«Banditizm» 10 ildir axtarılan Bəkir Okunu niyə tutub sonra buraxdı?-YENİLƏNDİ Xəbərin çap versiyasıTarix: 11/9/2020

120
Əli Əliyev: «Cənab Prezident! Mənim 22 min dollar pulumu mənimsəyən Türkiyə Cümhuriyyəti vətəndaşı 2 gün DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıldıqdan sonra müəmmalı şəkildə bruxılıb və o, sabah- sentyabrın 1-də çarter reysi ilə Türkiyəyə qaçırılır…»
Balakən rayonunun sakini Əli Vahid oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevə, surətləri: Azərbaycan Respublikasının
1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili
işlər naziri cənab Vilayət Eyvazova və “Təzadlar” qəzeti redaksiyasına olan şikayət məktubu yazıb. Aşağıda həmin şikayəti ixtisarla dərc edirik:
Çox hörmətli cənab Prezident!
Hörmətli cənablar!

Türkiyə Cümhuriyyətinin vətəndaşı Bəkir Ok Azərbaycanda çalışarkən bir sahibkar kimi mənə qarşı 2010-cu ildə mütəşəkkil dəlduzluq edərək məsuliyyətdən bu günə kimi yayınmışdır. Belə ki, o, guya o zamankı Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən rəsmi icazə (lisenziya) verilən “Star Ok” şirkətinin balansında olan “Balakən – Bakı” avtobus marşrut xəttinin satılması üçün məndən 22 min ABŞ dolları məbləğində nağd pul vəsaiti aldı. Mən avtobus sürücüsü olaraq, öz avtobusumla həmin marşrut üzrə Baləkən-Bakı marşrutu üzrə sərnişindaşıma ilə məşğul olmalı idim. Beləliklə, 3 gün işlədim, sonra müqavilə şərtlərimizə tamamilə uyğun olmayan bir şəraitdə mənə satılan bu marşurut xəttinin fəaliyyəti bəlli olmayan səbəbdən dayandırıldı. Mən dərhal Türkiyə Cümhuriyyətinin vətəndaşı Bəkir Oka dəfələrlə müraciət edərək «Xalq Bank»dan kredit formasında götürərək borca düşdüyümü, ödədiyim vəsaitin geri qaytarılmasını xahiş etdim. Çünki, razılaşdığımız kimi, həmin marşrut müqavilə və razılaşma əsasında mənə satılmışdı. Lakin o, dəfələrlə müxtəlif bəhanələrlə vaxtı uzatdı, pulu qaytarmadı. Daha sonra o, guya həmin vəsaitin babasında (yəni atasında) olduğunu deyərək yenə vaxt qazanmaqla məşğul oldu. Hansısa qanunsuz əməllərinə görə o, hətta Azərbaycandan deport olunmuşdu, sonra hansısa yollarla ölkəmizə qayıtdı. Mənim davamlı müraciətimə əhəmiyyət vermədiyinə görə məcbur olub Türkiyə Cümhuriyyətinin vətəndaşı Bəkir Ok barədə Azərbaycanın hüquq-mühafizə orqanlarına, bu sırada DİN, Baş Prokurluq və başqa dövlət qurumlarına müntəzəm rəsmi yazılı şikayətlər etməli oldum. Bu günədək isə məsələ həllini tapmayıb. Mənimlə birlikdə beş nəfər əməkdaşım da bu əmələ görə hazırda işsiz qalmış, borc-xərc içində yaşamağa məcbur olmuşuq.
Nəhayət, rəsmi orqanlara fasiləsiz müraciətlərdən sonra, iki ay bundan əvvəl Türkiyə Cümhuriyyətinin vətəndaşı Bəkir Ok üstümə kriminal avtoritetləri göndərdi, onlar isə öz növbələrində məni ölümlə hədələyirdilər ki, bu pulu tələb etməyim. Mən artıq məcbur olub DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəsmilərinə şikayət etdim. Şikayətim əsasında 17 avqust 2020-ci il tarixində DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları həmin avtoritetləri və Bəkir Oku həbs etdi. Məni də Baş İdarəyə dəvət etdilər, dindirdilər, ifadəmi aldılar, digər sübutlarımı təqdim etdim. Bəkir Okun qanunsuz əməlləri və məni hədələtdirməsi ilə bağlı əlimdə maddi sübutlar, ərizələr, müraciətlər, səs yazıları, sosial şəbəkə və Vatsap yazışmaları vardır, istənilən rəsmi qurumun tələbi ilə onların surətlərini təqdim edə bilərəm. Lakin sonradan məlum oldu ki, onu 2 gün saxlayıb buraxıblar.
Cənab Prezident!
Bəkir Okun mənim külli miqdarda pulumu ələ keçirməsi bəs deyil, Azərbaycanda bu qanunsuz əməlini sığortalamaq üçün avtoritetlərdən istifadə də edir. Həyatıma olan təhdidlər və mütəşəkkil dəstənin dələdüzluq hərəkətləri mənim və anamın sağlamlığında böyük fəsadlar yaratmışdır, hər ikimiz 1 qrup əlil olaraq canımızın hayındayıq.
Hazırda bu cinayət işi Abşeron Rayon Polis İdarəsində baxılır, iş Zamiq adlı müstəntiq tərəfindən araşdırılır. Bu gün məlumat aldım ki, əməlinə görə istintaq altında olan Türkiyə Cümhuriyyətinin vətəndaşı Bəkir Ok müraciətlərimin ciddiliyini nəzərə alıb Azərbaycandan qaçmaq istəyir və sentyabrın 1-də təyyarə bileti alaraq respublikamızdan xaric olmasını planlaşdırır. Xahiş edirəm, bu məsələ həll olunmamış, onun ölkəmizdən qaçmasının qarşısı alınsın və onun ölkədən çıxışına qadağa qoyulsun, barəsində həbs qətimkan tədbiri seçilsin.
Mən Prezidentimizə və dövlətimizə, qanunlarımızın ədalətinə inanıram və yaxın vaxtlarda bu problemin öz həlli tapacağına, qanunsuz əməl sahiblərinin cəzalandırılacağına əminəm.
Hörmətlə:
Balakən rayon sakini Əli Vahid oğlu Əliyev

Redaksiyadan: şikayətçi Əli Vahid oğlu Əliyev bu gün redaksiyamızda oldu, ona hüquqları izah edildi. O, DİN-nin 102 xidmətinə də zəng vuraraq Bəkir Okun sabah müstəntiqin qərarı olmadan Azərbaycanı tərk etməyə hazırlaşdığı barədə məlumat verdiyini söylədi. Biz də inanırıq ki, dələduzluqla qarşılaşmış Ə.Əliyevin haqqı özünə qaytarılacaq.
«Təzadlar»