BAKIYA 350 KİLO DOPİNQ GƏTİRİLDİ

    3

    Misir mətbuatı yerli Ağır atletika Federasiyasının nümayəndələri tərəfindən həyata keçirilmiş nəhəng maxinasiyalar barədə söhbət açır.

    Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, ahram.org saytının ifşaedici məqalələrində misirli idmançıların aprelin 20-dən mayın 10-na kimi təlim toplanışı keçirdiyi Azərbaycanın da adı hallanır.

    Bakıdakı üç həftəlik təlim-məşq toplanışından qayıdarkən Misir yığması Qahirəyə külli miqdarda qida əlavələri, stimulyator və digər preparatlar gətirib. Misir nəşri idmançıların bu işini “əsrin sövdələşməsi” adlandırıb.

    Əhvalatın başlanğıcı ötən ilin iyul ayına gedib çıxır – o vaxt Qahirənin beynəlxalq hava limanına Misir yığma komandasının formasını geymiş bir qrup şəxs gəlmişdi. Onlar Dubaydan gəlmişdilər və özləri ilə “idman qidası” gətirmişdilər.

    Qahirədə gömrükdə bu şəxslər bildirmişdilər ki, Misir Paralimpiya Komitəsinin ağırlıqqaldıranlarıdır. Lakin gömrükçülərin telefon zənginə cavab olaraq, komitədən bildirilmişdi ki, onların nümayəndələri Dubaya getməyiblər. Nəticədə, malı hava limanından keçirməyə icazə vermədilər. Böyük məbləğdə cərimə təyin olunmuşdu ki, həmin pulu ödədikdən sonra həbs edilmiş malı Misirdən çıxarmaq olardı.

    Ahram.org yazır ki, Misir yığma komandasının ağırlıqqaldıranlarının xidmətlərindən istifadə etmək qərara alındı – onlar iyun ayında keçiriləcək Aralıq dənizi Oyunlarına hazırlaşmaq üçün 25 idmançı qrupu şəklində Bakıya təlim-məşq toplanışına yollanmalı idilər. Plana əsasən, cərimə ödənildikdən sonra Qahirə hava limanında sövdələşmənin iştirakçılarından biri malı məşqçilərdən birinə ötürməli, o isə öz növbəsində preparatları Qahirə-İstanbul-Bakı reysi ilə uçan idmançıların çamadanlarına və əl çantalarına bölüşdürməli idi. Tabletlərin olduğu cəmi 15 çanta vardı. Bir çox ağırlıqqaldıranlar onlardan çantalarında bu maddələrin keçirilməsi xahişinə möhkəm təəccüblənmişdilər. Bəziləri hətta məşqçinin təklifinə rədd cavabı vermişdi.

    Qeyd etmək lazımdır ki, hər hansı səfərə, yaxud uzunmüddətli toplanışa yollanan ağırlıqqaldıranlar hər zaman özləri ilə dərman aparırlar. Cinayətkarların məntiqi üzrə milli komandanın aralarında Olimpiada və dünya çempionatlarının mükafatçıları olan üzvlərini nə Bakıda, nə də qayıdarkən Qahirədə heç kim ciddi şəkildə yoxlamayacaq. Beləliklə, aprelin 20-də preparatlar Bakıya gətirilib və mayın 10-da heç bir problem olmadan Misirin paytaxtına qaytarılıb.

    Bildirildiyinə görə, malın ümumi çəkisi 350 kiloqramdan artıq olub, onun satışından əldə olunacaq gəlir isə dəyərinin 400-500 faizi həcmindədir.

    Azərbaycan Ağır atletika Federasiyasından virtualaz.org-a bildirildiyinə görə, Misir mətbuatının yazdıqlarından bixəbərdirlər.

    “Misir yığması Bakıda üç həftəlik toplanış keçirib və Azərbaycanı tərk edib. Misirlilərin öz gömrükləri ilə hansı problemlərinin olması barədə məlumatımız yoxdur”, – Federasiyanın mətbuat xidmətindən bildiriblər və əlavə ediblər ki, ərəb ağırlıqqaldıranları müntəzəm olaraq Azərbaycana təlim-məşq toplanışlarına gəlirlər. Yaxın zamanlarda Mərakeş, Oman və Səudiyyə Ərəbistanından ağırlıqqaldıranların gəlişi gözlənilir. Ərəb idmançılarını Azərbaycana gətirən burada təklif edilən qiymətlər, şərait və iqlimdir.