. İctimai nəqliyyatda eyni hllar müşahidə olunur və s.

Buna görə də bir daha əhali ilə maarifləndirmə işləri aparılmalı və bu qaydalara əməl olunmasına nəzarət ciddiləşdirilməlidir. İnsanlarımıza müraciət edərək onu da çatdırmaq istərdim ki, bu qaydalara birgə əməl etməklə biz yoluxmaların sayını azalda bilərik və bu da bizim dövlətimizə bütün səyləri Qarabağ istiqamətində cəmləşdirməyə imkan verər.

Vətəndaşlar qeyd olunan qaydalara ciddi əməl etməli, təmasları, xüsusilə hərbicilərlə six təmasları minimuma endirməlidir. Özünü narahat edən insan müvafiq şikayətlər olarsa, tibbi yardım üçün vaxtında müraciət etməlidir.Başa düşmək lazımdır ki, Ordumuzun döyüş qabiliyyəti əsgər və zabitlərimizin sağlamlığından bilavasitə asılıdır. Bu baxımdan onlara maddi və mənəvi dəstək olaq və lakin koronavirusu unutmayaq”.