“Bakıya gələn idmançılardan arayış tələb edəcəyik” – Çingiz Hüseynzadə

6

"Beynəlxalq Olimpiya Komitəsinin dünən və bu gün iclası olub. Orada koronavirus məsələsinə də baxılıb. Tokio Yay Olimpiya Oyunları barədə təxirəsalma olmayacaq, olimpiadanın azarkeşsiz keçirilməsi nəzərdə tutulmur. Hər şey nəzarət altındadır. Olimpiada nəzərdə tutulmuş qaydada keçiriləcək. Heç bir dəyişiklik olmayacaq".

Bu fikirləri jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, bir sıra yarışların təxirə salınmasının idmançıların hazırlıq planına təsir etməsinə də münasibət bildirib: "Belə məsələlər idmançılara təsir edəcək. Bu, nə bizdən, nə də başqa şəxslərdən asılıdır. Ona görə də yarışlardan hansısa təxirə salına və ya daha təhlükəsiz yerlərə keçirilə bilər. Amma bunların hamısı baş tutacaq. Nəzərdə tutulmuş bütün tədbirlər keçiriləcək".

MOK rəsmisi koronavirusun geniş yayıldığı İtaliyanın idmançılarının martda Bakıda keçiriləcək karate üzrə Avropa çempionatında iştirakı barədə də fikirlərini bölüşüb: "Bakıya gələn hər bir insan yoxlanılacaq. Hər bir insandan tələb edəcəyik ki, sağlamlıq haqqında arayışla gəlsinlər. Sərhəddə hamı yoxlanılacaq. Bu idmançı sağlamdırsa, yarışa qatılacaq. Sağlam deyilsə, hansısa şübhəli məqam varsa, ya geri qaytarılacaq, ya da karantində saxlanılacaq. Bu bizim istəyimiz deyil, Dünya Səhiyyə Təşkilatının tələbidir"./report/