“Barselona” Messinin maaşını kəsir

90

İspaniyanın “Barselona” klubu kapitani Lionel Messiyə mövsümöncəsi təlim-məşq toplanışına qatılmayacağı təqdirdə intizam tədbirləri tətbiq edəcək.  

“Report”un məlumatına görə, bu barədə jurnalist Tankredi Palmeri “Twitter”də açıqlama verib. O, 33 yaşlı ulduz futbolçunun komandadan uzaq olduğu hər gün üçün maaşının kəsiləcəyini yazıb. Jurnalist bildirib ki, argentinalı hücumçu bir günə 110 min avro qazanır.

Daha əvvəl Messi komandanın PCR testinə qatılmayıb. O, məşqçilər korpusuna hazırlıq prosesinə qatılmayacağını bildirib. Avqustun 30-da Kataloniya təmsilçisinin oyunçuları məşqləri bərpa etməzdən öncə tibbi müayinədən keçməyə başlayıb.

“Mundo Deportivo” nəşri forvardın atası Xorxe Messinin klub prezidenti Xosep Bartomeu ilə görüşməyə hazırlaşdığını yazıb. Tərəflər arasındakı görüş sentyabrın 3-də gerçəkləşəcək. Funksioner təcrübəli forvardın komandada qalması üçün israr edəcək. X.Messi oğlunun yeni layihə axtarmaq istədiyini və klubdan ayrılmaq niyyətində olduğunu rəhbərliyə çatdırmaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messi “Barselona”dan ayrılmaq istəyir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlərdə 731 oyuna 634 qol və 285 məhsuldar ötürmə müəllifi olub.